Ötən ilin may ayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Azərbaycan–Türkiyə–Avropa Ölkələrarası Enerji Layihəsi çərçivəsində təməli qoyulan 330 kilovoltluq Cəbrayıl Qovşaq Yarımstaniyasında işlər yekun mərhələyə daxil olub.
Bu barədə “AzərEnerji” ASC-dən məlumat verilib. Məlumatda bildirilir ki, ötən 9 ayda Qarabağ və Şərqi Zəngəzurda tikilən Cəbrayıl Qovşaq Yarım-stansiyasında “AzərEnerji” tərəfindən böyük həcmdə torpaq, tikinti, quraşdırma işləri olmaqla yeraltı kommunikasiyalar üçün kanallar inşa edilib, 330 və 110 kV-luq açıq paylayıcı qurğular, rəqəmsal idarəetmə mərkəzi tikilib. Bütövlükdə isə, yarımstansiyada işlərin 80 faizindən çoxu görülüb. İşlərin may ayına qədər başa çatdırılması nəzərdə tutulub.
Ötən müddətdə, həmçinin “Ağcabədi” yarımstansiyasından Cəbrayıla 132 kilometr məsafədə ikidövrəli olmaqla 330 kilovoltluq ötürmə xəttinin çəkilməsi ilə bağlı işlərin böyük hissəsi görülüb. Bununla yanaşı, Cəbrayıl Enerji Qovşağını qidalandıracaq əsas yarımstansiyalardan biri olan 330 kilovoltluq “Ağcabədi” yarımstansiyasının tam yenidən qurulmasına başlanılıb.
“AzərEnerji” tərəfindən işğaldan azad edilən ərazilərdə tikilən 110 kilovoltluq yarımstansiyaları əlavə mənbədən qidalandırmaq üçün 330 kilovoltluq Cəbrayıl Qovşaq Yarımstansiyası ilə 110 kilovoltluq Qubadlı yarımstaniyası arasında 12 kilometr məsafədə 110 kilovoltluq ötürmə xəttinin çəkilməsi prosesi də yekunlaşmaqdadır.