Ulu öndər Heydər Əliyevin ordu, hərbçilər haqqında söylədiyi məşhur ifadələrindən biri belə idi ki, silahlı qüvvələrin vəzifəsi təkcə ölkə sərhədlərini, dövlətin maraqlarını qorumaqdan ibarət deyil. Ümummilli liderimiz əlavə edirdi ki, ordumuz həm də sadə bir vətəndaşın, əkin-biçinlə məşğul olan kəndlilərin, sərhəd bölgəsində yaşayan sakinlərimizin təhlükəsizliyini də təmin edir və edəcəkdir.
Xatırladaq ki, 44 günlük İkinci Qarabağ müharibəsinin nəticələrindən sonra Azərbaycan əsgərinin üzərinə düşən vəzifələr kifayət qədər artmışdır. Çünki Böyük Qayıdışın ilkin mərhələlərinin reallaşdırılmasından ciddi şəkildə narahat olan, daha doğrusu, “ermənilik” xəstəliyindən əziyyət çəkən İrəvan rəsmiləri Azərbaycanın ünvanına çoxsaylı təhdidlər səsləndiriblər. Son iki il yarımda şərti sərhədlərimizin qorunmasında iştirak edən əsgərlərimiz də, dinc sakinlər də dəfələrlə silahlı təxribatlara məruz qalıblar. Bu faktı ona görə xatırladıram ki, “qarşı tərəf törətdiyi bütün təxribatlara görə layiqli cavabını almışdır” – ifadəsini də yada salım.
Təbii ki, düşmən bundan sonra daha kəsərli və konkret cavablar görəcək. Çünki Azərbaycanın hərbi gücü nəinki ötən əsrin 90-cı illərindəki ordumuzdan, hətta, 2020-ci ildə düşməni diz çökdürən silahlı qüvvələrimizdən də qat-qat artıqdır. Dövlət başçımız iyunun 23-də Müdafiə Nazirliyinin Komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olandan və hərbi hissəyə Döyüş Bayrağını təqdim edəndən sonra əsgərlər qarşısındakı çıxışında dedi ki, bundan sonra da ordumuzun daha da gücləndirilməsi üçün bütün lazımi tədbirlər görüləcək: “Azərbaycanın düşmənləri bunu bilir, görür, bilməlidir və görməlidir. Məhz buna görə bizə qarşı edilən istənilən təxribat cavabsız qalmır, hər bir təxribata layiqli cavab verilir, istər hərbi cavab, istər siyasi cavab. Bu gün Azərbaycan o ölkələrdəndir ki, öz müqəddəratını özü müəyyən edir, heç kimdən asılı deyil və olmayacaq, öz sözünü açıq deyir və müstəqil siyasət aparır. Yəni, bizim ölkəmiz, sözün əsl mənasında, müstəqil ölkədir, çünki müstəqil siyasət aparmaq iqtidarındadır və bizə bu gücü verən, ilk növbədə, bizim hərbi potensialımızdır”.
Bu məqamda bir məsələni xüsusilə vurğulamaq istəyirik. Belə ki, ötən ilin dekabrından bəri dünyanın az qala bütün mətbuat vasitələrinin gündəliyindən düşməyən “Laçın yolu” problemini Azərbaycan dövləti məhz silahlı qüvvələrimizin gücü ilə həll etdi. Dövlət başçımız hərbçilər qarşısındakı son çıxışında xatırlatdı ki, Azərbaycan – Ermənistan şərti sərhəd istiqamətində baş vermiş hadisələr, ermənilərin yaşadıqları Qarabağ bölgəmizdə hərbi əməliyyatlar və iki ay əvvəl Ermənistan – Azərbaycan sərhədində, Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsinin yaradılması bizim çox güclü siyasi iradəmizin göstəricisidir. Yəni, biz bütün addımlarımızı vahid proqram əsasında atmışıq: “Əgər son iki il yarım ərzində baş vermiş hadisələr təhlil olunarsa, hər kəs görə bilər ki, hər bir addımımızın arxasında güclü siyasi iradə dayanmışdır, güc dayanmışdır, məntiq dayanmışdır, beynəlxalq hüquq dayanmışdır və hər növbəti addım əvvəlki addımın məntiqi davamı idi”.
Bu məqamda yada salınmalı faktlardan biri də Azərbaycanın beynəlxalq aləmdə nüfuzlu söz sahibi olmasıdır. Bədxahlarımız və düşmənlərimiz Prezident İlham Əliyevin siyasətçi reytinqini, diplomat nüfuzunu və Qoşulmama Hərəkatının sədri olaraq çəkisini öz qarşılarında sipər kimi görürlər. Hamıya gün kimi aydındır ki, Ermənistan ordusu darmadağın ediləndən, İrəvan rəhbərliyi təslim aktına qol çəkəndən sonra da işğalçı dövlətə Avropadan, Amerikadan, Rusiyadan, İrandan çoxlu vədlər verildi və yardım adıyla silah-sursat göndərildi.
Fransa Prezidenti Emmanuel Makron isə Ermənistanın maraqlarını müdafiə etmək üçün nəinki dövlət başçısına, hətta, sıravi siyasətçiyə də yaraşmayan riyakarlıqlarla özünü rüsvay etdi. Ancaq onun nüfuzuna ən sarsıdıcı zərbəni fikrimcə, Azərbaycan Ordusu vurdu. Belə ki, bilavasitə Makronun təşəbbüsü ilə Ermənistana “təqaüdə çıxmış” fransız polislərdən ibarət “müşahidə missiyası” göndərilmişdi. Guya, həmin missiya gəlib Laçındakı sərhəd nəzarət buraxılış məntəqəsinin ləğvinə nail olacaqdı. Gəldilər, bir neçə təxribatın plan-proqramını verdilər və hətta, erməniləri həmin məntəqəyə silahlı hücum etmələrinə də ruhlandırdılar. Nəticədə isə Azərbaycanın mövqeləri daha da möhkəmləndi və cavablarımız həmişəkindən kəsərli oldu. Çünki liderimiz iradəli, siyasətimiz qətiyyətli, ordumuz qüdrətli, əsgərimiz peşəkardır.
Xatırladaq ki, Prezident İlham Əliyev bu il mayın 28-də Laçın şəhərinə qayıdan əhali ilə görüşdə, evlərin açarlarını onlara təqdim edəndən sonrakı çıxışında demişdi ki, İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra həm Azərbaycan – Ermənistan sərhədində, həm Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərdə, həm sərhəd-buraxılış məntəqəsini qoymaqla biz yeni reallıq yaratdıq və Ermənistanı məcbur etdik ki, dediyimizi onlar da təkrarlasın: “Mən bunu İkinci Qarabağ müharibəsi başa çatandan sonra demişdim, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi o halda mümkündür ki, onlar deyəcəklər: Qarabağ Azərbaycandır! Onlar cəmi 3-4 il bundan əvvəl “Qarabağ Ermənistandır” deyirdilər və hesab edirdilər ki, bizim torpaqlarımızı əbədi işğal altında saxlaya bilərlər. Hesab edirdilər ki, biz azərbaycanlılar bu vəziyyətlə barışacağıq. Mən isə deyirdim ki, yox, barışmayacağıq”.
Bəli, Azərbaycan Ordusu ermənilərə də, onların havadarlarına da çox həqiqətləri qandırdı. Həyat bir daha onu göstərdi ki, Azərbaycan rəhbərliyi nə deyirsə, onu da edir. May ayının ortalarında Ermənistan rəhbərliyi tərəfindən verilən açıqlama faktiki olaraq bizim dövlət başçımızın bir neçə il bundan əvvəl dediyi “Qarabağ Azərbaycandır!” sözlərimin təkrarı idi. Bu, təkcə siyasətimizin və diplomatiyamızın uğuru deyil, həm də Azərbaycan əsgərinin diktəsidir.
O ki qaldı Ermənistan və İranın ciddi-cəhdlə mane olmağa çalışdığı Zəngəzur dəhlizinə, birmənalı şəkildə deyə bilərik ki, həmin layihə məhz Azərbaycanın istədiyi şəkildə icra olunacaq. Çünki bu gün dünya ölkələri çox böyük iqtisadi problemlərlə üz-üzədir. Hamı bu sınaqlardan çıxış yolunun axtarışındadır. Ən uğurlu yol isə bütün ölkələrin iqtisadi imkanlarının birləşdirilməsinə kömək edəcək nəqliyyat-logistika mərkəzlərinin yaradılmasıdır. Şanxay– London ticarət yolunu Orta dəhliz vasitəsilə birləşdirən Zəngəzur dəhlizi də məhz həmin zərurətdən bütün güc mərkəzlərinin diqqət mərkəzindədir. Bu yolun açılmasını Vaşinqton da, Moskva da, Brüssel də, Pekin də – Tehran istisna olmaqla, hamı istəyir. Həmin layihədən ən çox bəhrələnənlərdən biri isə İrəvan ola bilər. Tehran İrəvanı bu möhtəşəm layihədən kənarda saxlayır.
Bütün bunları nəzərə alan Azərbaycan Prezidenti deyir ki, Zəngəzur dəhlizi Ermənistan istəsə də, istəməsə də açılacaq. Daha maraqlı məqam isə odur ki, dövlət başçımız bu fikirləri səsləndirəndə əvvəlki illərdə baş vermiş faktları da yada salır: “Mən demişdim ki, bizə tarix versinlər torpaqlarımızdan nə vaxt çıxır, o an biz dayanmağa hazırıq. Bu gün də eyni sözü deyirəm. Amma deyirəm ki, bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq və belə olan halda, heç bir problem olmayacaq. Ona görə hesab edirəm ki, həm Ermənistan rəhbərliyi, həm Ermənistan ictimaiyyəti, əhalisi bunu başa düşməlidir. Biz istədiyimizə nail olmuşuq, oluruq və olacağıq. Yaxşı olar ki, bu məsələ konstruktiv şəkildə danışıqlar yolu ilə, qarşılıqlı anlaşma yolu ilə həll olunsun”.
Yolun açıq olsun, Azərbaycan Ordusu! Bayrağımızı ölkənin hər yerində ucaldan Azərbaycan əsgəri, sənin bütün dünyanın diqqət mərkəzində olan Zəngəzur dəhlizinə nəzarət etdiyin günləri də gözləyirik!
İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”