Laçın yolunda blokada yoxdur, ictimai nəzarət isə var

post-img

“Ermənistanın 5 mart təxribatı bir daha onu göstərdi ki, Laçın yolunun son nöqtəsində, Ermənistan–Azərbaycan sərhədində sərhəd-nəzarət məntəqəsinin qurulması labüddür”. 

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administra­siyasının Xarici siyasət məsələləri şö­bəsinin müdiri Hikmət Hacıyev mediaya müsahibəsində bildirib. O qeyd edib ki, Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərində təbii sərvətlərimizin qanunsuz istismarına eti­raz olaraq dekabrın 12-dən bəri Laçın–Xankəndi yolunda vətəndaş cəmiyyətinin nümayəndələri, ekofəallar aksiya keçirir­lər: “Biz ilk gündən demişik ki, Laçın yolu bağlanmayıb, Rusiya sülhməramlıları, Beynəlxalq Qırmızı Xaç Komitəsi, huma­nitar yüklər rahat şəkildə yoldan keçir. Dekabrın 12-dən bugünədək 3 600-dan çox maşın Laçın-Xankəndi yolundan ke­çib. Məgər belə blokada olur?"

Laçın–Xankəndi yolunda davam edən aksiya dinc məqsədlidir, etiraz edənlərin avtomatı, topu-topxanası, tan­kı yoxdur və qanuni tələblər irəli sürürlər. Amma Ermənstan isə o iddiadadır ki, guya, Laçın yolu “blokada”dır, Azərbay­can Qarabağda yaşayan erməni sakin­lərə qarşı “genosid” törətməyə hazırlaşır. 

Ermənistanın təbliğat maşını hələ də Laçın–Xankəndi yolunun bağlı olduğunu deyir, humanitar böhranın meydana çıx­masından, “blokada”dan danışır. Bunlar həqiqətə uyğun deyil, açıq-aşkar dünya ictimaiyyətini aldatmaq cəhdidir. Real­lıq isə budur ki, həmin yol mülki şəxslər və mülki təyinatlı yüklərin keçidi üçün açıqdır, həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə humanitar yüklərin sərbəst hərəkəti təmin edilir.

Rusiya sülhməramlılarına məxsus avtomobillərin Laçın–Xankəndi yolunda hərəkəti daha da intensivləşib. Belə ki, gün ərzindən, ümumilikdə, 100-dən çox humanitar təyinatlı avtomobilin keçidinə şərait yaradılıb.

Dünya ictimaiyyətinə də bəllidir ki, Azərbaycan dövlətinin nəzarəti olmadan Laçın yolunda şəffaflığı təmin etmək mümkün deyil. Bu aksiya həm də sepa­ratizmə, onun hər cür təzahürünə qarşı yönəlib və regionda sabitliyin, təhlükəsiz­liyin təmini baxımından mühüm əhəmiy­yətə malikdir. Regionda ekoloji fəlakətin qarşısının alınması, sülh və sabitliyin təmini baxımından vacibdir və dünya bu məsələdə Azərbaycanın haqq işinə dəstək verməlidir.

Türkiyə mediasında davamlı olaraq Azərbaycan ərazilərində Ermənistanın törətdiyi ekoterrora diqqət yönəldilir. Məqalələrdə Azərbaycandakı ekofəal­ların, qeyri-hökumət təşkilatlarının nü­mayəndələrinin, şəhid ailə üzvləri və qazilərin könüllülərlə birlikdə Azərbay­canın işğaldan azad olunmuş Qarabağ bölgəsində təbii sərvətlərin Ermənistan tərəfindən talan edilməsinə, ekoloji terror törədilməsinə etiraz məqsədilə dekabrın əvvəllərindən başlayaraq Laçın–Xankən­di yolunda fasiləsiz dinc aksiya keçirdik­ləri qeyd edilib.

Sülh gündəliyinin irəli aparılması üçün Azərbaycan hər zaman təşəbbüs göstə­rib. Sülh müqaviləsinin bütün prinsipləri də qarşı tərəfə təqdim edilib. Azərbaycan dövləti növbəti humanitar niyyətini bəyan edib. Belə ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Qara­bağın erməni ictimaiyyətinin nümayən­dələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci gö­rüşə dəvət edir. Görüşün yaxın günlərdə Bakı şəhərində keçirilməsi təklif olunur.

 

Rizvan FİKRƏTOĞLU, “Xalq qəzeti”

Siyasət