İslamda türklər və türklərin islamı

post-img

Dünyaca məşhur türkoloq, qardaş Türkiyənin İzmir şəhərindəki Egey Universiteti Türk Dünyası Araşdırmaları İnstitutunun yaradıcısı və uzun illər rəhbəri olmuş professor Fikrət Türkmən bugünlərdə Bakıda keçirilən beynəlxalq konfransda iştirak etmək, yeni yaradıcılıq əlaqələri qurmaq üçün ölkəmizə gəlmişdi. Səfər proqramının sıxlığına, vaxt azlığına baxmayaraq, Türk dünyasının ünlü xocaları sırasında yer almış Fikrət bəyi redaksiyamıza dəvət edib aktual mövzularda müsahib olduq.

Hörmətli qonağımız qəzetimizə və “Xalq TV”-yə müahibəsində çağdaş elmi-mədəni düşüncəmizdə önəmli yer tutan “Türklük və İslam”, “Türk birliyinin hədəfləri” mövzusunda suallarımızı tarix və müasirlik baxımından  cavablandırdı. Professor Fikrət Türkmənin geniş açıqlamasının birinci hissəsini oxucularımıza təqdim edirik.

– Fikrət bəy, qloballaşan dünyada xristian təəssübkeşliyinin artdığı, əksinə, Qərb ölkələrində İslam dini kanonlarını aşağılamaq meyillərinin səngimədiyi bir şəraitdə Şərqdə İslam həmrəyliyi hərəkatının güclənməsi ilə yanaşı, “Ərəb islamı, “Türk islamı”, eləcə də İran-şiə islamı bölgü və ­meyllərinə də rast gəlirik. Bunlar nədən və haradan qaynaqlanır? Türk islamı anlayışı hansı məna-mahiyyət daşıyır.

– Türklər islamiyyətə gələnədək böyük bir yol kecmiş, islamı dəyərləri qəbul etdikdən sonra isə bir qızıl dövr yaşamışlar.Tarix sübut edir ki, hələ İslamdan öncə də ulu babalarımız  tək Tanrıya inanmışlar. Onlar islamı qəbul etdikdən sonra da  sivil türk inanclarını saxlamışlar. Türklərin dünya tarixində qazandıqları böyük uğurların başında həmişə islam dayandı.  İslamda Türk inancının mövcudluğu bunun əsası idi.     

Belə bir zəmində türk islamı yaradılmış və islamı qəbul edən türklər bu dəyərlərə sayğı və hörmətlə yanaşmışlar. Mən Fransada  təhsil aldığım illərdə  də türklərin islama nə qədər böyük dəyər verdiyinə şahid oldum. Cümə günlərində Parisdə məşhur məscidə dünyanın çeşidli ölkələrindən ibadətə gələnlərin  davranışlarını görmək bəs edirdi ki, türklərin islama nə qədər dərindən yiyələndiyini və hörmətlə yanaşdığını görəsən. Məscidə gələnlər ibadət vaxtı söhbət edir, bəzi hərəkətlər edir, divara söykənir, yatır və s. Mən onda fərq etdim ki, türklər qədər həm maddi, həm də mənəvi və ruhi cəhətdən islama ciddi yanaşan millət yoxdur.

Başqa xalqlarda gördüyüm yabançılıqlar məndə belə fikir yaratdı ki, bunlar, əslində, islamla bağlı deyil və Quranla da heç bir əlaqəsi yoxdur.  İslamda da, digər dinlərdə də belə yapışdırmalar, yan getmələr var. Əməvilər dövründə də bunlar yaşanmış, istədiklərini islam adına  qəbul etdirməyə çalışmışlar. Məsələn, deyirlər ki, filan surəni yüz bir dəfə oxusan günahların bağışlanar. Sual yaranır islam bu qədər bəsitdirmi? Bunu bir misal kimi verdim. 

Dediyiniz qloballaşan dünyanın, az qala, hər bir nöqtəsində bu gün islam amilindən gen-bol danışılmaqdadır. Hətta Türk islamı, Ərəb islamı idfadələri ilə yanaşı fars islamı ifadəsini də eşitməkdəyik. Əslində, İslamın şiəlik məzhəbi ilə bağlı olan bu anlamı qəbul etmək mümkün deyil. Əvvəla, ona görə ki, şiəlik haqqın, ədalətin müdafiəsinə qalxan bir təlimdir. Amma təəssüflər olsun ki, İranda şiəlik adı ilə elə bir mühit yaradılıb ki, burada cəhalət və ədalətsizlik,  insan haqlarının pozulması hökm sürməkdədir. İkincisi, buradakı şiəçilik islami dəyərlərə uzun illərdir yapışmayan yamaqdır və  bu ölkədə etnik tayfa olan farsların şovinist ideyalarının vasitəçisi olmaqla islam dini prinsipləri ilə də uyuşmur. 

Tarixi reallıqdır ki, farslar islam dinini türklərdən fərqli olaraq zor gücünə qəbul ediblər və hər zaman müsəlmanlara, o cümlədən türklərə  qarşı vuruşublar. Müasir dünyada baş verənlər də bunu bir daha təsdiqləyir: Qarabağ savaşında ermənilərin yanında oldular, bu gün də çağdaş vandallarla “sarsılmaz həmrəylik” nümayiş etdirirlər. Bunlar fars islamının, əgər belə bir islam varsa görünən tərəfləridir.

– Belə bir qənaət də var ki, islam türkləri yüksəltdiyi kimi, türklər də daim islamın bayrağını ucaldıblar.

– Bu sırada ağılı ön plana çıxaran Əhməd Yasəvidir və  mənim nəzərimcə Əhməd Yasəvi türk islamının rəqibsiz timsalıdır. Orta Asiya türkləri arasında islamı yayan, Anadolunun türkləşməsində və müsəlmanlaşmasında böyük rolu olan Əhməd Yasəvi  türk islamının lideridir.  Ruhən, qəlbən və əqli baxımdan dürüstlük faktı və ağılın önə çıxarılması türk islamının təməlidir. Ağıla uymayanı türk islamı qəbul etmir. Türk altun çağı deyilən XI–XIV yüzilə qədərki türk-müsəlman aliminin hamısı mükəmməl düşüncə sahibləridir. Amma daha sonra başqa şeylər başlayır, dinin içərisinə mənfəət, siyasət daxil olur. Dini siyasətə alət etmək olmaz. Dini öyrətməlisən, amma nağıl yox, ağıl yolu ilə.

Türk islamında Tanrıya qovuşmaq eşqi var, çənnət ümidi və cəhənnəm qorxusu  yoxdur. Ərəb islamında öldükdən sonra qəbir evində  sorğu-sualdan keçmək və cəhənnəmdən qurtarmaqdan, cənnətə getməkdən  danışılır. Yaxud, ərəblər Quranı oxumağa önəm verirlər– anladın-anlamadın oxmaq savabdır. Türk islamında müqəddəs kəlamların başa düşülməsi əsasdır. Musiqi, oyun kimi sənət zövqü haram sayılmır. Ərəb islamı cənnətə düşmək  üçün oruc tutmağı, çox namaz qılmağı, Həccə getməyi zəruri hesab edir. Hətta belə bir anlam da var ki, həccə gedənlərin günahları silinir. 

Türk islamı bu məsələyə münasibətdə nə deyir?! Burada cənnətə düşməkdən yox, Tanrıya qovuşmanın xoşbəxtliyindən danışılır. Bunun üçün də xoş məramlı və dürüst olmaq, insanlara və bütün yaradılanlara yaxşılıq etmək, pislik etməkdən çəkinmək tövsiyə olunur. İndi özünüz baxın və müqayisə edin. Bir sözlə, türk islamı ağıl və elmlə vəhdətdədir. Tarix də sübut etdi ki, toplumun elmdən və ağıldan ayrı düşməsi ilə bədbəxtliklər baş verib, hətta böyük dövlətlər dağılıb.

İslamın fəzilətləri o qədər böyükdür ki... Amma anlada bilmişikmi? Nədən anlada bilməmişik? Bu sualın cavabını tapmayınca sıxıntılarımız böyük olacaq. Başqaları, yəni müsəlman dünyasını nəzərdə tuturam, islam aləminin başbilənləri bunu özləri anlayıb, topluma da anlada bilirlərmi? Zəngin dövlətlərin islamla əlaqəsi pozulmuş, odur ki, yoxsul ölkələrə çevrilib açlıqla vuruşur. İslam böyük bir çalxantı içərisindədir. Yenə sual yaranır: nədən? Bu nədəni tapa bilən insanlar türk islamı aləmində inanıram ki, var. Amma önləri qapalıdır, çözülməsi lazımdır. Daha sonra, islamın böyüklərini tanımırıq. Məsələn, Maturonu tanımırıq – o, türk islamının yolgöstərənidir. Gedin küçədə soruşun, tanımayacaqlar.

– Tanıyıb unutmuşuq, yoxsa əvvəldən tanımamışıq?

– Xeyr, tanımışıq, amma bilərəkdən və qəsdən unutdurublar. Mən bir ara İbn Sinaya daha çox üz tutdum, bir sıra məqalələr də yazdım. Bu adam tibb elmi başda durmaqla, neçə elmi kitablar yazdı, Avropada illərlə öyrənildi, tədris edildi. İslama heç bir şübhəsi olmayıb, amma elmin gücünə arxalanıb. Bunu məktəblərdə öyrətmək yerinə, məktəblərə imam göndəriblər. İmam isə nəinki yetkin deyil, əksinə cahildir. 

– Əsasını vurdu, sümüklər qalxdı, dirildi... İnsan həyatında da, cəmiyyətdə də ağılın məntiqi aparıcı və yetərlidir.

– Bu bir mifalojidir. Dastanlarda deyilən kimi Battal Qazi bir nərə çəkdi 5 min insan məhv oldu. Bu dinə girməz. Daha sonra din siyasiləşdi. Osmanlı imperatorluğu çökərkən, onun xilasını düşünənlər söylədilər ki,  osmanlı vətəndaşı adını ucaltmaqla birliyimizi qoruya bilərik və bu ad ilə osmanlıçılıq ideologiyası ortaya atıldı. Marşlar yazıldı: “Ocmanlıyıq can verərik, can alarıq” və daha nələr. Amma sonra nə oldu, bolqar bolqaram deyə, yunan yunanam, serb serbəm, ərəb ərəbəm  deyə  ayrıldı. 

Baxdılar bu alınmadı, onda dedilər islam milləti yaradaq və panislamizm başlandı. Nə oldu, Türkiyə Avropa ilə ərəblər, altun verən tərəfə sürüşdü, arxadan türkü bıçaqladı. Anladıq ki, musəlmanlıq da ideaoloji olaraq özünü doğrultmadı. Ən sonunda Əli bəy Hüseynzadənin və Ziya Göyalpın ortaya qoyduğu “türkləşmək, islamlaşmaq və müasirləşmək” ideologiyası gündəmə gəldi. Türk millətindənəm, islam ümmətiyəm, qərb mədəniyyətindənəm deyimi şüar halına gəldi və alındı. Biz istiqlal savaşını millətçilik duyğusu ilə qazandıq, bunun yanına islamı da qoyduq. Çanaqala savaşında da bu birlik qalib gəldi. Mehmet Akif Ersoyun “Çanaqqala şəhidlərinə” məşhur şerində bu birliyin təntənəsi var.

Digər maraqlı bir faktı da söyləyim, böyük Türk şairi və  İstiqlal Marşının müəllifi olan Mehmet Akif Ersoy həm də Quranın tərcüməçisidir. 1920–1923-cü illər arasında TBMM-də ilk millət vəkili olaraq iştirak edən Mehmet Akifin adı parlament qeydlərində “Burdur millət vəkili və İslam şairi” olaraq xatırlanır. 

– Yeri gəlmişkən islama qədərki göytanrıçılıqdan danışan türk elm ­adamları təsdiq edirlər ki, islam ilə türkçülük arasında  ciddi bir uyarlılıq var. Ona görə də türklər islamı könüllü və rahat qəbul ediblər.

– İslamdan öncəki türk dini təriqətlərində – şamanizm, buddizim və başqalarında istifadə edilən ayinlər var. Türklər islamı qəbul edəndə islam sözlüyü və termini  yox idi, amma əskidən qəbul edilənlər davam etdirildi, tanrı yerinə allah işlədildi, peyğəmbər yerinə yalvac deyildi. Rəmzlərlə anlaşılmaya çalışıldı. Məsələn, namazı anladanda əlif yazıldı. Əlif adəm deməkdir, dal yazanda adam əyilmiş və səcdəyə gedir yozumları ortaya çıxdı. Buna bənzər yüzlərlə misallar var. Məsələn, ərəb əlifbasındakı hərflərin rəqəmsal dəyərləri var. Allah kəlməsi əlif bir, əlif iki və sairə topladıqda 66 ədədinə uyğun gəlir. Xalq arasında tənbəllik edən birisinə “yenə 66-ya bağladın” deyirlər – yəni Allaha bağladın, allaha həvalə etdin. İslam aləmindəki bütün bayraqlarda hilal var. Anlamı biz hilalın – Allahın lütfü altındayıq, Allahın bayrağı altındayıq mesajıdır.

Tarixdə islam bayrağını ucaldan türk hökmdarları zamanında sevgi və sonra əbədiyyət qazanıblar. Onları da yada salaq...  

– Toplumlar tarix səhnəsinə çıxanda uşaqlıq dönəmini yaşar, hər şeyə inanar və qəbul edər. Bu mifoloji dönəmdir. Bundan sonra dastanlarda olduğu kimi epik dönəm gələr. Buna xalqımız dəliqanlılıq dönəmi deyir, adam dəliqanlı olursa qəhrəman olur. Burda din uğrunda mücadilə də var, Battal Qazi kimi, Hüseyn Qazi kimi qazilərin mücadiləsi də.

Türk mədəniyyətində və düşüncə sistemində bunun da önəmli yeri var. Bu dövrdən sonra isə ərənlik gəlir və burada insan da, toplum da tamamən islamiləşir. Əslində, xristan toplumunda da belədir və türklərdə də bu sistem yer almış və davam etmişdir. Amma məqama, mənfəətə meyl edən kimi sistem çalaxalanmağa başlamışdır. Qoruna bilənlər qorunmuş, digərləri isə yıxılmışdır. 

– Azərbaycanda da bunlar yaşandı, Rusiyanın işğalından sonra uzun illər nicat yolu axtarıldı, millətin varlığını qoruması üçün mücadilə aparıldı. Axundov islamı bəla kimi qəbul etdi, Avropa maarifçiləri kimi allahsızlığı qəbul etdi. Amma nə İstanbuldan, nə Tehrandən dəstək almadı. Sonra Moskvada universitet təhsili almış Həsən bəy Zərdabi gəldi, ilk milli mətbuatı, teatrı, xeyriyyə cəmiyyətini yaratdı, 15-ə qədər sivil bünövrə qoydu. O anladı ki, bu məmləkətdə islamsız addım atmaq, nəsə bina etmək olmaz. 

– Bəli, bu məsələdə mövqe qoyan ziyalılar hər yerdə oldu. Burada da, İstanbulda da. Amma ya səsləri çıxmadı, ya da gücləri yetmədi. Məsələn Sabir. Niyə harada müsəlmən görürəm, qorxuram deyir?!

– Sabiri qorxudan türklüyünu və islami düşüncəsini itirənlər idi...

– Heç şübhəsiz belədir. Sabir din adından danışanların ikiüzlülüyünü, mənəviyyatsızlığını görüb, mollanın şarlatanlığını görüb deyirdi bunu. Minbərdə bir şey deyib, həyatda başqa işlərə tuş olanlar qorxuludur. Bizdə son zamanlarda bir imam çıxıb deyir ki, filankəsə səs verənlərin namazı qəbul edilməz. Haradan aldın sən bu əmri? Kimin günahkar olduğunu sən haradan bildin? Bu çox təhlükəlidir. İmanlı insan din yolunu azmamalı, ağıl yolunu tutmalıdır. Çünki dinin təməlində doğruluq, yönləndirmək durur. 

Təəssüf ki, qəbul etmək istəməyənlər də var. Bunu söyləmək istərdim ki, bir fransız mütəfəkkir gənclərə xitab edərək yazır: gənclər, siz lobaratoriya və kitabxanaların səssizliyində yaşayın. Axşam yatağınıza girəndə özünüzdən soruşun: bu gün özüm üçün, ailəm üçün, ölkəm və insanlıq üçün nə etdim?  Gerçək islam budur. İslamda calışanın haqqı, cinayət edənin cəzası verilir. Ədalət ayaq altına salınanda, layiq olmayana vəzifə veriləndə islama məhəl qoyulmur.

– İslam sivilizasiyası ilə yanaşı, Şərq mədəniyyəti ifadəsi də işlədirik. Fikir babamız Zərdabinin “Əkinç”də dərc olunmuş bir məqaləsi  var: “Şərq nə, Qərb nə?” Cavabı bu olur ki, Qərb hər şeyi Şərqdən götürüb – onu nizama salıb. Şərq isə olanını itirib, indi  baxır ki, Qərb sağ ayağını birinci atır, yoxsa sol...

– Bunu bilirik, onu da bilirik ki, Günəş Şərqdən doğur, Qərbdə batır. Günəş işıqdır, aydınlıqdır, həyatdır, türklər ona istinad edərək təqvim yaratmışlar. Şərq itirdiklərini tapmalı, ağılın gücünə arxalanmalı, ədalətə arxalanmalıdır. Şəhriyar nə deyirdi: “Bizdən qabaqdadır avropalılar.İşi işbilənə tapşırır onlar”. Türklərin tarixdə inandıqları, yaşatdıqları islam da bax bunu deyir: ağıl və ədalət! Bu gücün qaynağı ilahi sevgidir.

 

Söhbəti apardılar: 
Namiq QƏDİMOĞLU, 
Tahir AYDINOĞLU,
“Xalq qəzeti”

Müsahibə