“Xocalı şəhidləri 613”

post-img

Dünyanın ən dəhşətli soyqırımlarından biri olan Xocalı faciəsi... 1992-ci ilin müdhiş fevral gecəsində Ermənistan silahlı birləşmələrinin Xocalı şəhərində törətdikləri amansız qətliam... Bu qanlı terror hadisəsində 613 nəfər həyatını itirdi. Qətlə yetirilənlərin 63-ü uşaq, 106-sı qadın, 70 nəfəri qoca idi. 

Dünən Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında təqdimatı keçirilən “Xocalı şəhidləri 613” kitabında 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin törətdiyi soyqırımı zamanı həlak olan 613 nəfərin hər biri haqqında məlumat verilir. Kitabın müəllifi, Xocalı soyqırımı dəhşətlərini yaşayan Dürdanə Ağayeva təqdimatdan əvvəl “Xalq qəzeti”nə bildirdi ki, “Xocalı şəhidləri 613”ü yazmaqda məqsədi məhz erməni faşizminin iç üzünü dünyaya tanıtmaq, bəşəriyyətin məruz qaldığı faciəni geniş ictimaiyyətə çatdırmaqdır. 

Bundan əvvəl Xocalı faciəsinin dəhşətli hadisələrini özündə əks etdirən “Erməni zindanında 8 gün” və Vətən müharibəsi şəhidinə həsr etdiyi “Yarımçıq qalmış ömür” kitablarının işıq üzü gördüyünü bildirən D.Ağayeva dedi: “Xocalı sakiniyəm. O müdhiş gecənin odu, alovu içindən çıxmağım bir möcüzəyə bənzəyir. Xocalı dəhşətləri ilə bağlı çoxlu kitablar yazılıb, məqalələr dərc edilib, araşdırmalar aparılıb. İstəyirdim ki, başıbəlalı Xocalımızın bütün şəhidləri barədə məlumatlar bir kitabda cəmləşsin”. 

Təqdimat mərasimində Milli Məclisin deputatı Vüqar İsgəndərov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev və digərləri çıxış edərək Xocalı soyqırımının acı nəticələrinin dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən danışdılar. Bildirildi ki, Xocalı faciəsinə siyasi-hüquqi qiymət ilk dəfə Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra verilib. Ümummilli liderin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Xocalı soyqırımı (genosidi) günü haqqında” Qərar qəbul edilib və fevralın 26-sı ölkəmizdə Xocalı Soyqırımı Günü elan olunub.

Qeyd edildi ki, ermənilərin törətdikləri bu bəşəri cinayətə beynəlxalq miqyasda hələ də adekvat reaksiya verilməyib.

Kitabın müəllifi Dürdanə Ağayeva “Xocalı şəhidləri 613” kitabının Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində nəşr olunduğunu bildirdi. Vurğuladı ki, soyqırımı dəhşətlərini yaşayanlar acı da olsa, öz xatirələrini qələmə almalı, erməni cəlladlarının xalqımızın başına gətirdiklərini hamıya çatdırmalıdırlar.

 

Leyla QURBANOVA,

“Xalq qəzeti”

Sosial həyat