Martın 11-də İran İslam Respublikasına məxsus hərbi təyyarənin Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonundan Biləsuvar istiqamətinə və geriyə doğru uçuş həyata keçirməsi, heç şübhəsiz, cənub qonşumuzun əzələ nümayişidir.
Əlbəttə, 44 günlük müharibədən sonra İranın belə hərəkəti ilk dəfə deyil baş verir. Ölkə ötən il Araz çayı boyunca Azərbaycan sərhədləri yaxınlığında genişmiqyaslı hərbi təlimlər keçirmişdi. Buna qarşılıq ölkəmiz də Türkiyə ilə birgə həmin bölgədə hərbi təlim təşkil etmişdi. Bakı Tehranın təxribatından, qətiyyən, çəkinmədiyini göstərmişdi.
Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabrın 25-də ADA Universitetində gerçəkləşmiş “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışında Azərbaycanın Cənub qonşusunun həkətlərdən qorxmadığını bildirmişdi. “İran ilə sərhəddə hərbi təlimlər keçirməli olduq ki, onlardan qorxmadığımızı nümayiş etdirək. Mən İranın üç prezidenti – Hatəmi, Əhmədinejad və Ruhani ilə işləmişəm. Bütün bu illər ərzində bugünkünə bənzər vəziyyət yaranmamışdı. Heç vaxt İran bizim sərhədimizdə bir neçə ay müddətində iki hərbi təlim keçirməmişdi. Heç zaman Azərbaycana qarşı bu qədər nifrət və hədə-qorxu ilə dolu bəyanat verilməmişdi”.
Bəli, Bakı Tehranın təxribatları, hədə-qorxuları qarşısında geri addım atmır və atmaq niyyətində də deyil. Bu, öz yerində. Görünən budur ki, İran da Azərbaycanla gərginliyi yumşaltmaq istəmir. Ölkə davranışları ilə bir daha sübut edir ki, bu il yanvarın 27-də Tehrandakı səfirliyimizə qanlı hücumun, terror əməlinin də təşkilatçısı elə onun özüdür. Necə deyərlər, eyni dalğa, eyni koordinat. Səfirliyimizə hücum ərazi bütövlüyümüzə qəsdin göstəricisi idisə, hərbi təyyarənin uçuşu da mahiyyətcə eyni məqsədə “xidmət edir”.
***
Yuxarıdakı sitatda da diqqətə çatdırdığımız kimi, cənab İlham Əliyevin ölkəmizə rəhbərliyi dönəmində İrandan ölkəmizə münasibətdə heç vaxt bu sayaq həyasızlıq əməlləri qeydə alınmayıb. Amma bir qədər əvvələ nəzər salsaq, görərik ki, Tehrandan Bakıya qarşı, belə demək mümkünsə, hərbi demarşları olub. Fikrimizin təsdiqi üçün 2000-ci illərin əvvəllərinə ekskurs edək. Həmin vaxt İran “bp”nin neftaxtaran gəmisinə hücum gerçəkləşdirmiş və onu Bakıya doğru geri çəkilməyə vadar etmişdi. Bundan sonra Cənub qonşumuza məxsus gəmilərin Azərbaycan sərhədində manevrləri qeydə alınmışdı. Həmin vaxt Türkiyə ölkəmizə hərbi kater hədiyyə etmişdi. Əlbəttə, Ankaranın bu hədiyyəsi yalnız rəmzi məna daşıyırdı. Məlum idi ki, o zaman bir tankerlə İranın qarşısına çıxmaq mümkün deyildi. Ancaq mesaj verilmişdi: Xəzərdə Azərbaycana qarşı həmlə Türkiyəyə qarşı həmlədir.
Lakin su sərhədlərimizə təxribatlar ara versə də, 2001-ci ildə İrana məxsus qırıcıların Xəzərin Azərbaycan sektorunda görünmələri adi hal almağa başladı. Bir dəfə onlar, hətta, Bakının 100 kilometrliyinədək yaxınlaşdılar. Belə olduqda yenə qardaş Türkiyədən reaksiya gəldi.
İranın Türkiyədəki səfiri ölkənin Xarici İşlər Nazirliyinə çağırıldı və ona rəsmi şəkildə bildirildi ki, Ankara heç bir halda Azərbaycanın sərhədinin pozulmasına biganə qalmayacaq. 24 avqust 2001-ci ildə qardaş ölkənin qırıcıları Bakı səmasında göründülər. Yada salaq ki, həmin vaxt Azadlıq meydanı bu görüntünü izləyənlərin böyük izdihamına şahidlik etdi. Maraqlıdır ki, Tehran Türkiyə qırıcılarının Azərbaycanda görünməsi səbəbindən Bakıdan izahat tələb etdi. Əlbəttə, belə bir tələbdən böyük həyasızlıq ola bilməzdi. Həm sərhədi pozasan, həm də başqa dövlətdən izahat istəyəsən!
O zaman İrana heç bir izahat verilmədi. Ancaq Bakı səmasında türk şahinlərini görən molla rejimi tısbağa qınına çəkilən kimi geri çəkildi, həmin vaxtdan indiyədək ona məxsus hərbi təyyarələr Azərbaycan sərhədini pozmadı.
***
Əlbəttə, İranın əzələ nümayişinə qardaş Türkiyədən reaksiya gəlməsi təbiidir. Çünki artıq Bakı-Ankara əməkdaşlığının “Şuşa bəyannaməsi” adlanmış daha dərin müttəfiqlik paktı mövcuddur. Türkiyə haqqında söz açdığımız birgə “Qardaş yumruğu” təlimi ilə də İrana Azərbaycanın yanında olduğunu göstərmişdi. Şüb-həsiz, hava təhdidi bu göstərişlərin də sayını artıracaqdır. Xatırladaq ki, Türkiyənin Milli Müdafiə naziri yanvarın 10-da azərbaycanlı qaziləri qəbul edərkən də Bakıya təhdidlərin, eyni zamanda, Ankaraya yönəldiyini vurğulamışdı: “Bütün dünya Türkiyə ilə Azərbaycanın bir ananın iki oğlu olduğunu gördü. Bundan sonra Türkiyəyə, Azərbaycana hər hansı bir şəkildə planı olan varsa, bu addımı atmadan əvvək iki dəfə düşünəcək”.
***
İran indi H.Akarın diqqətə çatdırdığımız fikirləri barədə daha çox düşünməlidir. Bununla yanaşı, ümumən, son aylar İranın Azərbaycana qarşı artan təhdidlərinin dünya ictimaiyyətinin də diqqət mərkəzində olduğunu vurğulamalıyıq. Yada salaq ki, ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays bir müddət öncə keçirdiyi gündəlik brifinq zamanı Tehranın İranın Rəşt şəhərində baş vermiş terror aktını Bakının üstünə atmaq niyyətinə münasibət bildirərkən, bunu molla rejiminin Azərbaycanda təxribat törətmək bəhanəsi kimi qiymətləndirmişdi. O bildirmişdi ki, İrandan belə hərəkətlər davam edəcəyi təqdirdə, Vaşinqton öz dəstəyini göstərəcəkdir: “Siz Azərbaycanın adını çəkdiniz. Dövlət katibinin azərbaycanlı həmkarını bu həftənin əvvəlində görmək imkanı olub. İranın region üçün təhlükə olduğunu çox açıq şəkildə bildirdik. Biz tərəfdaşlarımızın yanında olmağa, onları dəstəkləməyə və nəticədə İranın öz regionunda və bəlkə də ondan kənarda göstərdiyi sabitliyi pozan təsirə qarşı durmağa davam edəcəyik”.
Hazırda İran hərbi qırıcısının reydi Azərbaycana təhdiddir. Heç şübhəsiz, Vaşinqtonda bu məqamı nəzərə alırlar. Ancaq İrana qarşı barışmaz mövqe nümayişinin İsrail təmayülü də var. İsrail dövləti Tehranın, belə demək mümkünsə, qırıcı təyyarə təhdidinə zəruri reaksiya verməsi labüddür. Yeri gəlmişkən, ölkənin sabiq baş naziri Ehud Olmert “Real TV”yə açıqlamasında bildirib ki, İran çox diqqətli olmalı və Azərbaycanla qarşıdurmaya imkan verməməlidir. “Azərbaycan güclü ölkədir və daha da güclü olacaq, çünki onun güclü dostları var, İsrail də onlardan biridir”, – deyən keçmiş baş nazirin sözlərinə görə, İran çox aqressiv ölkədir və beynəlxalq ictimaiyyət bundan xəbərdardır: “ABŞ və digər ölkələrlə birlikdə ölkələri İran təhdidlərindən qorumaq üçün hər şeyi etməliyik. Biz Azərbaycanı da İranın təcavüzündən qorumalıyıq”.
Sonda onu da vurğulayaq ki, Azərbaycanın İranın təcavüzündən qorunması beynəlxalq diktədir. Məsələnin zəruriliyinin dərki Bakının illər ərzində apardığı xarici siyasətin böyük uğurudur. Məhz buna görə Azərbaycan Prezidenti ölkəmizin İslam respublikasından çəkinmədiyini bildirir. Dövlətimizin başçısı öz gücünə, yaratdığı şəraitin ölkəsi üçün etibarlılığına əmindir. İran isə bu sayaq davranışları ilə beynəlxalq aləmdəki despot imicinə bir qədər də yeni “rəng çalarları” daxil etməkdədir. Ölkə mövcud daxiletmənin nələrə gətirib çıxaracağını düşünməlidir. Ancaq görünən budur ki, mollakratiya düşünmək qabiliyyətini, tamamilə, itirib. Qırıcı təyyarə ilə əzələ nümayişi, məhz, bunun nəticəsidir.
Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”