Niger Fransadan qurtulacaqmı?

post-img

Niger ordusunun hərbi bölmələri Niameydəki Fransa bazasına göndərilib. Bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb. Mənbə fransız qoşunlarının bazanı tərk etməməsi ilə bağlı məlumatı da təsdiqləyib.

Avqustun əvvəlində məlum olub ki, Nigerdə hakimiyyətə gələn üsyançılar Fransa ordusunun ölkədə yerləşdirilməsi ilə bağlı razılaşmaları pisləyib və fransız hərbçilərinin ölkədən çıxarılmasını tələb ediblər. Fransa isə bu tələbi qəbul et­məyib. Bunu Nigerin keçmiş hakimiyyət orqanları ilə ordunun yerləşdirilməsinə dair bağlanmış sazişlərlə əlaqələndirib.

Bu günlərdə isə Nigerin Ali Məh­kəməsi Fransa səfiri Silven İtteni diplo­matik toxunulmazlıqdan məhrum edib və onun ölkədən qovulmasını tələb edib. Nigerin daxili işlər naziri isə Fransa səfiri Silven İtteni vizadan məhrum edib. Sənə­də əsasən səfir avqustun 28-dək ölkəni tərk etməli idi. 

Beşinci respublikanın xarici işlər na­ziri Ketrin Kolonna bildirib ki, onlar heç bir legitimliyi olmayan nazirin göstərişlə­rinə tabe olmaq məcburiyyətində deyillər: “Üsyançıların səfirin ölkəni tərk etməsini tələb etmək hüququ yoxdur, çünki razı­lıq Nigerin müstəsna qanuni hakimiyyəti tərəfindən verilib. 

Fransanın rəsmi Niameyin tələblərini yerinə yetirməməsi isə etiraz aksiyaları­na səbəb olub. Hər gün həm səfirliyin, həm də hərbi bazanın yaxınlığında etiraz aksiyaları keçirilir. Minlərlə insan iyulun sonunda hakimiyyətə gələn hərbçilərin tələbinə uyğun olaraq Fransa qoşunla­rının və səfirinin ölkədən çıxarılmasını tələb edirlər. Hazırda Niameydə 1500-ə yaxın fransız əsgəri var. 

Bu arada Qərbi Afrika İqtisadi Birliyi (ECOWAS) Nigerdəki vəziyyətlə əlaqə­dar bu ölkəyə hərbi müdaxiləyə hazır­laşır. Bu barədə respublikanın devrilmiş prezidenti Məhəmməd Bazum hökuməti­nin xarici işlər nazirliyinin rəhbəri Asumi Məsudu LCI telekanalının efirində bildi­rib: “İqtisadi Birliyin planı həyata keçirilir: sanksiyalar öz təsirini göstərməyə başla­yır. Hərbi müdaxiləyə hazırlıq tam sürətlə davam edir. Xuntanın hakimiyyətdə necə qala biləcəyini başa düşmürəm. Bu, Ni­gerə qarşı müharibə deyil, prezident Bazumun hakimiyyətini bərpa etmək məqsədi daşıyan əməliyyatdır”.

P.ƏFƏNDİYEV, XQ

Dünya