Avropa Parlamentinin növbəti hədyanı

post-img

Azərbaycana münasibətdə qərəzli addımları ilə digər anti-Azərbaycan dairələrindən hər zaman bir addım öndə olan Avropa Parlamenti (AP) ölkəmiz əleyhinə növbəti dəfə təşəbbüslə çıxış etməyə hazırlaşır.

Qərəzli qətnamə layihəsinin ilkin mət­nində Azərbaycanın, guya, Ermənistana hərbi təcavüz etməsi, Laçın-Xankəndi yolunun “blokadada olması” kimi iddialar, həmçinin artıq tarixin arxivinə gömülmüş ATƏT-in Minsk qrupu, “status”, “Dağlıq Qarabağda və ətrafında” kimi keçmiş sərsəm və gündəlikdə, ümumiyyətlə, ol­mayan məsələlər yer alıb.

***

Artıq qeyd etdiyimiz kimi, AP Avropa İttifaqının (Aİ) 7 institutu arasında Azər­baycana qarşı xüsusi qərəzi ilə seçilir. Aİ-nin ali siyasi orqanı olan, dövlət və hökumət başçılarından ibarət Aİ Şurası, onun prezidenti Şarl Mişel, Aİ-nin ən yük­sək icra orqanı olan Avropa Komissiyası, komissiyanın prezidenti xanım Ursula Fon der Lyayen ölkəmizə müsbət mü­nasibət bəsləyirlər. Onlar Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmina­tında oynadığı müsbət rolu hər fürsətdə vurğlayırlar. Azərbaycanla Aİ arasında sıx əməkdaşlıq mövcuddur.

Aİ Şurasının Prezidenti Şarl Mişel Cənubi Qafqazda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması istiqamə­tində səylər göstərir. Onun təşəbbüsü ilə Azərbaycan və Ermənistanın rəhbər şəxsləri arasında Brüsseldə və Praqada görüşlər keçirilib. Ötən il iyulun 18-də isə Ursula Fon der Lyayenin Bakıya səfəri zamanı Azərbaycanla Aİ arasında ener­ji sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. AP-nin bu mövqeyi həm Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə, həm də Aİ ilə Azərbaycan ara­sında mövcud olan qarşılıqlı əməkdaşlıq ruhuna tamamilə ziddir. Məhz bu kimi təşəbbüslər nəticəsində AP özünü tama­milə gözdən salıb, Azərbaycan xalqı ara­sında nüfuzunu itirib.

***

AP tərəfindən Azərbaycana qarşı təşəbbüslərin və qətnamələrin artıq sa­yı-hesabı itib. “Avroparlament artıq Er­mənistan parlamentinin bir komitəsinə çevrilib”, – desək, yəqin ki, səhv etmərik. Sanki Ermənistan Xarici İşlər Nazirliyi AP-ə hazır mətnlər göndərir, onlar da həmin mətnləri notariat kontoru kimi təs­diqləyirlər. Avropalı deputatların hərəkət­lərinə başqa cür izah vermək mümkün deyil.

***

AP-nin Azərbaycanla bağlı qərəzli qətnaməni müzakirəyə çıxarması və onu qəbul etməyə hazırlaşması Ermənistan­dakı revanşist qüvvələri hərəkətə gətirir. Avropalı parlamentarilər anlamalıdırlar ki, bölgədə yenidən genişmiqyaslı təxribat­lar olacağı təqdirdə bunun əsas müqəs­sirlərindən biri də məhz onlar olacaq. AP Ermənistanı açıq şəkildə dəstəkləməklə və regionda güc balansını İrəvanın xey­rinə dəyişməyə çalışmaqla, bu cür qızış­dırıcı siyasəti ilə lüzumsuz yerə bölgəni geopolitik rəqabət məkanına çevirməyə cəhdlər edir.

***

AP-nin Azərbaycana münasibətdə bu cür qərəzli mövqeyi həm də Avropa xalqla­rının əleyhinə getməkdir. Baxmayaraq ki, Avroparlamentin 705 deputatının 176-sıAvropa Xalqları Partiyasını təmsil edir. Bu gün Azərbaycan Avropanın enerji təc­hizatında mühüm rol oynayır. Rusiya-Uk­rayna müharibəsi fonunda Avropa ölkələri Rusiya qazından asılılığı azaltmaq üçün ölkəmizdən idxal etdikləri qazın həcmi­ni daha da artırmağa çalışırlar. Ötən ilin oktyabrın 1-də Bolqarıstanın paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıs­tan Qaz İnterkonnektorunun (IGB) açılış mərasiminin keçirilməsi, dekabrın 17-də Buxarestdə Azərbaycan, Gürcüstan, Ru­mıniya və Macarıstan hökumətləri ara­sında yaşıl enerjinin inkişafı və ötürülmə­si sahəsində strateji tərəfdaşlıq haqqında sazişin imzalanması, Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılması bunun əsas göstəriciləridir. Halbuki, həmin bu Avropa Parlamenti vaxtilə Cənub Qaz Dəhlizi la­yihəsinə qarşı çıxmışdı. Lakin zaman Cə­nub Qaz Dəhlizinin Avropanın enerji təh­lükəsizliyi üçün vacibliyini, Azərbaycanın Avropa üçün əhəmiyyətini sübut etdi.

***

Bir zamanlar Avropanın üzləşdi­yi problemlərin qarşısının alınmasında mühüm rol oynayan AP son illərdə an­caq korrupsiya cinayətləri və Azərbay­cana münasibətdə qərəzli addımları ilə gündəmə gəlir. Yunanıstandan olan vit­se-prezident Yeva Kaylinin milyonlarla dollarlıq korrupsiya cinayətində ittiham edilməsi Avroparlamentin tarixində qara ləkədir. Ancaq bu ləkə nə birincidir, nə də sonuncu.

Adı AP-də aşkara çıxan korrupsiya əməllərindən sonra məşhurlaşan, eyni vaxtda Yunanıstan, Ermənistan və Lük­semburq vətəndaşı olan Kaspar Kara­petyan daimi yaşayış yeri kimi Avropa siyasətinin mərkəzi olan Brüsseli təsa­düfən seçməyib. Çünki yalnız Belçika­nın paytaxtında Karapetyan eyni vaxtda Avropa Parlamentində Ermənistanın maraqlarına lobbiçilik, almaz biznesinin həssas məsələlərini həll edə bilərdi. Onu əbəs yerə Belçikadakı erməni mafiyası­nın “xaç atası” adlandırmırlar. Artıq heç kim üçün sirr deyil ki, Karapetyanın bril­yant biznesindən qazandığı çirkli pullar bəzi Avroparlament deputatlarının gözlə­rini qamaşdırır. Erməni mafiyasının “xaç atası” AP deputatlarını dirijor çubuğu ilə idarə edir. Bu kimi hallar AP kimi bir qu­rum üçün utancvericidir.

Avroparlament deputatları irqçi, is­lamafob, Azərbaycanofob, türkofob mövqelərdən, ikili standartlardan əl çək­məli, orta əsrin səlibçi təfəkküründən uzaqlaşmalı və Ermənistan – Azərbay­can münasibətləri ilə bağlı məsələlərə er­məni konyakının dumanlandırdığı başla deyil, sağlam məntiqlə yanaşmalıdırlar.

 

Asim MOLLAZADƏ,
Milli Məclisin deputatı:

Avropa Parlametinin növbəti dəfə Azərbaycana qarşı qətnamə qəbul etməyə hazırlaşmasının əsas səbəbi erməni lobbisinin bu təşkilatda kor­rupsiya mühitindən istifadə etməsi­nin daha bir göstəricisidir. Bu, erməni lobbisinin Azərbaycan və Türkiyəyə qarşı yalan və böhtan kampaniyası­nın bir hissəsidir. Bilirsiniz ki, bu par­lamentin vitse-prezidenti həbsdədir. Digər bir qrup deputat korrupsiyada ittiham olunur. Hamı çox gözəl bilir ki, həbs olunan vitse-prezident “Er­mənilərin dostu” təşkilatının rəhbər­liyində təmsil olunurdu. Çox təəssüf ki, korrupsiya işi ilə bağlı istintaq Qətər və Mərakeşlə bağlıdır. Hələ­lik ermənilərin fəaliyyəti ilə bağlı is­tintaq aparılmır. Karapetyan soyadlı brilyant alverçisi bir sıra Avropa de­putatları ilə çox sıx əlaqədədir. Zən­nimcə, bu istiqamətdə də korrupsiya cinayətlərinin ciddi araşdırılmasının zamanı yetişib. Bu lobbiçilik bilava­sitə qeyri-qanuni xarakter daşıyır. Mənə elə gəlir ki, burada əsas ma­hiyyət də korrupsiyadır.

 

Səxavət HƏMİD, “Xalq qəzeti”



Siyasət