İrəvan hər şeyi sıfırlamaq istəyirmi?

post-img

“Nə qədər pisdirsə, bir o qədər yaxşıdır”. Siyasi, iqtisadi, hərbi cəhətdən dalana dirənmiş və sülh danışıqlarından boyun qaçıran rəsmi İrəvan, deyəsən, bu rus zərbi-məsəlindəki hikməti özünün sonuncu taktikası kimi dövriyyəyə buraxıb. 

İrəvanın bu yeni taktiki gedişinin mo­tivlərini Qərbdən, yaxud Şimaldan aldığı­nı hələlik dəqiq söyləmək çətindir, amma məqsədinin Azərbaycanla sülh müqa­viləsinin imzalanmasını mümkün qədər gecikdirmək olduğu gün kimi aydındır. Onun belə “məsləhətləri” fars qardaşla­rından da ala biləcəyi versiyasını nəzər­dən qaçırmaq olmaz. 

Siyasi riyakarlığın altından boylananlar

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın “Azadlıq” ra­diosuna müsahibəsində dediyi fikirlər İrəvanın, əvvəllər olduğu kimi, arzuları­nı gerçəklik kimi qələmə verməsindən daha çox, kənardan alınan sifarişi yerinə yetirməyə bənzəyir. “Dağlıq Qarabağın təhlükəsizliyi məsələsi”ndən dəm vuran Qriqoryan sülh müqaviləsini imzalamala­rı üçün bir növ İrəvanın şərtlərini irəli sü­rür: “Bakı Qarabağın erməni sakinləri ilə ultimativ dildə danışmağa, çeşidli üsullar­la onlara təzyiq göstərməyə çalışır. Bunu deyərkən, Laçın yolunun blokadasını, üstəlik, Bakının təxribatlarını, terror fəa­liyyətini nəzərdə tuturam. Danışıqların baş tutması üçün diskussiya üçün imkan yaratmaq və mövcud anlaşmalar çərçi­vəsində qalmaq zəruridir. Çünki biz təh­lükəsizlik və hüquqi məsələləri müzakirə edəcəyik”. 

Bu sözləri adi bir erməni məmuru de­yil, Bakı və İrəvan arasında imzalanacaq sülh müqaviləsinin mətninin hazırlanma­sı prosesinə birbaşa cavabdeh sayılan əsas simalardan biri deyir. Qriqoryanın radio-bəyanatının mahiyyətinə diqqətlə fikir versək, görərik ki, bu, faktiki olaraq, Paşinyan iqtidarının sülh prosesinin, ba­rışıq dialoqunun, ümumiyətlə, son vaxtlar normallaşmasına ümidlərin cücərdiyi Er­mənistan-Azərbaycan münasibətlərinin üzərinə “svastikalı” erməni xaçının qoyul­ması məntiqinə gəlir. Bunun başqa izahı yoxdur. 

Ermənilərin təhlükəsizliyinin baş təminatçısı bununla da kifayətlənmir, məsələyə daha geniş aspektdə, - “bey­nəlxalq miqyasda” yanaşmağa cəhd göstərir: “Beynəlxalq mexanizm ondan ibarətdir ki, Stepanakertlə (?!) Bakı ara­sında danışıqlar və ya müzakirələr apa­rılsın və bunun nəticəsində orada xüsusi mexanizmlər işləsin. Misal üçün, Dağlıq Qarabağla təmas xəttinin ətrafında hərb­sizləşdirilmiş zona yaradıla bilər. Həmin hərbsizləşdirilmiş zona, təbii olaraq, Dağ­lıq Qarabağın təhlükəsizliyinin təminatçı­sı olacaq”. 

Yenə muxtariyyət mərəzi 

Stepanakerti (Xankəndi –red.) əlahid­də statusa malik tərəf kimi bizə və bey­nəlxalq ictimaiyyətə sırımağa çalışan İrə­van bir ovuc erməninin yaşadığı “Dağlıq Qarabağ”ın nə az, nə çox, “özünəməx­sus muxtariyyətindən” söz açır, bu işin hüquqi tərəfinin beynəlxalq müstəvidə “həllindən” danışır. “Azadlıq” radiosuna müsahibəsində “Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi”, “DQ ətrafın­da hərbsizləşdirilmiş zona” kimi sərsəm və üstündən xətt çəkilmiş ideyaları ye­nidən gündəmə gətirməyi hədəfləyən Qriqoryan, görünür, Bakının buna hansı cavabı verəcəyini hesablamayıb. 

Dünya hərb tarixində görünmə­miş presidentlə üzləşmişik: müharibəni uduzan, təslim aktını imzalayan tərəf sülh sazişinə də qol qoymaq üçün qalib tərəfə şərtlər irəli sürür. Ona bu cəsarəti verən nədir, yaxud kimdir? Ritorik sual­dır, amma yenə də cavabı araşdırmağa çalışaq. Bəlkə Avropa İttifaqının öz əra­zisinə, şərti sərhədin o üzünə çağırdığı uzunmüddətli mülki missiyası, yaxud “cə­nublu qardaşın” İrəvanın revanşist siyasi kəsiminə artan himayədarlığı, yoxsa son vaxtlar Hindistandan aldığı bir neçə dəst raket və qaubitsalar ona bu cürəti verib? O da ola bilər ki, hava sərhədimizi poza­raq, bir saata yaxın ərazimizin üzərində dövrə vuran İranın hərbi təyyarəsi sepa­ratçı haylara yuxarıdan intibahnamələr səpələyib. 

Bir il bundan əvvəl, 2022-ci ilin mar­tında Azərbaycan Ermənistanla münasi­bətləri normallaşdırmağı nəzərdə tutan 5 əsas prinsipi İrəvanın diqqətinə çatdırdı. Həmin prinsiplərin heç birində Qaraba­ğın etnik erməni əhalisi ilə bağlı müddəa yer almırdı və Paşinyan bunun Azərbay­canın daxil işi olduğunu de-fakto qəbul etdi. Ondan sonrakı ikitərəfli və üçtərəfli görüşlərdə Bakı Qarabağın erməni icma­sı ilə dialoqun mümkünlüyünü açıqladı, amma ortada bu təmasların dinindən və millətindən asılı olmayaraq, ölkənin bü­tün vətəndaşlarının riayət etdiyi qanunlar çərçivəsində aparılması reallığı durur. Bəs indi nə baş verdi ki, haylar sınıq valı bir daha səsləndirməyə qərar verdilər? Hər şey onu nişan verir ki, İrəvan Bakı ilə sülh dialoqunun predmetlərini bütün müstəvilərdə, özünə sərf edən şəkildə təzələməyə, qaydalarını pozduğu oyuna sıfırdan başlamağa qərar verib. 

Azərbaycandan daha bir xoşməramlı addım

Azərbaycan Respublikası Preziden­tinin Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteq­rasiya ilə bağlı təmasların davam etdi­rilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələləri­nin müzakirəsi üçün ikinci görüşə dəvət edib. Görüşün yaxın günlərdə Bakı şəhə­rində keçiriləcəyi gözlənilir. Biz “Qarabağ ermənilərinin cəmiyətimizə inteqrasiyası, bərabərhüquqlu vətəndaşlarımız kimi, təhlükəsiz və təminatlı yaşamaları üçün əlimizdən gələni edəcəyik”, – demişdik və bunu əməldə göstəririk. Haylar bu gün İrəvanda əyləşib məsuliyyətsiz bə­yanatlar, boş vədlər verən qriqoryanların onlara sahib çıxmayacağına nə qədər tez inansalar, biro qədər yaxşıdır. Ondan sonra Bakının xoş məramla uzatdığı ba­rışıq əlini bir o qədər tez sıxacaqlarına əminik. 

Yolunuz açıq olsun!

Sərsəm ideyanın müəllifi Qriqoryanın cavabını Azərbaycan Respublikası Prezi­dentinin köməkçisi, Prezident Administra­siyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev olduqca korrekt şəkildə verdi: "Qarabağ münaqişəsi həll olunub. Bizim üçün Qarabağ məsələsi beynəlxalq gündəlikdən çıxıb. Təsadüfi deyil ki, Brüssel, Moskva, Praqa, Soçi görüşlərində qəbul edilən sənədlərdə Qarabağa istinad yer almır. Qarabağda yaşayan erməni sakinlərin fərdi hüquq və təhlükəsizliyi Azərbaycan Konstitusiyası­na və qanunlarına uyğun həll olunacaq. Erməni sakinlərə heç bir xüsusi imtiyazın verilməsi nəzərdə tutulmur. Bu məsələ­nin Ermənistana və digərlərinə qətiyyən aidiyyatı yoxdur". 

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Qarabağ ermə­nilərinə rəsmi Bakının hansı alternativ variantı təklif etdiyini, deyəsən, unudub. Ona təklifimizi bir daha, həm də ən yük­sək səviyyədə, Azərbaycan Respublika­sının Prezidenti İlham Əliyevin sözlərini xatırladırıq: 

“Azərbaycanın bayrağı altında ya­şamaq istəyənlərə hər cür şərait yara­dılacaq. Ölkəmizin vətəndaşları kimi, ermənilərin də hüquqları və təhlükə­sizliyi təmin ediləcək, onlar daha yaxşı yaşayacaqlar. Əgər kimsə bizim vətən­daşımız olmaq istəmirsə, yol bağlı de­yil, açıqdır. Gedə bilər. Ya özləri gedə bilər, heç kəs onlara mane olmayacaq, ya da sülhyaradanların yük maşınları­nın brezenti altında, istəsələr, lap av­tobusla çıxa bilərlər. Yol açıqdır”. 

Özünü bütün ermənilərin təhlükəsizli­yinə cavabdeh sayan Armen Qriqoryana bu dəfə təklifimizi və göstərdiyimiz yolu həmişəlik yadında saxlamağı məsləhət görərdik.

 

 

Fərid ŞƏFİYEV, 

siyasi ekspert

Təəssüflə qeyd etməliyik ki, son vaxtlar Ermənistan tərəfindən qeyri-konstruktiv bəyanatlar verilir. Baxmayaraq ki, sülh sazişi üzərin­də iş dayanmayıb, müəyyən müba­dilə gedir. Bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev ətraflı açıqlama verdi. Dırnaqarası Qa­rabağın statusu kimi bəzi qaranlıq məqamlar var və ermənilər buna təkid edirlər. Ola bilsin Ermənis­tan daxilində də yekdil fikir yoxdur, Paşinyanın komandasına kənar­dan müəyyən təzyiqlər edilir. Belə deyə bilərik ki, 10 noyabr Bəyana­tından sonra İrəvanın mövqeyində müəyyənlər çatlar görünməkdədir. Bundan əvvəl sülh sazişi üzərində iş normal gedirdi, amma artıq bu proses ləngiyib. Mən inanmıram ki, yaxın zamanlarda bu məsələ­də hansısa nəticə əldə olunacaq. İrəvanı buna kim vadar edir? Bu­rada müxtəlif amillər mövcuddur. Daxili və xarici faktorlar var, amma sonda mütləq belə bir sual ortaya çıxacaq: axı, bütün bu proseslərə Ermənistan hökuməti cavabdeh­dir. Hətta daxili, xarici təzyiqlərə baxmayaraq, Ermənistan hökuməti qərar qəbul etməlidir. Paşinyanın buna mandatı çatır, çünki mühari­bəni uduzandan sonra da yenidən baş nazir seçilib. Amma, təbii ki, sülh sazişinin imzalanmasına hər tərəfdən ciddi müqavimətin olduğu­nu biz görürük. Burada geosiyasi oyunçuların da mənfi rolunu qeyd etməliyik.  

 

İ.HƏSƏNQALA, “Xalq qəzeti”

Siyasət