“Biz Kərkükü dinc yanaşı yaşama mədəniyyətinin simvolu kimi görürük”. Bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Tehranda iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşündən sonra təşkil edilən birgə mətbuat konfransında söyləyib.
Fidan əlavə edib ki, İraqın Baş naziri Məhəmməd Şia əl-Sudaninin rəhbərliyi ilə qurulan hökumət ölkəyə sabitlik gətirib: “Biz onun və hökumətinin infrastrukturun yenidən qurulması və investisiyaların cəlb edilməsi sahəsində göstərdiyi səyləri dəstəkləyirik. Bunun İraqın bugünü və gələcəyi üçün nə qədər vacib olduğunu anlayırıq. Belə bir dönəmdə İraqın əsas və təməl ünsürlərindən biri olan türkman soydaşlarımızın vətəni olan Kərkükdə insan ölümünə yol açan gərginliyin yaranmasına kədər və böyük narahatlıqla baxırıq”.
Bu cür gərginliyin qarşısının alınmasının zəruriliyi ilə bağlı fikirlərin əvvəllər də İraq hakimiyyətinə bildirildiyini vurğulayan Türkiyə xarici işlər naziri deyib:
“Biz İraq hakimiyyətindən PKK-nın şəhərdə son vaxtlar artan varlığına son qoymasını tələb edirik. Kərkük böyük iztirablara və qırğınlara məruz qalmış qədim şəhərdir. Hesab edirik ki, bu şəhərdə həssas sosial tarazlığı qorumaq üçün təmsilçilik və idarəetmə məsələlərində bütün sosial təbəqələr bərabər şəkildə təmsil olunmalıdır. Biz bu formulun tərəfdarıyıq. Türkman soydaşlarımızın hüquq və mənafelərinin qorunması bizim İraqla bağlı siyasətimizin əsas prinsiplərindən biridir. Bundan sonra da türkmanların hüquqlarının siyasi intriqalara mövzu olmasına qarşı çıxacağıq və onları bütün sahələrdə dəstəkləyəcəyik”.
Xatırladaq ki, son vaxtlar PKK terror təşkilatı İraqda fəallaşıb. Onların türkmanlara qarşı hücumlar təşkil edəcəyi ilə bağlı məlumatlar yayılıb. İraq Türkmən Cəbhəsinin (İTC) sözçüsü Məhəmməd Saman məsələ ilə bağlı Anadolu agentliyinə danışıb. M.Saman PKK-nın türkman məmurlara və siyasi partiya binalarına hücum edə biləcəyi ilə bağlı İraq kəşfiyyat bölməsindən xəbərdarlıq aldıqlarını təsdiqləyib.
Gərginliyin yaranmasına digər səbəb isə İraq hökumətinin Kərkükdə qərargah binasını KDP-yə (Kürdüstan Demokratik Partiyası) verilməsidir. Bu qərar türkmanlar tərəfindən böyük etirazla qarşılanıb. Onların qətiyyətli etirazından sonra şəhərdə yaşayan kürdlər təhlükəsizlik qüvvələrinə hücum ediblər. Kürd məhəllələrində yaşayan azı 40 nəfər İraq təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Hazırda İraq ordusu şəhərin kürdlər yaşayan rayonlarına tam nəzarət edir. Şəhərin məhəllələrində İraqın antiterror xidmətinin qüvvələri yerləşdirilib.
Ə.PÜNHAN, XQ