Xəbər verdiyimiz kimi, ötən günlərdə ölkəmizin qonağı olmuş tanınmış türkoloq, Türkiyənin İzmir şəhərindəki Egey Universiteti Türk Dünyası Araşdırmaları İnstitutunun yaradıcısı, professor Fikrət Türkmənlə redaksiyamızda görüşüb müsahib olmuşduq. Qardaş ölkədə həmişə “Can Azərbycan!” deyənlərin ön sırasında olmuş böyük dostumuzla söhbətimizin bir önəmli mövzusu da tarixdən gələn Turan mənəvi ortaqlığından çağdaş Türk Dövlətləri Təşkilatına uzanan yolun gerçəkləri və hədəfləri olmuşdu. Uzman araşdırmaçı ilə II müsahibəni də oxucularımıza təqdim edirik.
– Fikrət bəy, necə deyərlər, göydə axtardığımız vaxt yerdə əlimizə düşmüsünüz. Görüşləriniz çox, vaxtınız az olsa da, ölkələrimizdə gündəm təşkil edən, üstün mövzu sayılan Turan sevdamızdan da danışaq. Türk dövlətləri birliyinin aktual yönlərinə nəzər salaq. Sohbətimizə ulu öndər Heydər Əliyevin sözləri ilə başlayaq: Biz bir kökdənik, birdilli xalqlarıq, bunlar xalqlarımızı həmişə bir-birinə bağlayıb.
– Bir zamanlar çox görmək istədiyimiz, burnumuzun ucu göynəyən türk ellərinə getmək üçün hansı hissləri keçirdiyimizi söyləmək çox çətindir. Stalinin ölümündən sonra mədəni əlaqələrin qurulması, sovetlərə gəlmək xeyli asanlaşsa da, bir çox çətinliklər uzun illər qaldı və sovetlər dağılana kimi davam etdi. O illərdə sovetlərə səfər və qazax, özbək, azərbaycanlı, türkmən, qırğız qardaşlarımızla görüşmək mənə də nəsib oldu. Amma səfərlərin marşurutu Moskvadan keçirdi və kimin haraya getmək məsələsini də Moskva həll edirdi.
Açıq deyim ki,Türkiyədən gəlmiş bütün nümayəndə heyətlərinin Azərbaycana səfərlərinə elə bir etiraz olmurdu, 60-cı illərdən başlayan ilk səfərlərdən sonra da Azərbaycana gəlmək-getmək hər halda mümkün idi. Amma digər türk respublikaları bura aid edilə bilməz. Mənin özüm də belə bir qadağa ilə üzləşmişdim. 80-ci illərin əvvəllərində Moskva mənə Türkmənistana getməyə icazə verməmişdi, səbəb də soyadımı göstərmişdilər. Nə düşüncə, nə təfəkkür idi? Bu gün də anlaya bilmirəm. Halbuki, “Türkmən” soyadımın Türkmənistanla yada gələn, ortada olan bir əlaqəsi yox idi. Bunun heç fərqində belə olmamışam. Ola bilsin ki, ulu babalarımın doğulduğum Yozqat vilayətinə gəlişindən öncə Türkmənistanla hansısa əlaqələri olubmuş.
– Türkmənistana səfəriniz nə vaxt alındı?
– Nəhayət ki, 1984-cü ildə Türkmənistana səfər edə bildim. Bu, Türkmənistana ilk səfərim oldu. Görüşdüyüm adamlar, xüsusən də uşaqlar Türkmən soyadını eşidən kimi elə bir sevinc hissi keçirirdilər ki, mən özüm çaşırdım. Uşaqlar səs-səsə verib soyadımı ucadan deyərək şadyanalıq edirdilər. Adamlar, sanki, çox doğma və əziz bir adamı ilə qarşılaşmışdılar. Nə qədər təəccüblü görünsə də, bu mənim üçün çox doğma və başadüşüləndir. Çünki insan övladı doğulduğu gündən həmişə qarşısındakı adamlarda bir doğmalıq axtarıb, onu tapanda, sanki, həyatı yenidən başlanıb.
Çünki könül verib bağlandığın, vurulduğun bir şeyin fövqəl bir doğmalığı var. Bir misal çəkim, ilk dəfə olduğunuz bir ölkədə qaldığınız hoteli yada salın. Bir müddət sonra oraya dönəndə yenidən o hoteli axtarırsan, onun çevrəsində qalmaq istəyirsən. Qarşılaşdığım adamları sevindirən də hesab edirəm ki, qan yaddaşından gələn bir doğmalıq idi. Mən bunun başqa bir cavabını nə qədər axtarsam da, başqa cür anlaya bilmirəm, ona görə də başqa cür anlada da bilmirəm. Mən türkmənlərdə doğmalığı gördüyüm kimi, onlar da eyni hissi keçirirdilər.
– Əslində, bizləri bir-birinə bağlayan köklər, adətlər, din və dil birliyi ilə yanaşı, həmin genetik yaddaş da var.
– Bəli, bizləri bir birimizə bağlayan o qədər köklər, tellər var ki, onlardan ayrılmaq mümkün deyil. Adətlər, ənənələr, tarixi bağlılıq, hətta sözlər və kəlmələr bu bağlılığı özündə elə yaşadır ki, sən ayrılmaq istəsən belə, qopa bilmirsən. Çünki bizləri bir-birimizə bağlayan bu çazibədən çıxa bilmirik. Baxın, haqqında danışdığımız bu birlik – yaxın və ortaq tariximiz, mədəniyyətimiz, məişətimiz, sözlərimiz... bunların hamısının toplamı Turandır. Bunları əsaslandıran o qədər saysız-hesabsız misallar var ki, günlərlə danışsan bitəsi deyil və bunlar bu birliyin – Turan aləminin təməli və təntənəsidir.
Bütün Türk dünyasının hər yerində bu bağlılığı görürsən. Gedin, bizə məsafəcə ən uzağı olan yakut-saklara, orada da bunu görəcəksən. Təməlləri arayanda hər şeyi apaydın görə bilirsən. Yenə bir misala üz tutaq: böyüklərimizdə belə bir inam olub ki, dədə-babaların adını yeni doğulan övladlara verməklə həm onları yaşatmış olursan, həm də nəslin yeni üzvünü adını qoyduğun insan kimi görmək istəyirsən. Ona görə bunu əks etdirən mərasimlər keçirilmiş, hətta azan oxunmuş ki, sən müsəlmansan, övladım. Bu, əslində, adla şəxsiyyət arasında qurulan əlaqədir. Bizlərə də köklərimizdən gələn tarixi mirasdır.
– Haqlısız, ad vermək həm də yeni doğulana bir kimlik proqramı vermək kimi analaşılıb: səni adını verdiyimiz insan kimi görmək istəyirik...
– Ad veriləndə, həqiqətən, şəxsiyyətlə bir əlaqə qurulmuş, adı verilənin igidliyi, qeyrəti, vətənpərvərliyi və digər dəyərli xüsusiyyətlərı nəzərə alınırmış. Yaxud birinin yeni doğulan övladı qalmayanda növbəti övlada hələ doğulmamış Yaşar, Dursun, Durmuş kimi adlar qoyurmuşlar. Digər birinin dalbadal qızı olanda oğlan istəyirmiş, son doğulan qıza nə ad verirmişlər? Sizdə də var bu: Yetər, Qızyetər, Bəsti...
Baxın Turan fikri budur. Hesab edirəm ki, siyasi sərhədlərimizin bir olması önəmli deyil, hətta belə olanda bəzi fikir ayrılıqları da ortaya gələ bilər. Onun üçün də fikir və məslək birliyinə xüsüsi önəm verilməlidir. Mən türk dünyasının inkişafında gənclərin bir-birini yaxından tanımasını, hətta onların evlənib ailə qurmasını daha böyük və sarsılmaz bağlılıq kimi görürəm. Çünki hər bir evlilik təkcə iki insanı, iki ailəni yox, həm də ulusları bağlayır.
Ona görə də Turan fikrindən böyük gözləntim var. Bilirsiniz ki, Turan böyük bir coğrafiyadır, həm də türklərin məskunlaşdığı geniş çoğrafiyadır. Türklər dünyada ən geniş çoğrafiyada yayılan millətlərdəndir, bəlkə də, birincisidir. Bu böyük çoğrafiyanı isə, canımızda mayası, ruhumuzda cazibəsi olan mənəvi bağlar ortaqlaşdırmalıdır.
– Dünyada qloballaşmadan danışılır, amma hər kəsə doğma olan gerçək də var. Bu duyğu-düşüncələr ümumən eyni, ayrılıqda özəldir. Türklərdə necə?
– Bir məsələni də xatırladım, ümumən, insan xislətində içəridən gələn bir hiss də var. Bir də hər kəsin doğma və əziz bildiyi nələrsə var. Ola bilsin, qeyri-birisinə bu təəccüblü görünə bilər. Mən sovet dövründə uzun illər türk məmləklətlərinə gəlirdim və hər dəfə də Moskvadan keçirdim. Moskvaya hər gəlişimdə də ya Azərbaycan, ya da özbək mətbəxi olan restoranlar axtarırdım. Açığı, özüm üçün önəmli bildiyim və ciddi hesab etdiyim səbəblər vardı. Birincisi, yeməklər bizimki kimi idi: dadlı, ləzzətli. İkincisi, orada məni rahat anlayırdılar, rahatca, heç bir tərcüməçi-filan olmadan çörək, su istəyirdim. Üçüncüsü, mən xeyrimi niyə özgəsinə verməli idim? Qoy bir az baha olsun, amma özümünkü qazansın. Bu səbəblərin hər birinin başında anlaşa bilmək, bir olmaq fəlsəfəsi dayanır. Hesab edirəm ki, bu da Turan məsləkidir.
– Azərbaycan və Türkiyə münasibətlərinin bu anlamda xüsusi yeri var. Ulu öndər Heydər Əliyev “Bir millət, iki dövlət” deyəndə də bu fikiri nəzərdə tuturdu.
– İllər öncə qarlı-çovğunlu bir gündə Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəlin başçılıq etdiyi nümayəndə heyəti ilə Qırğızıstana getmişdik. Bizi çox böyük qonaqpərvərliklə qarşıladılar. O dönəmin qırğız prezidenti səmimi bir xoşgəldin nitqi söylədi. Dedikləri indiki kimi qulaqlarımdadır: “Buradan qıyıq gözlərlə getdiniz, açıq gözlə döndünüz. Atları minib getdiniz, təyyarələrlə geri qayıtdınız. Amma fərq etməz, yenə də siz bizsiniz, biz sizik!”
Eyni ilə Azərbaycan. İndi türk xalqları və dövlətlərinin birliyinin ən yüksək məqamını yaşayırıq. Bir zamanlar xəyal etdiklərimiz indi həyatımızın reallığıdır. Bu birliyin istər təməllərinin qoyulmasında, istərsə də yüksəlişində Azərbaycan–Türkiyə münasibətlərinin xüsusi önəmi vardır. Əbəs yerə deyil ki, bu birlik əvəzi olmayan hadisə kimi dəyərləndirilməkdədir. Azərbaycan və Türkiyə əlaqələrinin bütün sahələrdə yüksək səviyyəyə çatdırılması digər Türk dövlətləri üçün də yol xəritəsi, örnək rolunu oynayır.
Avropa və Asiyanı əhatə edən Türk dövlətləri böyük iqtisadi və siyasi potensiala sahibdir. Müasir dövrün reallıqları göstərir ki, Türk dünyası birgə addımlamalı, birlikdə böyüyüb, inkişaf etməli, əngəllərə qarşı birgə mübarizə aparmalıdırlar. Eyni zamanda, heç də təsadüfi deyil ki, Türk dünyasının böyük oğlu Heydər Əliyev türk birliyinin möhkəmlənib inkişaf etməsində Türkiyənin rolunu həmişə yüksək qiymətləndirmişdir. O, Türkiyə Cümhuriyyətinin yaradıcısı Mustafa Kamal Atatürkün tarixi fəaliyyətini də dönə-dönə dəyərləndirmiş, onu “XX əsrin bəşəriyyətə verdiyi böyük düha”lardan saymışdır.
– Qırğızıstan səfərinizi xatırlatmaqla türk qardaşlarımızın dediyi bir fikiri də yada saldınız: qızıl soyumuzun məskəni Türküstandır.
– Keçmişə sayğı insanlıq borcudur, başqa yolu da yox. Dədə Qorqud görün nə deyir, “Atasına hörmət etməyənin uşaqlarına hörmət edilməz”. Vaxtilə mən tək bu kəlamın fəlsəfəsini anlada bilən bir məqalə də yazmışdım. Çox zəngin kökümüz, min illəri əhatə edən, dünya sivilizasiyasına möhür vuran qədim və zəngin tariximiz var.
– Dünyanın yeni bir dövrə qədəm qoyması sovetlərin dağılması ilə başladı və sizin dediyiniz tarixi miraslara sahiblənən türk birliyi ideyası gerçəyə çevrildi.
– Yadınıza düşürsə, Atatürk bu barədə danışıb, hələ 100 il öncə sovetlərin dağılacağını deyib. Dağıldı da... Türk birliyinin yaradılması ideyası da bundan sonra yarandı və təbii ki, yaranmalı idi də. İlk addımlar da o vaxtdan başlayır. Görülən işlərin səmərəsi böyükdür, çox önəmlidir. Amma bir işin də görülməsi vacibdir. Biz uşaqlarımızı, böyüməkdə olan nəsilləri bir-birinə daha yaxından tanıtmalıyıq. Düzdür, zaman da bu işi görməkdədir, amma birlik bağlarının möhkəmlənməsinə, gedişatın sürətlənməsinə yardımçı olmalıyıq.
Deyək ki, Azərbaycandakı bir məktəblə mənim doğma şəhərim İzmirdəki bir məktəbin qardaşlaşması və dost olması lazımdır. Bu məktəblərdə oxuyan uşaqların, ailələrinin qarşılıqlı razılığı ilə, izmirli bir uşağın azərbaycanlı ailəsində bir həftə, ya da bir ay qalması və o birinin İzmirdə olması gərəkdir. Deyim ki, Amerikanın belə bir təcrübəsi var və bununla Amerikanı dünyaya xeyli əlçatan edə bilmişlər. Bildiyim qədər onların belə bir layihəsi Azərbaycanda da həyata keçirilib. Biz niyə etməyək bunu?!
Uşaq qonaq olduğu yeni yaşayış yerində oynayacaq, yıxılacaq, duracaq və yeni dostlar qazanacaq, həm də zəngin bir xatirəyə sahib olacaq. Bir qayanın yanından ötüb keçəndən sonra, yadında o qaya ilə bağlı nələrsə qalacaq. Bu qayanın dibində oturarsan, dincələrsən, bir-birinizə qardaş, dost kimi sarılarsan, ya qayaya dırmaşarsan, dizin, barmağın qanayır və səni bu yerə onlarla xatirə bağlayar. Bu gün bu addımları atmağa ehtiyac var. Bir qazax, türkmən və ya başqa bir türk soylu uşağın digər bir türk köklü ailədə olmasına böyük Turana aparan yolun yeni üfüqləri kimi baxmalıyıq.
(ardı var)
Söhbəti apardılar:
Namiq QƏDİMOĞLU,
Tahir AYDINOĞLU,
“Xalq qəzeti”