Suraxanıda Abbasqulu Ağa Bakıxanovun ad günü qeyd edildi

post-img

Tədbir iştirakçıları öncə böyük mütəfəkkirin Əmircan qəsəbəsindəki abidəsi önünə tər çiçək dəstələri düzdülər və ruhuna dualar oxudular. 

Sonra qəsəbədəki N.Salamov adına 97 nömrəli tam orta məktəbdə müəllimlərin, şagirdlərin və rayon ictimaiyyət nümayəndələrinin iştirakı ilə geniş ədəbi -bədii tədbir təşkil edildi. Çıxışlardan əvvəl ulu öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş  şəhidlərin  xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət himni səsləndirildikdən sonra Abbasqulu Ağa Bakıxanova həsr olunmuş videosüjetlər təqdim edildi və şagirdlərin ifasında böyük mütəfəkkirin elm, təhsil, əxlaq və mədəniyyət haqqında kəlamları səsləndirildi. 

Məktəbin direktorunun, müəllimlərin və Əmircan qəsəbəsini təmsil edən yaradıcı ziyalıların böyük ədib və tarixçi haqqında səsləndirdikləri fikirlərin hər birində özünəməxsusluq, qədirbilənlik və mənəvi dəyərlərə bağlılıq telləri görünürdü. Natiqlər eləcə də, xalqımıza  onlarca görkəmli şəxsiyyət bəxş etmiş Bakıxanovlar sülaləsinin tarixinə nəzər saldılar,  Əmircan kəndinə şöhrət gətirən hər kəsin xatirəsinə ehtiram ifadə etdilər. 

Qeyd edildi ki, Abbasqulu ağa Bakıxanov 1794-cı il iyun ayının 21-də Bakının Xilə – indiki Əmircan  kəndində varlı bir ailədə anadan olmuşdur. Onun atası II Mirzə Məhəmməd xan Bakı xanları nəslindən, anası Sofiya xanım isə müsəlmanlığı qəbul etmiş gürcü qızı idi. Bakıxanov səkkiz yaşına qədər Bakıda yaşamış, uşaqlığının ilk dövrünü Abşeronun Əmircan, Maştağa, Balaxanı kəndlərində keçirmişdir. 1802-ci ildə atası xanlıq taxtı uğrunda vuruşmalarda öz əmisi oğlu Hüseynqulu xana məğlub olduğuna görə məcburiyyət qarşısında qalaraq Qubaya, vaxtı ilə dayısı Fətəli xanın ona bağışladığı Əmsar kəndinə köçməli olmuşdur. Abbasqulu ağa 1819-cu ilədək Qubada, Əmsar kəndində yaşamış, yarımçıq qalan təhsilini davam etdirmişdir. Burada o ərəb və fars dillərini mükəmməl öyrənmiş, bu dillərdə yazılmış xeyli ədəbiyyat oxumuşdur. Şərq dilləri ilə yanaşı ədəbiyyat, ilahiyyat və fəlsəfəni mükəmməl öyrənməyə səy göstərmişdir. 1819-cu ildə Bakıxanov o zamankı Qafqazın baş hakimi general 
A.Yermolovun dəvəti ilə Tiflisə gəlib Qafqaz Baş Hərbi İdarəsində şərq dilləri üzrə tərcüməçi vəzifəsinə qəbul olunmuş və 26 il bu vəzifədə çalışmışdır. Tiflis mühiti, Avropa və rus şair və ziyalıları ilə görüş onun dünyagörüşündə dərin iz buraxmışdır.

Tədbirdə iştirak edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı  Əziz Əzizov Abbasqulu Ağa Bakıxanov yaradıcılığının milli məziyyətlərindən danışmaqla yanaşı, xalqımızın öz tarixi şəxsiyyətlərinə qarşı nümayiş etdirdiyi qədirbilənlik nümunələrini də yada saldı. Rayon rəhbəri bakıxanovsevərlərə müjdə verdi ki, o böyük elm xadiminin  Əmircan qəsəbəsində yaşadığı evin “Bakıxanovun ev muzeyi” kimi bərpa edilməsi üzərində iş aparılır. 

Bakıxanovlar nəslinin görkəmli nümayəndəsi, görkəmli sənətkar, Xalq artisti, professor, “Şöhrət” və “Şərəf” ordenli bəstəkar Tofiq Bakıxanov tədbir iştirakçılarına “Bakıxanovlar XIX əsrdə” adlı kitab təqdim etdi. Bəstəkar əlavə etdi ki, Əməkdar jurnalist İttifaq Mirzəbəyli Abbasqulu ağa Bakıxanov haqqında yazılmış bütün fikirləri toplayaraq “Qüdsi əbədiyyəti” adlı mükəmməl kitab ərsəyə gətirmişdir. Həmin kitab artıq ölkənin bütün kitabxanalarına təqdim olunmuşdur. 

Tofiq Bakıxanov eləcə də, xatırlatdı ki, həm ümummilli liderimiz Heydər Əliyev, həm də Prezident İlham Əliyev Bakıxanovlar şəcərəsinin bütün görkəmli simalarının yaradıcılığını daim diqqət mərkəzində saxlayırlar. 

Sonda məktəbin direktoru Nigar Hüseynova tədbirdə iştirak edən rayon rəsmilərinə, qonaqlara, eləcə də,  yerli ziyalılara təşəkkür etdi və bildirdi ki, 97 nömrəli məktəbin bu ənənəsi daim yaşayacaq və şagirdlərimiz məhz dövlət başçımızın tələb etdiyi səviyyədə – azərbaycançılıq məfkurəsi ilə tərbiyə olunacaqlar. 

 

İ. QAÇAYEV,  “Xalq qəzeti”

Sosial həyat