Heydər Əliyev: “Nizami Gəncəvini dahi azərbaycanlı kimi dünyaya təqdim etməliyik...”

post-img

“Xalq qəzeti”nin 2023-cü il – Heydər Əliyev ilinə həsr etdiyi “Heydər Əliyev xatirələr işığında” layihəsində ilk qonağımız olan görkəmli dövlət xadimi və diplomat Həsən Həsənovla 6 hissədən ibarət söhbətimiz oxucular arasında böyük maraqla qarşılandığı üçün təkrar görüşüb geniş müsahibə almaq qərarına gəldik. Beləliklə, xatirələr dolu 7-ci söhbətimizi təqdim edirik.

VII SÖHBƏT

– Həsən müəllim, Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illər təkcə sosial-iqtisadi inti­bah dövrü olmadı, həm də elmimizin, mədəniyyətimizin, ədəbiyyatımızın, incəsənətimizin intibah dövrü idi. Azərbaycanda bu intibaha yol açmaq üçün Heydər Əliyevin təbii ki, sehirli çubuğu yox idi. Bəs buna necə nail olurdu? 

– İstənilən fəaliyyət sahəsində, xüsu­silə dövlət idarəçiliyində sistemli yanaş­ma olmalıdır. Bir var təsadüfi diqqət, bir də var daimi, ardıcıl fəaliyyət. Təsadüfi diqqətlə, təbii ki, nə mədəniyyətdə, nə elmdə, nə də iqtisadiyyatda intibah ola bilməzdi. 1981-ci ildə mən Azərbaycan KP MK-nın ideoloji katibi təyin ediləndə, artıq bu proseslər geniş vüsət almış­dı. Bir gün Heydər Əliyev mənə dedi, “Azərbaycan tarixi”nin, “Azərbaycan ədəbiyyatı tarixi”nın, hətta “Azərbaycan fəlsəfəsi tarixi”nin çoxcildliyini hazırlayıb nəşr etməliyik. Bu nəşrlərin üzərində ciddi iş başlamışdı və böyük şəkildə ge­dirdi. Amma bütün bunlara baxmayaraq, həmin dövrdə elmimiz Heydər Əliyevin istədiyi səviyyədə, potensialda və bu işləri görməyə hazır səviyyədə deyildi. Niyə bunu deyirəm? 

Məsələn, həmin illərdə Azərbayca­nın fəlsəfə tarixinin rus dilində nəşri ilə bağlı ciddi diskussiya gedirdi. Diskus­siya nəşri necə adlandırmaq ətrafında aparılırdı: “İstoriya filosofii Azerbayd­jana” (“Azərbaycanın fəlsəfə tarixi”), yaxud “İstoriya Azerbaydjanskoy fioso­fii” (Azərbaycan fəlsəfəsinin tarixi”). Bu­rada fərq nədən ibarət idi: Nəşr “İstoriya filosofii Azerbaydjana” olsa, o zaman respublikamızın ərazisində yaranan hər hansı fəlsəfədən söhbət gedir, yəni sırf milli fəlsəfə nəzərə alınmamış olurdu. Bir qism alimlərimiz isə deyirdilər ki, “İstoriya Azerbaydjanskoy filosofii” ol­malıdır. Burada artıq milli mənsubiyyət ehtiva olunurdu. 

Eynilə “Azərbaycan tarixi” nəşrində də bu məsələ ortaya çıxdı. Məsələn, akademik İqrar Əliyev qədim Azərbay­canda yaşayan xalqların türk əsilli ol­masını inkar edirdi. Bizim ölkəmizdə iki məfhum var, Azərbaycan milləti və Azərbaycan xalqı. Azərbaycan milləti o deməkdir ki, azərbaycanlılar özlərini türk əsilli sayırlar. Ulu babalarımız bir etno­sa aid olaraq dilləri də eynidir. Həmçinin Azərbaycanda yaşayan ləzgilər, talışlar, avarlar, udinlər, kürdlər və digər millətlə­rin də milli mənsubiyyətləri, tarixləri, öz dilləri, folklorları və adət-ənənələri var. Belə ki, bütün millətlər birlikdə Azərbay­can xalqını təmsil edirik. Yəni, bu döv­lətdə, bu torpaqda yaşayan hər millət öz mənsubiyyəti, tarixi və adət-ənənələri ilə qürur duyur. Amma bütün bu millət­lər bu torpağın sahibidirlər və vahid bir Azərbaycan xalqıdırlar. İkinci Qarabağ müharibəsi də göstərdi ki, milli mənsu­biyyətindən asılı olmayaraq, hamı vahid Azərbaycan xalqı kimi ayağa qalxıb öz torpaqlarını işğaldan xilas etdi. 

Sovet dövründə tarixçilərimiz arasın­da kəskin mübahisələr yarandığı üçün ortaya fundamental bir tədqiqat əsəri qoymaq mümkün olmadı. Digər sahələr­də də belə tendensiyalar müşahidə edi­lirdi. Burdan çıxış edərək deyirəm ki, Heydər Əliyev elmimizi, incəsənətimizi qabaqlayırdı. Yəni, Heydər Əliyev gö­rürdü ki, hansı işləri həyata keçirmək la­zımdır, hansı elmi sahələrdə fundamen­tal əsərlər yazıb nəşr edilməlidir. Ona görə də Heydər Əliyevin yaratdığı və im­puls verdiyi təşəbbüslər artıq müəyyən dövrdən sonra bir çox sahələrdə intiba­ha gətirib çıxardı və bu da milli özünü­dərkə meydan açdı. Məsələn, akademik Ziya Bünyadov “Atabəylər dövləti” tarixi tədqiqat əsərini yazıb nəşr etdirdi və əsər Dövlət mükafatına layiq görüldü. Buna qədər Azərbaycan tarixi üzrə heç bir əsərə dövlət mükafatı verilməmişdi. 

Məhz həmin dövrdə və bilavasitə Heydər Əliyevin təşəbbüsü ilə “Babək”, “Dədə Qorqud”, “Nizami”, “Üzeyir Ha­cıbəyov” kimi bədii tarixi filmlər çəkildi. Silsilə romanlar, tarixi əsərlər yazıldı. Əl­bəttə, bütün bunlar milli düşüncənin for­malaşmasına böyük töhfə oldu. Heydər Əliyevin uzaqgörənliklə həyata keçirdiyi siyasətin mahiyyətində bu məsələ du­rurdu. 

Heydər Əliyev həmin illərdə Bakının inkişafına xüsusi diqqət yetirirdi. Bir çox möhtəşəm binalar, mədəniyyət müəs­sisələri, hotellər inşa olundu, parklar, xi­yabanlar salındı. Bütün bunlar onun bir­başa nəzarəti ilə həyata keçirilirdi. İşinin başdan aşmasına baxmayaraq, şəhər­salmaya xüsusi diqqətlə yanaşırdı. 

– Azərbaycanda ədəbiyyat, in­cəsənət adamlarına, musiqiçilərimizə yüksək dövlət mükafatlarının veril­məsi, onların istedadlarının ittifaq sə­viyyəsində yüksək dəyərləndirilməsi üçün Heydər Əliyev xeyli iş görüb. Bununla bağlı yaddaşınızda hansı xatirələr qalıb? 

– Söhbətlərimizin birində soruşdum ki: “Siz bütün bunlara necə nail olur­sunuz? Axı bizimkilərdən təltif olunan şəxslərin sayı həddindən çoxdur”. Dedi: “Həsən, Moskvada Siyasi Büroda da bu sualı mənə verdilər”. Soruşdum: “Kim verdi?” Dedi: “Ukraynanın birinci katibi soruşdu ki, Heydər Əliyeviç, Azərbay­can Ukraynanın beşdə biri boydadır və əhalisi də Azərbaycan əhalisindən bir neçə dəfə çoxdur. Amma sizdə Sosia­list Əməyi Qəhrəmanları bizimkilərdən xeyli çoxdur. Bu necə olur?” Bir az da səbirsizlik edib soruşdum ki, “siz nə ca­vab verdiniz?” Gülümsəyib dedi: “De­dim, əvvəla bu insanları mən Mərkəzi Komitənin aparatında böyütməmişəm ki. Onlar illərlə elmdə, mədəniyyətdə, incəsənətdə, fəaliyyət göstərən şəxslər­dir. Sadəcə, mən onları dəyərləndirməyi bacarıram. Onların sovet mədəniyyəti çərçivəsində yerlərini müəyyənləşdirib Sosialist Əməyi Qəhrəmanı adına təq­dim edirəm. Varınızdısa, Siz də təqdim edin”. 

Bax, o zaman Heydər Əliyev belə bir formula dedi. Bu cavabından belə nəti­cə çıxırdı ki, “Zər qədrini zərgər bilər”. Rəşid Behbudov, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Süleyman Rüstəm, Rə­sul Rza, Süleyman Rəhimov və digər şəxslərə həm şəxsi diqqət göstərirdi, həm də onların öz sahələrində inkişa­fına təkan verirdi. Yadımdadır, hətta o zaman Heydər Əliyev Azərbaycan Neft Akademiyasının rektoru olmuş İsmayıl İbrahimovu 1982-ci ildə SSRİ Dövlət Mükafatına təqdim etdi, 1986-cı ildə isə ona Sosialist Əməyi Qəhrəmanı adının verilməsinə nail oldu. 

– Həsən müəllim, istərdik ki, Heydər Əliyevin Azərbaycan gənclə­rinin ittifaqın ən tanınmış ali məktəb­lərinə göndərilməsi ideyasının necə meydana gəlməsilə bağlı da fikirləri­nizi açıqlayasınız, çünki bu da, sizin, yəni ideoloji katibin tabeliyində olan məsələ idi.

– Ümumiyyətlə, Heydər Əliyev çox kreativ şəxsiyyət idi. Novatorluğu da bundan irəli gəlirdi. Adam var kreativlik təkcə onun sözündə müşahidə edilir. Yəni, ideyanı verdi, ancaq onu həyata keçirməyin yollarını göstərmədi və ya həyata keçirmədi. Heydər Əliyev bütün bu silsiləni – yəni, hansısa təşəbbü­sünün yarandığı gündən reallaşacağı günə qədər inkişaf etdirirdi. İdeya ondan irəli gəldi ki, bizdə sənayenin və kənd təsərrüfatının əksər sahələrində müva­fiq ali təhsilli mütəxəssislər yox idi. 

Ancaq bir misal gətirəcəm. Nax­çıvanski adına Hərbi Məktəb də belə ideyalardan biri idi. Heydər Əliyev hərbi məktəbin yaradılması təklifi ilə ilk dəfə Moskvaya müraciət edəndə, Kreml onu bu ideyadan daşındırmağa çalışdı. Hey­dər Əliyev təkid etdi. Moskva kompro­mis təklif etdi ki, Rusiya və Ukraynada mövcud olan Suvorov Hərbi Məktəbinin, Naximov adına Hərbi-Dənizçilik Mək­təbinin Bakıda filiallarını açaq. Heydər Əliyev etiraz etdi və dedi ki, bizə filiallar lazım deyil. Bizə özümüzün idarə edə biləcəyimiz hərbi orta məktəb lazımdır. O zaman Sovet İttifaqında ancaq Rusi­yanın və Ukraynanın hərbi məktəbləri var idi, başqa heç bir respublikanın öz hərbi məktəbi yox idi. Heydər Əliyev ideyanı da verdi, onu həyata da keçirdi. Hər il o məktəbə gedər, oradakı vəziy­yətlə maraqlanardı.

Heydər Əliyevin Kremldə böyük nü­fuzu vardı və sözü keçirdi. Ona qədər Azərbaycanın heç bir rəhbərinin sovet rəhbərliyi ilə birbaşa əlaqəsi yox idi. Hətta Mircəfər Bağırov belə, birbaşa Stalinə söz deyə bilməyib. Moskvada onun lobbiçiliyini Beriya edirmiş, nə sözü olurmuş, ona deyirmiş. Yeganə Heydər Əliyev idi ki, SSRİ rəhbərliyi ilə birbaşa əlaqə yaratmışdı və sözünü bi­lavasitə birinci şəxsə deyirdi. Məsələn, Məişət Kondisionerləri Zavodunun tikin­tisini Ukraynaya vermişdilər, hətta qərar da var idi. Heydər Əliyev o qərarın də­yişdirilməsinə və zavodun Bakıda tikil­məsinə nail oldu. 

– Həsən müəllim, siz Azərbayca­nın üç ayrı-ayrı regionlarında rəh­bər olmusunuz – Səbail, Sumqayıt, Gəncə. Heydər Əliyev bu təyinatları verəndə hansı keyfiyyətlərinizi əsas götürürdü?

– Heydər Əliyev məni 26-lar rayon partiya komitəsinə başçı göndərəndə məni şərti desəm, “qiyabi tanıyırdı”. O zaman Heydər Əliyevlə birbaşa əlaqələ­rimi barmaqla saymaq olardı. Amma haqqımdakı məlumatların sayı, onda lazımi qədər idi. Bu barədə ötən söhbə­timizdə danışmışam. Bu, nə deməkdi. Adətən haradasa bir münaqişəli iş olan­da Heydər Əliyev Mərkəzi Komitənin ka­tiblərindən soruşurdu ki, kim bunu yolu­na qoya bilər? Onlar da Həsən Həsənov deyib işi mənə tapşırırdılar. O zaman nazirlə rayon partiya komitəsinin birinci katibləri arasında iki belə münaqişəni müsbət həll etmişdim. Bir dəfə Şamxo­run (indiki Şəmkir rayonu) birinci katibi ilə tikinti materialları naziri arasında, bir dəfə də Zaqatalanın birinci katibi ilə ti­kinti naziri arasında. Bu məsələlərin həlli bir qədər çətinləşmişdi. Problemi aradan qaldırmağı mənə həvalə etdilər. Getdim və vəziyyəti nizamladım, müna­sibətləri qaydasına qoydum. Təbii ki, bu barədə birbaşa Heydər Əliyevə deyil, tapşırığı mənə çatdıran MK-nın katibinə məlumat verdim. O da Heydər Əliyevə məruzə etmişdi ki, Həsən Həsənov ge­dib məsələni yoluna qoyub. 

Sovet dövründə belə bir qayda var idi: MK-nın işçiləri vaxtaşırı hansısa məsələ haqqında Siyasi Büroda çıxış edirdilər. Məsələn, Qaradağ rayon par­tiya komitəsi bu ərazidəki tikinti mate­rialları müəssisələrinə necə rəhbərlik edir? Bu haqda məruzə hazırlamağı mənə tapşırmışdılar. Mən də məsələ­ni araşdırıb Siyasi Büroda çıxış etdim. Sonra Naxçıvanla bağlı məruzə hazırla­dım. Bir dəfə də bir neçə nazirin işdə yol verdikləri əyintilər haqqında məruzəni mənə tapşırmışdılar. Bu çıxışlar zama­nı Heydər Əliyev birbaşa məni görür, dinləyir və çoxlu suallar verirdi. Elə bu zaman onunla birbaşa ünsiyyət imkanı yaranırdı. Əgər bu görüşlər və məlu­matlar nəticəsində Heydər Əliyev adamı daxilən qəbul etmirdisə, düşünürəm ki, ona ciddi vəzifə də tapşırmazdı. 

Mən MK-nın tikinti şöbəsində işləyən sırf mühəndis məmur idim. Heydər Əli­yev məni 26 Bakı komissarı rayonuna (indiki Səbaıl) göndərəndə, incəsənətə, ədəbiyyata və tarixə olan marağım haqqında heç kimdə məlumat yox idi. Ona görə bir çoxu deyirdi ki, axı bu adam (yəni mən) sırf inşaatçıdır ra­yon isə ziyalılar rayonudur, Yazıçılar, Bəstəkarlar, Rəssamlar ittifaqları bur­da, Elmlər Akademiyası, universitetlər bu rayonda, inşaatçı-mühəndis bunla­ra necə rəhbərlik edəcək? Bu rayonda vaxtilə Şıxəli Qurbanov, sonra ali təhsil naziri olan Qurban Əliyev, “Vışka” qə­zetinin baş redaktoru olan Fazil Muradəliyev, Elmlər Akademiyasında çalışan alim Zeynalov kimi şəxslər işləmişdilər. Yəni, mənə qədər tikinti meydançasın­dan olan bir mühəndis orda işləməmiş­di. Heydər Əliyev isə yəqin düşünürdü ki, “Həsən Həsənov bunu bacaracaq”. Bakı Şəhər Partiya Komitəsinin birinci katibi Əli Kərimovun çox sərt şəkildə eti­raz etməsinə baxmayaraq, Heydər Əli­yev fikrindən dönmədi. Birinci katib se­çiləndən sonra Heydər Əliyev təkid etdi ki, mən şəhər partiya komitəsinin büro üzvü olum. Əli Kərimov buna da etiraz etməyə cəhd göstərdi. Heydər Əliyev yenə təkid etdi. Mən özüm də düşünür­düm ki, Heydər Əliyev məni lazımınca tanımır, amma necə olur, bu qədər qə­rarında israrlıdır. Yalnız 26-lar rayonun­da işləyəndə bildi ki, mənim ədəbiyyata, tarixə, incəsənətə böyük marağım var. Bu barədə ötən söhbətimizdə danışmı­şam... 

Sumqayıta birinci katib getməyim də belə oldu ki, Kamran Bağırov Sumqayıt şəhər partiya komitəsinin birinci kati­bi işləyirdi. Heydər Əliyev onu Mərkəzi Komitəyə katib vəzifəsinə gətirdi, məni də göndərdi onun yerinə. Sumqayıt fəh­lə şəhəri idi. Bu dəfə dedilər, bu adam aktyorlarla, yazıçılarla işləyib, indi fəh­lələrlə necə dil tapacaq? Buna baxma­yaraq, işlədim, amma az işlədim, hər halda yəqin qənaətbəxş işlədim. Çünki Heydər Əliyev ordan məni Gəncəyə göndərdi. Açığı ora çox ehtiyatla getdim. Özümə inanmırdım ki, Gəncədə uğurla işləyə bilərəm. Heydər Əliyev büroda dedi bilirəm getmək istəmirsən, amma gedəcəksən və işləyəcəksən. Nə deyə bilərdim. Bircə onu söylədim: “Heydər Əliyeviç, çox sağ olun ki, mənim getmək istəməməyimi burda dediniz, amma Gəncəyə getmək istəməməyim işimə təsir etməyəcək”. Bircə bunu dedim və bu da kifayət etdi. Gəncədə işlədiyim ilk günlərdə də ağız büzənlər var idi: “Gəncə nə Bakıdır, şairlərlə, aktyorlarla işləyib gününü keçirəsən, nə də Sumqa­yıtdır ki, fəhlə sinfi hər çıxışını alqışla­sın, Gəncə Gəncədir. Görək, burada nə edə biləcək”. Bütün bu hadisələr məndə formalaşmağa başlayan bir fikri tam qə­tiləşdirdi ki, Heydər Əliyevin insanları ta­nımaq, onları dəyərləndirmək intuisiyası çox güclüdür. 

– Bizə məlumdur ki, Heydər Əliyev Nizami Gəncəvi yaradıcılığına, irsinə böyük qayğı ilə yanaşıb. Siz Gəncədə çalışarkən, Ulu öndərlə Nizami Gən­cəvi və onun irsi ilə bağlı söhbətləri­niz və onun Nizami ilə bağlı tapşırıq­ları olurdumu?

– Hələ mən Gəncəyə təyinat alma­mışdan əvvəl, Şərqşünaslıq İnstitutun­da Heydər Əliyevin təşəbbüsü ilə xüsusi olaraq Nizami şöbəsi təşkil olundu. Hə­min dövrdə çox böyük nizamişünas ali­mimiz Rüstəm Əliyev də şöbəyə müdir təyin olunmuşdu. 

Gəncəyə gedəndə Heydər Əliyev mənə bir neçə tapşırıq verdi və onlar­dan da ən birincisi elə Nizami Gəncəvi ilə bağlı idi. Dedi: “Həsən, biz gərək Ni­zami Gəncəvinin adını ucaldaq. Çünki biz dünyada bir çox halda Nizami ilə ta­nınırıq. Ona görə də gərək Nizamini bir Azərbaycanlı dahi kimi dünyaya təqdim edə bilək. Sən bax, gör Gəncədə Niza­mi ilə bağlı nə kimi tədbirlər keçirə, işlər görə bilərsən”.

Gəncədə o zaman Nizaminin məq­bərəsi əhəng daşından tikilmişdi. Yaxın­lığında da Aluminium zavodu var idi. O dövrün texnologiyası baxımından çox keyfiyyətsiz bir zavod idi. Onun tozu məqbərəyə hopur və əhəng daşını er­roziyaya uğradırdı. Heydər Əliyev dedi: “Həsən, mənə bir neçə nəfər deyib ki, zavod məqbərəni məhv edir və məq­bərəni Gəncənin mərkəzinə köçürmək lazımdır. Mən hələ ki, bir qərar vermə­mişəm. Sən özün bu məsələ ilə ciddi maraqlan və fikrini mənə söylə, görək məqbərəni köçürməyə dəyər, yoxsa yox”. Yəni, Heydər Əliyev hər hansı məsələni kiminsə fikrinə əsaslanıb həll etmirdi. Hər iş ciddi araşdırılır, öyrənilir, sonra qərar verirdi. 

Mən məsələni dərindən öyrəndim və bir müddət sonra ona dedim: “Heydər Əliyeviç, məqbərəni köçürməyə ehti­yac yoxdur”. Təkliflərimi və görəcəyimiz tədbirləri söylədim, razılaşdı. Doğrudur, məqbərəni çox da dəbdəbəli düzəldə bilmədik. Amma bəzi tədbirlər görüb onu tarixi yerində saxladıq. Nizami ilə bağlı şəhərdə çoxlu xatirə guşələri yaratmağa nail olduq. Məqbərənin ətrafını təmiz­lədik, yaşıllıqlar saldıq, çoxlu ağaclar əkdik. Hər il Gəncədə Nizami Poeziya günləri keçirirdik. Bakıdan, ittifaqın bir çox yerlərindən qonaqlar dəvət edirdik. Hətta Ermənistandan nümayəndələr gəlirdi. Bir dəfə də məqbərənin önündə tədbirin açılışında erməni nümayəndəsi çıxış edəndə qayıtdı ki, “Velikiy Arm­yanskiy poet Nizami Gəncəvi”. Mən də onun yanında durmuşdum. Ətrafdakılar başladı gülüşməyə. Mən sakitləşdirdim ki, insandır səhv edib, çaşıb. Amma bu sırf standart erməni yanaşması idi... 

Zərdabi memarlıq abidəsinin (əv­vələr məscid idi) həyətində Nizami Po­eziya Teatrı yaratdıq. Ən görkəmli ha­disələrdən biri bu oldu. Yay dövrü idi, Heydər Əliyev Xanlar rayonuna (indiki Göygöl) kənd təsərrüfatı ilə bağlı səfərə gəlmişdi. Onu müşayiət edən bir neçə nəfər həmin gün Gəncəyə gəlib tama­şaya baxdılar. Heydər Əliyevin Gəncəyə gəlməyi nəzərdə tutulmamışdı. Lakin tamaşanı görənlər təəssüratlarını ona söyləmişdilər və mənə xəbər gəldi ki, Heydər Əliyev tamaşaya gəlmək istəyir. Hamı həyəcan içində idi. Tamaşa bitən­dən sonra Heydər Əliyev özünəməxsus tərzdə yaratdığımız teatrın ideyasına, Nizaminin ölməz poeziyasına, aktyor­ların oyununa yüksək qiymət verdi. Bu Nizami Poeziya Teatrının ən əlamətdar hadisələrindən oldu.

Gəncədə və Bakıda silsilə tədbirlər davam etdi və beləcə Nizami sovet res­publikalarının ədəbi ictimaiyyəti arasın­da Azərbaycan klassik ədəbiyyatının, poeziyasının ən tanınmış simalarından birinə çevrildi. Heydər Əliyevin qarşıma qoyduğu vəzifəni bu şəkildə yerinə ye­tirdim. Bir müddət sonra mən artıq MK-nın katibi vəzifəsində işləyəndə, Heydər Əliyevin dəstəyi ilə 1981-ci ildə Nizami­nin Bakıda və Moskvada 840 illiyini ke­çirdik. Çox-çox sonralar, artıq müstəqil­lik illərində mən Baş nazir vəzifəsində çalışanda Nizami Gəncəvinin məqbərə­sinin qranitdən tikilməsinə qərar verdim və o yer indiki görkəmini aldı. 

 

Söhbəti qələmə aldı:

İlqar RÜSTƏMOV, 

“Xalq qəzeti”

Müsahibə