Azərbaycanda 28 aprel çevrilişindən sonra sovet hakimiyyəti tərəfindən ruslaşdırma siyasəti aparıldığı üçün xüsusilə Bakı şəhərində rusdilli məktəblərin artması, Azərbaycan əhalisinin totalitar rejimin “müvafiq qanunları” əsasında əhalinin Moskvadan gətirilən rusdilli qəzet-jurnallara abunə olunması, bütün iş yerlərində sənədlərin rus dilində tərtib edilməsi, ərizələrin bu dildə yazılması, iclasların yalnız onların dilində keçirilməsi, afişaların, elanların imperiya dilində vurulması, təbii ki, ruslaşdırma prosesini gücləndirir, bununla da xalqın milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin üstündən xətt çəkilirdi. Kommunist ideologiyasının tələbləri əsasında aparılan bu proses nəticəsində Azərbaycan xalqı gerçək tarixini, soykökünün kimliyini az qala unudur, sovet üsuli-idarəsinin sərt tələbləri ilə milli mənliyini zaman-zaman itirirdi.
1969-cu ildə Azərbaycana rəhbər gələn Heydər Əliyev xalqın milli-mənəvi dəyərlərini, adət-ənənələrini, milli mənliyini özünə qaytarmaq üçün əlindən gələni etdi və sosializm ideologiyasının sərt tələbləri altında yüksək intellekti, dərin zəkası, fitri istedadı ilə bacardığı qədər xalqın saxtalaşdırılan tarixini yenidən vərəqləyib ən vacib səhifələri üzə çıxardı və ana dilinə dövlət statusu verilməsi üçün mübarizə aparmağa başladı. Nəhayət, 1978-ci ildə Azərbaycan SSR Ali Sovetinin VII sessiyasında ulu öndər Heydər Əliyevin əzmkarlığı, qətiyyəti sayəsində Azərbaycan Respublikası Konstitusiya layihəsinin 73-cü maddəsinə belə bir təklif olundu: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Nəticədə, bu məsələ Azərbaycan SSR Konstitusiyasında öz əksini tapdı. Bununla da Azərbaycan dili dövlət dili statusunu aldı.
Bu isə, öz növbəsində, Azərbaycan xalqının mənliyinin, milli-mənəvi dəyərlərinin, milli mədəniyyətinin, milli təfəkkürünün, milli mövcudluğunun, adət-ənənələrinin əks-sədası idi. Çünki dil xalqın milli mənliyini ifadə edir. Təbii ki, öz dilini mükəmməl bilməyən insan bir çox şeydən, ən əsası, xalqın milli təfəkküründən xəbərsiz olur.
Bu da günəşin başımızın üstündə şölə saçdığı kimi aydındır ki, ədiblərimiz dilə millətin ruhu, kimliyi, mədəniyyəti kimi yanaşıb, onu qorumağı, zənginləşdirməyi özlərinə borc biliblər. Nəsimi, Füzuli, Vaqif, Əhməd Cavad, Cəfər Cabbarlı kimi dahi şəxsiyyətlər dilimizin gözəlliyini, gücünü yaradıcılıqlarında əks etdirərək, dilimizin ədəbi norma və standartlarının formalaşmasına, zənginləşməsinə böyük töhfələr vermişlər. Onlar dilin sadəcə ünsiyyət vasitəsi deyil, eyni zamanda, fikrin, ideyanın, milli kimliyin daşıyıcısı olduğunu vurğulamışlar.
Klassiklərimizin yaradıcılığını dərindən bilən, onların bəşəri ideyalarla zəngin olan cahanşümul əsərlərini, doğma dilin saflığını qorumaq üçün yaratdıqları sanballı və dəyərli əsərləri gözəl dərk edən ümummilli liderimiz Heydər Əliyevin bu qətiyyətli addımı Azərbaycan xalqını başqa dillərin təsirinə düşməkdən, öz milli-mənəvi dəyərlərini qoyub başqa xalqların dəyərlərini daşımaqdan xilas etdi.
Bütün bunlar bilavasitə Azərbaycanda yaşayan azərbaycanlılar tərəfindən həyata keçirilməyə başlandı, daha doğrusu, Azərbaycanda yaşayan azərbaycanlılar əcnəbi dilin təzyiqindən xilas oldular, doğma dildən azad və sərbəst şəkildə istifadə edildi. Sənədlər Azərbaycan dilində tərtib olundu, iclaslar doğma dildə keçirildi, afişalar ana dilində yazıldı, verilişlər dilimizdə yayımlandı. Milyon tirajlarla Azərbaycan dilində kitablar nəşr olundu, çox sayda dərsliklər hazırlandı. Eyni zamanda, dünya, Avropa, rus klassiklərinin əsərləri Azərbaycan dilinə tərcümə edilib, xalqın ixtiyarına verildi.
Lakin yerli-yersiz doğma dilimizə daxil olan yad sözlərin işlədilməsi də dilimizin saflığında müəyyən problemlər yaradırdı ki, bu da öz növbəsində Heydər Əliyevin ənənələrini layiqincə davam etdirən Prezident İlham Əliyevi narahat edən məsələlərdən biri idi. Dilimizin saflığına, təmizliyinə daim xüsusi əhəmiyyət verən Prezidentimiz 3 noyabr 2025-ci ildə AMEA-nın 80 illik yubileyindəki tarixi çıxışında bu mövqeni dəqiq şəkildə ifadə edərək bildirib ki, beynəlxalq leksikonun mövcudluğu danılmaz faktdır və bütün xalqlar bu leksikondan istifadə edirlər. Lakin Azərbaycan dilində əzəli və adekvat qarşılığı olan sözlərin başqa dillərdən alınan sözlərlə əvəzlənməsi nə elmi, nə də funksional baxımdan əsaslandırıla bilər. Bu cür yanaşma ya dilçilik baxımından yanlış, ya da məqsədli şəkildə aparılan destruktiv müdaxilə kimi dəyərləndirilə bilər.
Prezident İlham Əliyev Azərbaycan dilinin saflığını, təmizliyini qorumaqdan ötrü islahatlar aparmağın zəruriliyini önə çəkmiş, bu işlə məşğul olmağın xalq qarşısında müqəddəs bir vəzifə olduğunu xüsusi vurğulamışdır.
Dövlət başçısı dilin insanları birləşdirdiyini qeyd edərək, doğma dilin bayraqla, himnlə, gerblə birlikdə əsas atributlardan biri olduğunu diqqətə çatdırmışdır. Prezidentimiz, eyni zamanda, Azərbaycanın əsrlər boyu yadellilər tərəfindən işğal olunaraq müstəmləkəyə çevrildiyini yada salmış, lakin buna baxmayaraq, müstəqillik tariximizin də zəngin olduğunu söyləmişdir. Lakin başqa imperiyaların, dövlətlərin tərkibində olmağımızın istər-istəməz, xalqımızın psixologiyasında müəyyən təsir buraxdığını və bu psixoloji fəsadların indi də özünü göstərdiyini demiş və bunun nəsillərin dəyişməsi, yaxud başqa amillərlə bağlı olduğunu vurğulamışdır.
Prezident bütün bunlarla yanaşı, milləti bir millət kimi xarakterizə edən əsas amilin dil olduğunu ön plana çəkmişdir: “Ancaq dil o amildir ki, milləti millət edir. Biz bütün dövrlər ərzində dilimizi qorumuşuq və bu gün danışdığımız Azərbaycan dili bizim ulu babalarımızın danışdığı Azərbaycan dilindən fərqlənmir. Bu, böyük nailiyyətdir. Mən hesab edirəm ki, xalqımızın böyüklüyüdür ki, biz başqa dillərin təsirinə düşməmişik. Düzdür, sovet vaxtında bizim leksikonumuza bəzi kəlmələr daxil olmuşdur. Mən beynəlxalq leksikondan gələn kəlmələri nəzərdə tutmuram. Amma prinsip etibarilə müstəqillik dövründə biz özümüzü onlardan təmizləyə bildik”.
Prezident qürurla Azərbaycan xalqının böyük xalq olduğunu xüsusi qeyd edərək, dünyada 50 milyondan çox azərbaycanlının yaşadığını yada salmış, Azərbaycan dilinin heç bir dilin kölgəsində qalmadığını, orijinallığını, zənginliyini bəyan edərək bu dildə istənilən ifadəni söyləməyin, istənilən şeirin yazılmasının çətinlik çəkmədən mümkünlüyünü göz önünə gətirmişdir: “Çox zəngin, çox melodik və gözəldir, təkcə ona görə yox ki, bu, bizim dilimizdir. Mən bir çox həmkarlarımdan, bir çox insanlardan eşitmişəm ki, doğrudan da, çox zəngin və gözəl dildir. Mən düşünürəm və əminəm ki, Azərbaycan xalqı bu fikirləri tamamilə bölüşür. Əgər biz müstəmləkəçilik illərində dilimizi qoruya bilmişiksə və bizim əcdadlarımız onu bizə əmanət veriblərsə, necə ola bilər ki, biz bu gün bu dilimizi qorumayaq?”.
Prezident İlham Əliyev tək rəhbərlik etdiyi on milyonluq Azərbaycanın deyil, xaricdə yaşayan hər bir azərbaycanlının dərdinə şərik olan, xoşbəxtliyini, eyni zamanda, adət-ənənələrə malik olmasını istəyən bir lider kimi öz çıxışlarında xaricdə yaşayan azərbaycanlıların doğma dili yaxşı mənimsəməsi üçün vacib tədbirlər görüldüyünü də qeyd etmiş, Azərbaycan dilinin zənginliyini ön plana çəkərək dünyanın müxtəlif bölgələrində yaşayan 50 milyon soydaşımızın ana dili statusuna malik olduğunu bəyan etmişdir: “Mən heç bir dilin əleyhinə deyiləm, hər bir dilə də hörmət edirəm və mən daha çox dil bilsəydim, ancaq xoşbəxt olardım. Ancaq biz Azərbaycan dilimizi qorumalıyıq və Azərbaycan dilinin qoruyucusu Azərbaycan dövlətidir. Dünyada 50 milyon azərbaycanlı yaşayır, amma əzəli, əbədi, ədəbi dili qoruyan bizik və çox istəyirəm ki, xaricdə yaşayan azərbaycanlılar da Azərbaycan dilini mükəmməl bilsinlər. Məişət səviyyəsində yox, mükəmməl bilsinlər. Buna böyük ehtiyac var”.
Azərbaycan Prezidenti xarici ölkələrdə Azərbaycan məktəblərinin olmadığını və bunun ədalətsizlik olduğunu yada salmış, bu ədalətsizliyə son qoymaq üçün artıq bir çox tədbirlər görüldüyünü və göstərişi ilə onlayn məktəblər açıldığını, zaman-zaman bu məktəblərin əhatə dairəsinin çoxalacağını söyləyərək, azərbaycanlıların yaşadıqları bütün bölgələrdə Azərbaycandilli məktəblərin olmasının vacibliyini qeyd etmişdir. Prezident, eyni zamanda, ən böyük arzularından birinin xaricdə yaşayan azərbaycanlıların Azərbaycan dilində bizim kimi danışması olduğunu diqqətə çatdırmışdır.
Prezident bir sıra jurnalistlərin xalq qarşısında çıxış edərkən xarici kəlmələrdən istifadə etdiyini də təəssüflə xatırlamış, Azərbaycan ziyalılarının, yazıçılarının, şairlərinin də bu işə biganə qalmamalarını tövsiyə etmiş, onların sözünə böyük ehtiyac olduğunu söyləmişdir: “Mən akademiyadakı çıxışımda bu məsələyə qısaca toxundum. Bu gün çərçivələri daha da aşıram. Bu, ayrıca bir müsahibənin mövzusu ola bilər, çünki doğrudan da, çox geniş mövzudur və sadəcə olaraq, biz hamımız vətəndaşları çağırmalıyıq ki, diqqətli olsunlar. Bu, sadəcə olaraq, belə demədim, elə dedim, deyil. Bunun çox dərin, necə deyərlər, layları var və dilimizi nə qədər çox qorusaq, nə qədər saf, təmiz saxlasaq, o qədər də millətimiz, necə deyərlər, saf olacaq və milli kimliyimiz həmişə bərqərar olacaq”.
Əminik ki, Prezidentin doğma dilimiz haqqında qətiyyətli və mükəmməl çıxışı bütün ziyalılar və vətənsevərlər arasında xüsusi bir canlanmaya səbəb olacaq və bu da öz növbəsində həm indiki, həm də gələcək nəsillərin, eyni zamanda, xarici ölkələrdə yaşayan soydaşlarımızın doğma dilimizi hər şeydən vacib hesab etmələrindən ötrü zəmin yaradacaqdır.
Vüqar ƏHMƏD,
AMEA Ədəbiyyat İnstitutu mətbuat tarixi və publisistika şöbəsinin müdiri, professor

