Azərbaycan 15 il bundan əvvəl BMT Baş Assambleyasında elə bir diplomatik qələbə qazanmışdı ki, sonrakı illərdə dünyanın ən mötəbər məclisində rəsmi Bakının hansısa yeni bir qətnaməni irəli sürəcəyi ehtimalı yarananda ermənilər və keçmiş ATƏT-in Minsk qrupunun həmsədrləri üçün əsl isterika başlayırdı.
“Qarabağ münaqişəsində vasitəçilik missiyası ilə birbaşa məşğul olan Minsk qrupunun həmsədrlərinin – ABŞ, Rusiya və Fransanın bizə məlum olmayan səbəblərdən bu qətnamənin əleyhinə çıxış etmələrinə, üstəlik, bəzi hallarda, başqa ölkələri də buna yönəltməyə cəhd göstərmələrinə baxmayaraq, Azərbaycanın irəli sürdüyü qətnamə böyük səs çoxluğu ilə qəbul edildi. Bu, bizim böyük siyasi və diplomatik uğurumuzdur”.
(Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2008-ci ilin yekunlarına həsr olunmuş iclasındakı çıxışından.)
...Bir il bundan əvvəl, uzunmüddətli və gərgin diplomatik fəaliyyətdən sonra pensiyaya çıxmış Aqşin Mehdiyev indi xatirələrini qələmə alır. Ömrünün böyük əksəriyyətini dövlətinə və xalqına sədaqətlə xidmətə həsr edən, hazırda 74-cü baharının sevincini yaşayan ahıl diplomatımız səmimi şəkildə etiraf edir ki, onun xidməti həyatının ən önəmli yadigarı on beş il bundan əvvəl BMT-nin Baş Assambleyasında qəbul edilmiş qətnamədir. Aqşin müəllimlə söhbətimizin əsas mövzusu da məhz həmin qətnamə və onun ərtafında cərəyan edən hadisələrlə bağlıdır.
– Aqşin müəllim, 2012-2013-cü illərdə Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub. Yəni, iki il bu qurumda Azərbaycanı siz təmsil etmisiniz. Haqqında danışacağımız qətnamə də Baş Assambleyada məhz o zaman qəbul olunub...
– Doğrudur. İcazənizlə, həmin qətnamə qəbul olunana qədərki dövrə, həm bölgədəki, həm də Baş Assambleyadakı vəziyyətə qısaca toxunmaq istərdim. 2007-ci ilin sonu - 2008-ci ilin əvvəli Qarabağ münaqişəsinin nizama salınması prosesinə təzə heç nə əlavə etmədi. Ermənilər min cür hiylə və yalanları ilə vaxtı uzadır, ATƏT-in Minsk qrupunun həmsədrləri isə boş bəyanatları havaya üfürməkdə, fəaliyyəti imitasiya etməkdə idilər. Həyatın özü qulağımıza pıçıldayırdı ki, bizim danışıqlarda mövqeyimizin hüquqi əsasını möhkəmləndirməyi bacaran ciddi beynəlxalq təşkilatın sənədinə ehtiyacımız var. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə real vəziyyəti özündə əks etdirən qətnamə layihəsini işləyib hazırlamağa başladıq. “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” bəndi altında hazırladığımız sənədi BMT Baş Assmbleyasından keçirməli idik. Amma bunu etmək elə də asan deyildi. Qətnamə qəbul olunacağı təqdirdə, həmsədrlər üstümüzə yeriyəcəkdi, çünki, sənəd onlar üçün qızmış öküzə göstərilən qırmızı parçaya dönəcəkdi. Yox, əgər qətnaməni gündəliyə sala bilməsəydik, onda bu, bütün ümidlərimizin iflasa uğraması demək olacaqdı.
– Yəqin, Azərbaycanın Qarabağ münaqişəsinə, ermənilərin işğalçılığına dair Qətnaməni səsverməyə çıxarmağa hazırlaşmasından Ermənistanın daimi nümayəndəsi də xəbər tutmuşdu.
– Əlbəttə. Qətnamənin qəbul olunacağı martın 14-dək ermənilərin əl-ayağa düşdüyü barədə informasiyalar alırdıq. İrəvanın BMT-dəki nümayəndəsi A.Martirosyan vəziyyəti öz xeyirlərinə dəyişməkdən ötrü tülkü kimi vurnuxurdu, amma faydası olmadı. Vəziyyətin təhlili göstərdi ki, biz 40-60 səs üstünlüyünə ümid edə bilərik, ermənilərin lehinə isə maksimum 10 nümayəndə səs verəcəkdi. Amma unutmaq olmazdı ki, həmsədrlər və ermənilər, sadəcə, Azərbaycanın əleyhinə səs vermək üçün toplaşmayıblar, həm də aktiv şəkildə anti-Azərbaycan işi aparırlar. Gün ərzində Bakıdan bir neçə dəfə zəng edilirdi. Məsələnin birbaşa cənab Prezidentin nəzarətində olduğunu yaxşı anlayırdıq. Xarici işlər nazirinə vəziyyət barədə informasiya çatdırılan kimi, dərhal ölkə rəhbərliyinə məruzə edirdi.
– Və həmin tarixi məqam yetişdi...
– 2008-ci il martın 14-də BMT Baş Assambleyasının iclası azacıq gecikmə ilə öz işinə başladı. Zal tam dolmuşdu. Görünür, nümayəndə heyətləri məqamın məsuliyyətini dərk edirdilər. İclas başlayana qədər bəzi ölkələrin nümayəndələri bizə yaxınlaşır və dəstək verəcəklərini deyirdilər... Nəhayət, sədr iclası açıq elan etdi. Qətnamə layihəsinin təqdimatı üçün tribunaya dəvət olundum.
– Bizim layihəyə qarşı birinci kim çıxış elədi?
– Layihənin təqdimatından sonra müzakirələr başladı. İlk sözü Avropa Şurasının adından çıxış edən Sloveniyanın daimi nümayəndəsi Sanya Stiqliç söylədi. Xanım Stiqliç dedi ki, üzv dövlətlərin Baş Assambleyada baxılmaq üçün məsələ qaldırmaq hüququnu tanısalar da, Avropa Şurası hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əvvəlki kimi ATƏT-in Minsk qrupu məşğul olmalıdır. Təbii ki, ATƏT-in həmsədri olan üç ölkə – ABŞ, Fransa və Rusiyanın BMT-dəki səfirləri, aşağı-yuxarı, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Avropa Şurasının ümumi mövqeyini dəstəklədikərini bildirdilər. İslam Konfransı Təşkilatı (İKT, sonralar İslam Əməkdaşlıq Təşkilatı – İƏT adlanacaq – red.) adından çıxış edən Pakistan nümayəndəsi qeyd etdi ki, İKT Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı prinsipial və qəti mövqeyə malikdir və İKT-nin yüksək səviyyədə keçirilən sammitlərində və nazirlərin görüşlərində qəbul edilmiş müvafiq bəyannamələrdə, rəsmi açıqlamalarda və qətnamələrdə özünün bizim ölkənin ədalətli mövqeyini dəstəklədiyini aydın şəkildə formalaşdırıb.
Türkiyənin nümayəndəsi, səfir Baki İlkin də İKT-nin mövqeyinə qoşularaq dedi ki, onun ölkəsi Minsk qrupu çərçivəsində sülh prosesini dəstəkləyir, amma, eyni zamanda problemin BMT-də müzakirəsi ilə bağlı ATƏT-in Minsk qrupunun üzvləri nədənsə təlaş içindədir. Sonra söz Ermənistan nümayəndəsinə verildi… Aman Tanrım, o, hansı yalanları, şər-böhtanı çərənləmədi! Onun çıxışı BMT-nin tribunasından diplomatın çıxışına deyil, daha çox isterik düşüncə sahibinin sayıqlamasına oxşayırdı...
Daha sonra Azərbaycanın təklif etdiyi qətnamə layihəsi üzrə səsvermə keçirildi. Səsvermənin nəticələri onu göstərdi ki, A.Martirosyanın səylərinin heç bir faydası olmayıb. BMT üzvü olan 192 dövlətdən Ermənistanı yalnız 6-sı: ATƏT-in Minsk qrupunun həmsədrləri - ABŞ, Rusiya Federasiyası və Fransa, həmçinin Hindistan, Anqola və Vaniatu dəstəklədi. Bizim layihənin lehinə 39 ölkə səs verdi, amma onların arasında səsinə ümid bəslədiyimiz İranı görməyəndə xeyli təəccübləndik. İclasdan dərhal sonra İranın daimi nümayəndəsi zəng vurdu, anlaşılmazlığın baş verdiyini, uzun-uzadı səbəbini izah etməyə çalışdı. Guya bu məsələnin kuratoru olan nazir müavini yerində tapılmadığından, Nyu Yorka müvafiq təlimatın verilməsi ləngiyib, sonra Tehrandan tapşırıq gəlib, amma artıq gec idi. Kifayət dərəcədə hiyləgər, amma bir o qədər də primitiv gediş idi.
– Qətnamə qəbul olunandan sonra Baş Assambleyada ab-hava dəyişdimi?
– Baş Assambleyanın iclasını UN-TV birbaşa yayımlayırdı, arzu edənlər onu İnternetdən izləyə bilərdi. Sonradan öyrəndik ki, Azərbaycanda bir çoxları, xüsusilə də, XİN-də Baş Assambleyanın zalında cərəyan edənləri canlı seyr ediblər. Səsvermənin nəticələri barədə birbaşa BMT Baş Assambleyasının zalından Bakıya məlumat göndərdim. Biz udduq və bu, hər şeydən vacib idi. Qətnamə Baş Assambleyanın rəsmi sənədinə çevrildi. Bir neçə gün sonra Prezident İlham Əliyev BMT-də bizim qətnamənin qəbul edilməsini Azərbaycan diplomatiyasının böyük və tarixi uğuru adlandırdı.
Həqiqətən də ona qədər Ermənistan–Azərbaycan münaqişəsi ilə bağlı heç bir beynəlxalq təşkilat bu statusda sənəd qəbul etməmişdi. BMT-nin Baş Assambleyasının 14 mart 2008-ci il tarixli, 62/243 saylı qətnaməsi Ermənistan–Azərbaycan münaqişəsinin nizamlanması üçün çox güclü bünövrə, hüquqi dayaq oldu. Bu, erməniləri, onlara dəstək verənləri, ilk növbədə isə, keçmiş Minsk qrupunun həmsədrlərini şoka salan qələbəmiz idi. Elə bir qələbə ki, qarşıdakı illərdə BMT-də Azərbaycan tərəfindən hansısa yeni bir qətnamənin irəli sürülməsi ehtimalı yarananda, ermənilər və həmsədrlər üçün əsl isterika başlayırdı!
Bu, həqiqətən də müstəqillik dövründə Azərbaycanın beynəlxalq arenada qazandığı ilk və çox böyük diplomatik uğur idi. Obrazlı desək, 62/243 saylı qətnamə qarşıda bizi gözləyən tarixi ədalətin bərpasını, müzəffər Ali Baş Komandanın başçılığı ilə qazanacağımız böyük Zəfərimizi müjdələyən mayak oldu.
– Maraqlı söhbətə görə təşəkkür edirik, Aqşin müəllim.
– Belə bir önəmli günü unutmadığına görə, “Xalq qəzeti”nə minnətdarlığımı bildirirəm.
Söhbəti yazdı: İmran BƏDİRXANLI, “Xalq qəzeti”