Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Avropa Oyunları Parkında “I Avropa Təamları” kulinariya festivalının açılışı olub.
Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko çıxış edərək, Azərbaycanın Avropa ölkələri ilə sıx münasibətdə olduğunu və bu tərəfdaşlığı daha da inkişaf etdirəcəklərini deyib. Bildirib ki, Azərbaycan zəngin kulinariyaya malik ölkədir. Avropa İttifaqına üzv dövlətlərin də mətbəxində yüksək çeşidə malik təamların olduğunu qeyd edən səfir festivala qatılan hər kəsi bu yeməklərdən dadmağa dəvət edib.
Festivalda Avropa İttifaqına üzv olan ölkələr - Bolqarıstan, Çex Respublikası, Rumıniya, Fransa, Sloveniya, İtaliya, Macarıstan və Polşa ölkələri də iştirak edirdilər.
Azərbaycan da milli mətbəxin ləziz təamları ilə təmsil olunurdu. Ölkəmizə məxsus stenddə milli mətbəximizin ləziz təamlarından olan “Şah plov”, “Yarpaq dolması” hazırlandı və gələn qonaqlara təqdim olundu. “Vet project” inkişaf proqramının həyata keçirdiyi “Gələcək üçün peşə təhsili və təlimi” layihəsi ilə təmsil olunan bölmədə, həmçinin müxtəlif peşə təhsili müəssisələrində aşpazlıq ixtisası üzrə təhsil alan tələbələr də hazırladıqları yemək nümunələrini nümayiş etdirdilər.
Qeyd edək ki, bu təamların hazırlanması masterklasslar - ustad dərsləri adı ilə təqdim olunurdu.
Tədbir zamanı Avropa İttifaqı nümayəndəliyi tərəfindən nəşr edilmiş “Avropa Təamları” adlı kitab təqdim olundu. Azərbaycan dilinə tərcümə edilmiş ənənəvi reseptlər toplusu olan kitabı Avropa İttifaqı nümayəndəliyinin internet saytından elektron formatda da əldə etmək olar. Burada, Avropa İttifaqının 27 ölkəsinin mətbəxinə məxsus yemək təamları yer alır.
Sonra Avropa İttifaqının Azərbaycandakı səfirliyi, “Azeri Home Chef” təşkilatının dəstəyi, münsiflər heyəti Nicat Babayev və Sərxan Məmmədovun iştirakı ilə Kulinariya Festivalının qalibləri mükafatlandırıldı.
Qalib gələn iştirakçılara “Final” çayları, “Bizim tarla”, “İlğım” Azərbaycan ədviyyat brendi və digər yerli məhsul istehsal edən şirkətlərdən hədiyyələr təqdim olundu.
Tədbirdə, həmçinin qonaqlara Avropa mətbəxi haqqında ətraflı məlumat verildi, kulinariya ilə bağlı ustad dərsləri və kulinariya müsabiqələri keçirildi.
Fidan SALMANOVA,
“Xalq qəzeti”