Dünya şöhrətli alim, Vətən sevdalı soydaş

post-img

Müsahibimiz Türkiyənin Bilkənd Universitetinin professoru Əmirulla Məmmədovdur

Azərbaycan və Türkiyə əsrlər boyu ortaq dəyərlər üzərində inkişaf etmiş, sevincini birlikdə paylaşmış, dar gündə bir-birinə dəstək olmuşdur. Ümummilli lider Heydər Əliyevin dediyi kimi, bizim günlərdə isə xalqlarımız ən yüksək səviyyədə yaxınlaşaraq, bütövləşərək "bir millət, iki dövlət" olmuşlar. 

Türkiyə və Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətləri əbə­di olduğu qədər də sarsılmazdır. İndi həmsöhbət olduğumuz Əmirulla Məm­mədov bu birliyi yaşadan və inkişaf etdirən ictimai fəallardan biri olmaqla, həm də hər iki ölkədə seçilən ziyalı­lardandır. Soydaşımız ömrünün 50 ilini Azərbaycandan kənarda yaşasa da bütün varlığı ilə xalqına, torpağına bağlı olub. 

Qısaca olaraq onu belə təqdim etmək olar: Fizika-riyaziyyat elmləri doktoru, Türkiyənin məşhur Bilkənd Universitetinin professoru, Nanotex­nologiya Elmi Mərkəzinin baş elmi iş­çisidir. Ölkəmizdə isə Dövlət Mükafatı laureatı olması, Əməkdar elm xadimi adına layiq görülməsi, “Dostluq” orde­ni ilə təltif edilməsi ilə seçilir. Keçən il Azərbaycan Prezidentinin sərənca­mı ilə Türkiyə – Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) Qəyumlar Şurasının üzvü və sədr müavini təyin edilib. 

Əmirulla Məmmədov Azərbaycan­da və bir sıra xarici ölkələrdə ferroelekt­riklər fizikası, vakuum ultra-bənövşəyi spektroskopiyası, qeyri-xətti optika və nanotexnologiya sahələrində elmi tədqiqatları ilə məşhurdur. O, ölkəmiz­də və Türkiyədə bu sahələrdə apardığı elmi işlərdə ciddi uğurlar qazanıb, elmi məktəblərin təməllərini qoyub. 30-dan çox elmlər namizədi, elmlər doktoru və professor yetişdirib. Tələbələri bir çox ölkələrdə, eləcə də BDU-da elmi araş­dırmalarla məşğul olurlar. 

Dünyanın nüfuzlu elmi jurnalların­da 350-dən çox məqaləsi çap olunub, 50-dən çox beynəlxalq konfransda məruzələrlə çıxış edib. Alimin araş­dırmalarının nəticələri fizika elminin müvafiq sahələrində və müdafiə səna­yesində geniş tətbiq olunur. BDU-da görkəmli alimlə keçirilən son görüşdə rektor Elçin Babayev bildirib ki, Əmi­rulla müəllim Azərbaycan elminin, elə­cə də BDU-nun fəxridir. Soydaşımız Türkiyədə yaşamasına və çalışmasına baxmayaraq, elmi məqalə və nəşrlərin­də hər zaman ali təhsil aldığı, ilk elmi tədqiqatla məşğul olduğu, doğma mü­nasibət bəslədiyi universitetin adını daim qeyd edir və alimlərimiz ilə da­vamlı ünsiyyətdədir.

Əmirulla müəllim bugünlərdə re­daksiyamızın qonağı oldu, Xalq TV-nin suallarını cavablandırdı. Həmin müsa­hibəni yığcam şəkildə qəzetimizin oxu­cularına təqdim edirik. 

– Professor, gəlin həyat yolunu­za qısaca nəzər salaq... 

– Bakıda doğulmuşam – Fatmayı kəndində. Bakı Dövlət Universitetinin, o vaxtlar Azərbaycan Dövlət Universi­teti adlanırdı, fizika fakültəsinin məzu­nuyam. Elmi fəaliyyətim də bu təhsil ocağı ilə bağlıdır. Harada olmağımdan asılı olmayaraq BDU mənim üçün bu gün də ən əziz və doğma bir məkandır. Sonrakı fəaliyyətim Rusiyanın Leninq­rad (indiki Sankt-Peterburq), Ameri­kanın Koliforniya ştatında olub. Qeyd edim ki, bu dövrdə Los-Anceles şəhə­rində yerləşən Koliforniya Texnoloji və Stenferd Universiteti kimi təhsil oçaq­larından dəvət alıb mühazirələr oxu­muşam. Sonra Yaponiyadan aldığım dəvət məni yenidən bir neçə il Bakıdan ayırıb. 

– Sovet dövlətinin dəmir hasarlar dövründə xaricə getməyiniz necə mümkün oldu?

– Açığı, bunlara bir tale işi kimi baxıram və hesab edirəm ki, bu, xeyli dərəcədə təsadüflərlə bağlıdır. 70-ci illərin əvvəlində xaricdə keçirilən bir elmi konfransa dəvət aldım, məruzəm ciddi marağa səbəb olmuşdu. Ameri­kalı alimlər isə mənimlə daha yaxından maraqlandılar, sonra məni ölkələrinə dəvət etdilər. Sonradan bildim ki, onlar Amerikanın Müdafiə Sənayesində ça­lışan alimlər imiş. Amma 1972-ci ildə edilən dəvətə 5 il sonra icazə verildi. Ən son mərhələdə Azərbaycan KP MK-nın Büro iclasında xaricə getmə­yimə icazə verildi.

İş yerim Amerikanın Kaliforniya ştatındakı Dənizaltı Silah Araşdırma Mərkəzinin Maykenson laboratoriya­sı oldu. Müqavilə vaxtı bitən ərəfə­də Yaponiyadan, bu ölkənin müdafiə sənayesində önəmli yer tutan Nipen elektronika şirkətindən dəvət aldım. Səfirliyə müraciətim etirazla qarşılan­dı və bunun da bəlli səbəbləri var idi. Amma şükürlər olsun ki, ciddi təkid­lərdən sonra icazə verildi. 80-ci illərin əvvəllərində, xüsusən də sovet rəhbəri Leonid Brejnevin ölümündən sonra isə ölkədə ab-hava xeyli dəyişdi. Ya­poniyadan sonra İtaliyada fəaliyyətimi davam etdirdim, Portuqaliya ilə elmi əlaqələrim quruldu.

– Sonda isə Türkiyə. Bu necə oldu?

– Bu da bir xoşbəxt təsadüf idi. Romada küçədə bir insanla tanışlığım taleyimin sonrakı hissəsini Türkiyə ilə bağladı. Türk dünyasına və türkçülü­yə böyük xidmətləri ilə imza atan, türk sevdalı professor Turan Yazqanla, qəbri nurla dolsun, təsadüfi bir tanış­lıq məni Türkiyəyə gətirdi və indiyədək Türkiyəyə bağlandım. İstanbul Texniki Universiteti, Adana Çukurova Universi­teti, sonra isə Bilkənd Universitetində çalışdım. Eyni zamanda, Türkiyənin Müdafiə Nazirliyinin Strateji Mərkə­zində və qardaş ölkənin müdafiə sə­nayesində xüsusi yeri olan “Aselsan” şirkətində fəaliyyətim davam etdi. Bəlli yaşdan sonra dövlət təqaüdündə ol­sam da elmi fəaliyyətim davam edir. Bilkənd Universitetinin professoru və Nanotexnologiya Elmi Mərkəzinin baş elmi işçisiyəm.

– Azərbaycan cəmiyyəti sizi həm də fəal ictimai xadim kimi tanıyır. Mətbuatda dərc edilən çoxsaylı mü­sahibələriniz, elə son vaxtlar bizim qəzetə verdiyiniz siyasi şərhlər də bunu təsdiqləyir.

– Mən elm adamı olsam da cəmiy­yətə həmişə açıq olmuşam. Xüsusən də, doğma Azərbaycanda baş verən­lər, Vətənə qarşı haqsızlıqlar bir insan kimi məni həmişə ciddi narahat edib. O vaxtlar bizim güclü bir diaspor qurumu­muz olmasa da, öz təşşəbbüslərimizlə bəzi işlər görməyə cəhd etdik. Keçən əsrin 80-ci illərin sonunda Elçin Əfən­diyevin rəhbərliyi ilə qurulan “Vətən” Cəmiyyəti isə xaricdə yaşayan azər­baycanlılar üçün xoş bir müjdə idi. Fəa­liyyətlərimiz genişləndi. 

İlk dəfə Adana və Çukurova bələ­diyyələrinin dəstəyi ilə Xocalı soyqırı­mını tanıdan tədbir keçirdik. Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti­nin bəhrəsi olaraq qurulan Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə daha önəmli işlərin aparılmasına imkan ya­ratdı. Fəxr hissi ilə deyə bilərəm ki, bu qurumun fəaliyyətində yaxından iştirak edənlərdən oldum, bütün qurultayları­nın nümayəndəsi oldum. 

Türkiyədə isə bir xeyriyyə cəmiyyə­ti yaratmaq istədim, adını da seçdim: Heydər Əliyev adına Xeyriyyə Fondu. Düzdür, onda Türkiyədə fəaliyyətdə olan dərnəklərin sayı-hesabı yox idi, o cümlədən Azərbaycanla bağlı çoxsay­lı dərnəklər yaradılmışdı. Ermənilərin bu gün də fəaliyyət göstərən və mad­di dəstəkləri kifayət qədər zəngin olan 70-dən çox xeyriyyə fondları olsa da , azərbaycanlıların bir xeyriyyə cəmiyyə­ti yox idi. Xeyriyyə fondu yaratmaq istə­diyimi Azərbaycanın dövlət qurumları­na və əlaqədar təşkilatlara bildirdim. Az keçməmiş cavab gəldi ki, Ankarada İhsan Doğramacı 90-cı illərin sonunda belə bir qurum yaradıb. 

Ulu öndər Heydər Əliyevin dəyərli dostlarından olan, dünyanın 200-dən çox beynəlxalq mükafatı və ordeni, həmçinin Azərbaycanın ali mükafatla­rı – “İstiqlal” ordeni (2000) və “Heydər Əliyev” ordeni (2005) ilə təltif olun­muş İhsan bəy Azərbaycan səfirliyi­nin yanında yer alıb bina tikdirmiş və Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunu (TADİV) Heydər Əliyevin xeyir-duası ilə yaradıbmış. İhsan bəyin ölümündən sonra fond bir müddət fəaliyyətsiz qalmışdı. Sonra­dan dövlətimiz bu quruma sahib çıxdı və fond fəaliyyətini bərpa etdi.

– Yəqin o vaxtdan ictimai-siyasi fəaliyyətinizi bu qurumla bağladı­nız...

– Bəli, fond fəaliyyətini bərpa edən­dən sonra mənə də dəvət gəldi. Həm İdarə heyətinə, həm də fondun Qəy­yumlar Şurasına üzv seçildim. Az son­ra işlərin çoxluğunu və yaş etibari ilə də gənclərin önə çəkilməsini vacib hesab edərək yalnız Qəyyumlar Şurasında təmsil olunmağa qərar verdim. Fondun rəhbəri isə Azərbaycan xalqının ye­tişdirməsi olan, dəyərli elm və siyasət adamı, həm də xeyli gənc olan Aygün xanım Attar seçildi. Fondun həm Qə­yumlar Şurasında, həm də İdarə hey­yətində kifayət qədər hörmətli adamlar təmsil olunur. Azərbaycanın Türkiyə­dəki səfiri də bu heyətin üzvüdür. Qə­yumlar Şurasında sevimli dostumuz Şamil Ayrım da təmsil olunur. Uzun illər TBMM-də Türkiyə – Azərbaycan Parla­mentlərarası dostluq qrupunun rəhbəri, indi Ankara Universitetinin rektoru olan Nejdət Ünivar fondun Qəyyumlar Şura­sının üzvləri sırasındadır.

– Üzləşdiyiniz hansısa çətinliklər varmı?

– Bəzi maddi sıxıntılar olsa belə fəaliyyətimizi zamanın tələbləri əsa­sında qurmağa çalışırıq. Azərbaycan dövlətinin və Diasporla İş üzrə Dövlət Komitəsinin yardım və köməyini daim hiss edirik. Fondun yeni bir bölmə­si yaradıldı ki, həm Türkiyəyə gələn azərbaycanlılara kömək olsun, həm də bəzi cari işlərin xərclərini ödəmək üçün vəsait qazanılsın. Əsas məqsədi adamlara kömək olan bu bölmə müəy­yən qazanc da gətirmək imkanındadır. Bizim, xaricdə yaşayan azərbaycanlı­ları birləşdirən müqəddəs bir amacımız var: hər zaman Azərbaycana arxa dur­maq, üçrəngli bayrağımızı daha uca zirvələrə qaldırmaq! 

– Xaricdən baxanda Azərbaycan necə görünür? 

– Əslində, bu mənə son vaxtlar tez-tez verilən suallardandır. Şükürlər ol­sun ki, əvvəlki illərdən fərqli olaraq indi çox qürurla və həvəslə cavablandırmaq imkanım var. Son dövrlərdə baş verən­lər – Azərbaycanın böyük Zəfərlə ye­kunlaşdırdığı 44 günlük Vətən mühari­bəsi, işğaldan azad olunmuş ərazilərdə ölkəmizin postmüharibə mərhələsində start verdiyi bərpa işləri, tarixi Şuşa Bə­yannaməsinin imzalanması bu qüruru və güvənci daha da artırır. 

Eyni zamanda, Azərbaycanla Tür­kiyənin bir-birinə necə möhkəm tellərlə bağlı olduqlarını bütün dünyaya göstə­rir. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ər­doğanın 2021-ci il iyunun 15-də Şuşa­da imzaladıqları Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu və sarsıl­maz birliyimizi bütün dünyaya nümayiş etdirən bir mesaj oldu.

İkinci Qarabağ müharibəsi Cənubi Qafqazdakı və qonşu ölkələrdəki və­ziyyəti tamamilə dəyişdi. Azərbaycan Ordusunun müzəffər yürüşü regionun iqtisadi və mədəni inkişafı üçün zəmin yaratdı. İşğala son qoyulduqdan sonra regionun çiçəklənən bölgəyə çevrilmə­si üçün fövqəl işlərə başlanıldı. Azər­baycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsindəki qələbədə həlledici rol oynadı, müasir müharibədə yüksək səviyyə və geniş baxış bucağı nümayiş etdirdi. Azərbay­can Silahlı Qüvvələrinin, həm də ölkə­nin müdafiə sənayesinin inkişaf etdiril­məsi istiqamətində böyük işlər görülüb və görülməkdədir.

Azərbaycan hazırda Qafqazın he­gemon dövləti olmaqla, həm də re­gionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlə­rin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi üçün təşəbbüs­lərin icraçısıdır. Yaxşı olardı ki, dünya bu reallıqları daha tez qəbul etsin.

– Maraqlı müsahibə üçün çox sağ olun.

Söhbəti hazırladı:
Namiq ƏHMƏDOV,
“Xalq qəzeti”

Müsahibə