Hörmətli oxucular! “Heydər Əliyev xatirələr işığında” layihəmizdə ilk qonağımız tanınmış ictimai-siyasi xadim Həsən Həsənovla geniş maraq doğuran söhbətimizin 4-cü hissəsinin gecikməsi, müsahibimizin bir müddət Bakıda olmaması ilə bağlı oldu. Ona görə söhbətimizin davamı olan və daha maraqlı hadisələrin qeyd edildiyi 4-cü hissəni sizə təqdim edirik.
IV söhbət
– Həsən müəllim, söhbətimizin bir yerində qeyd etdiniz ki, sovet dönəmində Azərbaycana xarici əlaqələr yaratmaq sahəsində müəyyən səlahiyyətlər verilmişdi. Heydər Əliyev bu imkanlardan necə istifadə edirdi? Yəqin ki, sizin bu barədə məlumatınız olardı.
– Əlbəttə istifadə edirdi. Bundan əvvəlki söhbətimizdə mən onun tapşırığı ilə Əlimərdan bəy Topçubaşovun ailəsi ilə görüşmək istədiyimdən danışdım. Əslində, Əlimərdan Topçubaşovun ailəsi ilə əlaqə yaratmaq cəhdi, Heydər Əliyevin bu kimi işlərə səlahiyyəti olmadan attığı addım idi. Bu, onun şəxsi cəsarətindən irəli gəlirdi. Düşünürəm ki, təkcə bu yox, ulu öndər bir çox addımlarını da Moskvanın rəsmi icazəsi olmadan atırdı.
1981-ci ildə Azərbaycan Yazıçılar İttifaqının növbəti qurultayı keçirilirdi. Qurultayda iştirak edən Heydər Əliyev təklif irəli sürdü ki, bizim Yazıçılar İttifaqının nəzdində xüsusi “Cənubi Azərbaycan ədəbiyyatı bölməsi yaradılsın”. Bölməyə rəhbərlik əslən Güney Azərbaycandan olan Balaş Azəroğluna tapşırıldı. Bununla yanaşı o, həm də Azərbaycan Yazıçılar İttifaqının katibi vəzifəsinə seçildi. Həmin dövrdə əslində, sovet xalqlarının bir çoxunun xarici ölkələrdə yazıçıları, şairləri və başqa incəsənət adamları var idi. Amma dediyim şəkildə təşkilat ancaq Azərbaycanda fəaliyyət göstərirdi və bu da Heydər Əliyevin təşəbbüsü ilə yaranmışdı. Bu ərəfədə Xalq şairi Nəbi Xəzri böyük çətinliklərlə Güney Azərbaycanda yaşayan Şəhriyarla telefonla danışa bildi. Bu da gözlənilməz hal idi. Elə həmin günlərdə bu telefon danışığının respublikanın “Ədəbiyyat və incəsənət” qəzetində dərc edilməsi tövsiyə olundu.
Bir maraqlı faktı deyim: O illərdə tanınmış ədəbiyyatşünas alimimiz Abbas Zamanov öz təşəbbüsü ilə, gizli yollarla xarici kitabxanalarla əlaqə yaratmışdı və bu yolla vaxtaşırı Azərbaycan ədəbiyyatının nümunələrini, həmçinin Bəxtiyar Vahabzadənin əsərlərini Türkiyəyə göndərirdi. 1960-cı illərdə Abbas Zamanov tədbirlərin birində Ermənistanda Naxçıvanla bağlı qaldırılan iddialara qarşı kəskin tənqidi fikirlər söylədiyinə, ermənilərə qəti etiraz etdiyinə görə onu Kommunist Partiyası sıralarından xaric etmiş və Bakı Dövlət Universitetinin müəllimliyindən kənarlaşdırmışdılar. Bir neçə il uzanan müzakirələrdən sonra onu partiya sıralarına bərpa etdilər.
Mən artıq Gəncədə işləyəndə Abbas Zamanov bir neçə dəfə ora gəlmişdi və biz, demək olar ki, dostlaşmışdıq. 1981-ci ildə mən ideologiya üzrə katib seçiləndə Abbas müəllimlə əlaqələrimiz daha müntəzəm və sıx oldu. Müəyyən vaxtdan sonra – 1971-ci ildə Abbas Zamanovu Türkiyə Dil Qurumuna üzv seçdilər. Bu və bunun kimi bir çox səbəblərdən onu Dövlət Təhlükəsizlik Komitəsinin ciddi nəzarətinə götürdülər.
Bunlarla yanaşı, Rüstəm Əliyevlə də, demək olar ki, Nizami Gəncəvi mövzusu ilə bağlı sıx əməkdaşlıq edirdim. Bütün bu işlərimdən xəbər tutan bir nəfər mənə dostluq siqnalı göndərdi ki, Heydər Əliyev sənin bu əlaqələrindən razı olmaya bilər. Çox düşünəndən sonra qərara aldım ki, dediyim adamlarla sıx əməkdaşlıq etmək üçün birbaşa Heydər Əliyevdən icazə almayım. Düşüncəmdə ona əsaslanırdım ki, icazə almağım Heydər Əliyevin ziyalılarımıza qarşı inamsızlığına dəlalət edər, bu da ona toxunar. Mən sadəcə tez-tez ziyalılarımızla əməkdaşlığımızdan danışanda onların, hətta “dissident” kimi tanınan başqa ziyalılarımızın adlarını çəkərdim. Belə hallarda Heydər Əliyevin reaksiyası mənə aydın göstərirdi ki, kənarda düşünülən, söylənən fikirlər, baxışlar səhvdir. Əslində hər şey mənim düşündüklərimin doğru olduğunu göstərirdi. Həqiqətdə Heydər Əliyevin bizim ziyalılarımıza münasibəti onların milli maraqlarımıza olan sədaqətindən irəli gəlirdi. Bu dərs Heydər Əliyevlə ilk görüşlərimizdə Nəriman Nərimanova aid mövqeyini açıqlayanda mənə aydın olmuşdu.
Bir gün də Sovetlər Birliyi Yazıçılar İttifaqının qərarı ilə Anar və Elçin Türkiyəyə ezam olundular. Lakin Moskvada Dövlət Təhlükəsizilik Komitəsi buna rəsmi etiraz etdi. Ancaq Heydər Əliyevin məsələyə müdaxiləsindən sonra onların ikisi də Türkiyəyə getdi.
Avropa ölkələrində tez-tez Azərbaycan mədəniyyət günləri keçirilirdi. Moskvanın qərarı ilə Azərbaycanda İordaniya mədəniyyət günləri keçiriləndə Heydər Əliyev onların nümayəndə heyətini qəbul etdi. Görüş qonaqlara elə təsir etmişdi ki, qayıdandan sonra İordaniyada Azərbaycan haqqında ərəb dilində kitab nəşr etdirmişdilər. Bu kitab da bizim iordaniyalılara verdiyimiz, Heydər Əliyevin 1980-ci ildə nəşr olunan kitabı əsasında hazırlanmışdı. Sonra respublika Kommunist Partiyasının Mərkəzi Komitəsinin məsul işçisi Namik Axundov müxtəlif yollarla İordaniya ilə əlaqə saxlamağa nail oldu. Kitab nəşr olunduqdan sonra bizə də göndərdilər və mən onu Heydər Əliyevə təqdim etdim. Moskva bundan xəbər tutanda mənə zəng etdilər və narazı şəkildə soruşdular ki, buna kim icazə verib. Mən də soyuqqanlılıqla cavab verdim ki, İordaniya dövləti kitablar nəşr edəndə razılığını bizdən almır.
– Ümumiyyətlə, Moskva bunlara və Azərbaycanda bunlara bənzər hadisələr baş verəndə necə reaksiya verirdi?
– Heydər Əliyevin Moskvada çox böyük hörməti var idi. Çünki İttifaq dövlətinin başında olanlar, onu yüksək dəyərləndirirdilər. İkinci sırada olan yüksək mövqeli məmurlar və siyasi xadimlər onunla hesablaşmağa məcbur idilər. Amma Heydər Əliyev Moskvaya gedəndən sonra, Kremldəki partiya məmurları Azərbaycanda milli mədəniyyətimizə aid baş verən müsbət hadisələri daha qısqanc və tənqidi şəkildə dəyərləndirməyə başladılar. Məsələn, mənim ideologiya üzrə katib vəzifəsindən kənarlaşdırılıb, tikinti sahəsinə keçirilməyim elə bunun bariz nümunəsi idi. Söylədiklərim tarixin 80-ci illərində baş verirdi. Moskva artıq xalqla deyil, dissident adlandırılan seçmə insanlarla mübarizə aparırdı. Bir neçə mövzu üzrə dissidentlər var idi. Bunlardan dövlət üçün daha qorxulu olanlar, yəni birbaşa Kommunist Partiyası və Sovet hakimiyyətinə qarşı çıxış edənlər idi. Azərbaycanda da dissident kateqoriyasına aid edilən şəxslər fəaliyyətdə idilər. Məsələn, daha çox Bəxtiyar Vahabzadəni, Xəlil Rzanı, Abbas Zamanovu, Anarı və onun rəhbərlik etdiyi Qobustan jurnalını bu kateqoriyaya aid edirdilər. Fərq onda idi ki, Azərbaycan dissidentləri fəaliyyətlərini, daha çox milli maraqlarımız uğrunda mübarizəyə yönəldirdilər.
– Eşitdiyimizə görə, sizin də Gəncə (o vaxtkı Kirovabad) Partiya Komitəsinin birinci katibi işlədiyiniz vaxtlarda milli ruhda bəzi yenidənqurmalarınız olub. Yəqin ki, sizə bu imkanı, cəsarəti verən həm də Heydər Əliyevin belə məsələlərə münasibəti olub...
– Əlbəttə, Heydər Əliyevin dəstəyi və özünün gördüyü işlər mənə də sirayət edirdi. Məsələn, o vaxt Kirov-abadda (Gəncə) iki rayon yaradıldı. Həmin illərdə bu şəhərdə 250 min əhali yaşayırdı, onun da 50 mini erməni idi. Rayonlara bölgü söhbəti düşəndə, mənə dedilər ki, əvvəllər də şəhərdə rayon bölgüsü olanda ərazi Gəncə çayının sağ və sol sahilinə bölünüb. Mən dərhal düşündüm ki, belə olan halda, bir tərəf 50 min erməninin kompakt yaşadığı ərazi olacaq. Onda da rayonun rəhbərliyinin əksəriyyəti gərək erməni olsun. Mən oranı elə bölürdüm ki, şəhərdə yaşayan azərbaycanlılar, ermənilər və ruslar eyni sayda iki yerə bölündülər. Bundan sonra bir çox şikayətlər də oldu, hətta Heydər Əliyevə də narazılıqlar bildirilmişdi. Ancaq Heydər Əliyev bunu çox normal qəbul etdi.
Hələ Gəncə adının bərpası zamanı nələr olmadı. Mərkəzi Komitənin məsul işçilərindən biri - Əzimov familiyalı şəxs mənə göstəriş verdi ki, yaradılan iki rayondan birinin adını “Sovetski”, birinin də “Leninski” yazıb sənədləri təcili Mərkəzi Komitəyə göndər. Dedim ki, axı Azərbaycanda artıq Lenin adına rayon var. Sovet adı da elə respublikamızın adında həkk olunub. O adam narazı və sərt şəkildə qayıtdı ki, yəni sən Sovet və Lenin adlarına zidd gedirsən? Məsuliyyətini hiss edirsən? Cavab vermədim və söhbətimiz bununla bitdi. Çox fikirləşəndən sonra Bakıya göndərmək üçün hazırladığım sənəddə ad göstərmədim, sadəcə, yazdım “Rayon nömrə 1”, “Rayon nömrə 2”. Mənə təzyiq edən adam – Əzimov MK-da təşkilat şöbəsində müdir müavini idi. Sənədi alan kimi mənə telefon açdı ki, bu nədir burda yazmısan? Dedim ki, siz demirsiniz “Sovetski”, “Leninski”? Mən belə yazıram, siz nə ad istəyirsiniz onu da qoyun, səlahiyyət sizindir. Həmin adam başa düşmüşdü ki, bu məsələdə yana bilər və mənimlə mübarizəni dayandırdı. Amma yazdığım sənədləri Heydər Əliyevə məruzə etmişdilər. Heydər Əliyev mənə zəng vurdu və çox təmkinlə dedi: – Həsən, sən burda yazırsan “Rayon nömrə 1”, “Rayon nömrə 2”. Bu nə deməkdir belə? Belə də rayon adı olar?
Demədim ki, bəs, şöbə müdirinin müavini mənə belə təklifi verib. İstəmədim vəziyyəti gərginləşdirim, əlavə intriqalar olsun. Dedim ki, Heydər Əliyeviç, bu səlahiyyət sizindir, hansı adı istəyirsiniz onu da verə bilərsiniz.
Dedi: –Sən düz deyirsən, qərar vermək səlahiyyəti bizimdir, ancaq təklif vermək səlahiyyəti sənindir. Sən təklifini ver, biz baxaq. De görüm, sən nə ad fikirləşmisən?
Bu sözün deyiliş tonu, Heydər Əliyevin siyasi xəttinə, onun içindəki Vətən təəssübkeşliyinə yaxından bələd olmağım məni cəsarətləndirdi.
Dedim: − Biri Nizami adına rayon”.
Dedi: − Lap yaxşı. Bəs ikincisi?
Dedim: − İkincisi də Yeni Gəncə.
Dedi: − Necə yəni Yeni Gəncə?
Dedim: − Yeni Gəncə də.
Axı nə deməkdir, Yeni Gəncə − deyə, soruşdu.
Mən isə dedim ki, Heydər Əliyeviç, yadınızdadır, Siz bura gələndə yeni saldığımız parka baxdınız. Onun yanında bir yaşayış sahəsi var. Oranın adı indi Yeni Gəncədir.
Dedi: − Bəs rayonun adı niyə Yeni Gəncə olmalıdır?
Bu məqamda elə düşündüm ki, onun Gəncə sözünə etirazı var. Çünki həmin illərdə Gəncə sözünü dilə gətirmək belə, sanki, Sovet hakimiyyətini inkar etmək demək idi. Yəni sən Gəncə deyirsənsə, deməli “yoldaş Kirova” hörmətsizlik edirsən. Bir müddət o soruşdu, mən cavab verdim. Baxdım yavaş-yavaş içimdə həyəcan qalxır. Düşündüm, indi deyəcək ki, Həsən ağ eləmə, nə Gəncə? Axırda qayıtdı ki, Həsən, mən bilmək istəyirəm ki, bu “yeni” sözü nədir axı? Dedim: − Heydər Əliyeviç, bunu bayaqdan deyin, az qalmışdı infarkt olam. Elə bildim Siz Gəncə sözünə irad bildirirsiniz. Heydər Əliyev gülümsəyərək dedi: − Yox, Gəncə adı kifayətdir, ona nəsə əlavə etməyə ehtiyac yoxdur.
Bu söhbətdən sonra, Heydər Əliyevin qərarı ilə rayona Gəncə adı verildi. Beləliklə, gəncəlilərin, təxminən, yarım əsrlik Gəncə sözünə olan həsrətləri aradan götürüldü. Sovet hakimiyyətinin qərarı ilə, 1934-cü ildə şəhərin adından götürülən Gəncə adı, elə Sovet dövründə 1980-ci ildə şəhərin bir hissəsinə qaytarıldı və qanunla təsdiqləndi. Üfüqdə yeni dövrün əlamətləri görünməyə başladı.
Qorbaçov hakimiyyətə gələndən sonra rayonlarda bölgü prinsipi və Gəncə adının bərpası ilə bağlı Moskvaya yüzlərlə məktub, şikayət ərizəsi axdı. Hətta ermənilər Fransa qəzetlərinə qədər yazdılar, “Kirovabadda rayonlar elə bölündü ki, ermənilər heç birində üstünlük əldə edə bilməsinlər”. Fransa qəzetində mənim ünvanıma iddialar bildirildiyini diqqətdə saxlayan Qorbaçov birinci katib Kamran Bağırovdan soruşmuşdu: “Həsən Həsənov kimdir?” Bu haqda sonradan mənə Kamran Bağırov söylədi. Moskva artıq “perestroyka” adlanan siyasətini inkişaf etdirirdi və baş qarışdı deyə, bu şikayətlərə reaksiya verilmədi.
– Yeni dövrün gəlişinin başqa, özünəməxsus əlamətləri də var idimi?
– Bəli, bu siqnal mənə çox mötəbər mənbədən gəlmişdi. 1981-ci ildə xəbər gəldi ki, SSRİ Xarici İşlər naziri, Sov. İKP MK Siyasi Bürosunun üzvü Andrey Qromıkonun oğlu Anatoli Qromıko Bakıya gəlməyə hazırlaşır. O, SSRİ Elmlər Akademiyasının Afrika Tədqiqatları İnstitutunun direktoru vəzifəsində çalışırdı. Onun gəlişinin məqsədi Azərbaycanla tanış olmaq idi. Bunun proqramını Heydər Əliyevlə razılaşdıranda mənə dedi ki, bununla gəzəndə və danışanda nəzərə al ki, o gördüklərinin və eşitdiklərinin hamısını atasına söyləyəcək. Atası da Siyasi Büronun başqa üzvlərinə bildirəcək.
Başa düşdüm ki, özfəaliyyətə yol vermək olmaz və cəhd edib soruşdum: – Bəlkə, mən, elə atasına aid məsələ qaldırım?
Heydər Əliyev gülümsəyərək soruşdu: – Yəni sən dünya siyasətinə düzəliş etmək istəyirsən?
Mən də gülümsəyərək cavab verdim: – Yox, Heydər Əliyeviç, oralarla mənim işim yoxdur. – Sonra əlavə etdim, – Bəlkə deyim, niyə Ermənistana xarici ermənilərlə geniş əlaqə yaratmağa hərtərəfli şərait yaradılır, imkan verilir, bizə isə yox?
Heydər Əliyev dərhal reaksiya verərək dedi: – Soruş, amma nəsə sərt cavab versə və yaxud cavabından razı qalmasan, mübahisə etmə.
Anatoli Qromıko mənə çox ünsiyyətcil şəxs təsiri bağışladı. Özü də səmimiyyətlə davranırdı, ölkədə olan vəziyyətdən də söhbət salırdı. Buna baxmayaraq, mən danışığımda və verdiyim suallarda çox ehtiyatlı idim. Amma fürsət tapıb sual verdim ki, ermənilərin və azərbaycanlıların ikisinin də sovet xalqı olduqları halda, nə üçün onların diaspor ilə əlaqələrində belə böyük fərq var. Bunları deyərkən mən daxildən çox həyəcanlı idim, o isə heç bir həyəcan keçirmədən və gözlənilmədən mənə cavab verdi: “Darıxmayın, zaman çatıb, ola bilər ki, sizin nəsil, artıq sərhədlərin sərbəstləşməsini görəcək və xaricdə yaşayan həmyerlilərinizlə doyunca görüşüb ünsiyyətdə olacaqsınız”. Mən cavabdan təəccübləndim və mövzunu dəyişdim. Bu məlumatı olduğu kimi, Heydər Əliyevə söylədim. Heydər Əliyev məndən soruşdu: – Bəlkə o sənin reaksiyanı gözləyirdi?
Dedim: – Mən heç bir reaksiya vermədim.
Gülümsəyərək soruşdu: – Niyə reaksiya vermədin?
Dedim: – Çünki onun cavabı çox gözlənilməz oldu.
Heydər Əliyev bir anlıq fikrə daldı, sonra dedi: – Yəqin atası ilə söhbətlərindən belə nəticəyə gəlib.
Çünki 1981-1982-ci illərdə artıq dünyada ciddi dəyişikliklər olacağı haqda fikirlər dolaşırdı...
Söhbəti qələmə aldı:
İlqar RÜSTƏMOV, “Xalq qəzeti”