Sovet dövründə 83 millətin nümayəndələrinin yaşayıb-yaratdığı Sumqayıt şəhərində 1988-ci il fevralın 28 və 29-da törədilmiş qanlı hadisələr, ilk növbədə, SSRİ-nin süqutunun daha da yaxınlaşmasına səbəb olub. İstintaq tərəfindən etiraf edilməsə də, çoxsaylı şahid ifadələri, necə deyərlər, daşdan keçən sənədli dəlillər, üzləşmə ifadələri ilə təsdiqlənib ki, milli zəmində bu olaylar SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin erməni millətçiləri ilə birgə Azərbaycana qarşı təşkil etdiyi və həyata keçirdiyi təxribatların növbəti tərkib hissəsi idi. Məqsəd isə hər zaman olduğu kimi, dünya ictimaiyyətində yanlış rəy formalaşdırmaq, anti-Azərbaycan əhvali-ruhiyyəsi yaratmaq idi.
O zaman Sumqayıt kütləvi iğtişaşlar üçün bir növ münbit məkan idi. stəlik, Ermənistandan 40 minədək soydaşımız qovulmuşdu və onların əksəriyyəti bu “beynəlmiləl” şəhərə üz tutmuşdu. Yataqxanalarda, texniki peşə məktəblərində, gecəqondularda çoxlu nəzarətsiz gənclər vardı və onlarla aparılan ideoloji işin səviyyəsi də aşağı idi, yəni səbatsız kütləni yoldan sapdırmaq asan olacaqdı. Təşkilatçılar bütün bu amilləri lazımınca dəyərləndirərək, şərti adı “Nalyotçik” (“Basqınçı”) olan təxribat planını reallaşdırdılar.
…Sanki Sumqayıtda hüquq-mühafizə orqanlarının fəaliyyəti dondurulmuşdu. Şəhərin “Lenin” meydanındakı mitinqdə ekstremist əhvali-ruhiyyəli iş aparanlara, erməniləri öldürməyə açıq çağırışlar edənlərə güldən ağır söz deyilmirdi. Şəhərə vaxtında ordu göndərilməsi tələblərini artıq fevralın 27-də Sumqayıtda olan SSRİ DTK-nın müavini Bobkov qulaqardına vururdu. General Krayevin rəhbərliyi ilə fevralın 28-dən 29-na keçən gecə şəhərə daxil olmuş ordu hissələri və daxili qoşunlar şəhər partiya komitəsinin binasını mühasirəyə alaraq gözləmə mövqeyində dayandılar. Halbuki, həmin anlarda şəhərdə məlum qüvvələr tərəfindən erməni millətindən olanlar döyülür, öldürülürdülər.
Sumqayıtdakı iğtişaşların əsas baiskarları Azərbaycana qarşı Ermənistan xüsusi xidmət orqanları və SSRİ Dövlət Təhlükəsizlik Komitəsi idi. Onların hədəfi o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməsi idi. SSRİ Konstitusiyasına görə, bunun qeyri-qanuni olduğunu dərk edən hay ideoloqları və SSRİ rəhbərliyində onları açıq dəstəkləyən şəxslər dünya ictimaiyyətinin gözündə ermənilərin və azərbaycanlıların birgə yaşamasının qeyri-mümkünlüyünü əsaslandırmaq, azərbaycanlıların artıq tam şəkildə Ermənistan ərazisindən qovulmasını təmin etmək və Azərbaycanı nüfuzdan salmaq üçün bu təxribata əl atıblar.
Bütün şahid ifadələri Sumqayıt hadisələrinin təşkilatçı və əsas icraçısının milliyyətcə məhz erməni, 2 dəfə məhkum edilən Eduard Qriqoryan olduğunu sübut edir. Azərbaycan dilində təmiz danışan, “Paşa” ləqəbli bu cinayətkar Sumqayıt hadisələri zamanı neçə-neçə ermənini şəxsən özü öldürüb, talanlara başçılıq edib. İstintaq materiallarında qeyd olunduğu kimi, iğtişaşlar nəticəsində müxtəlif millətlərdən olan 32 adam həyatını itirib, onların 26-sı ermənidir. 400 nəfərdən çox adam müxtəlif dərəcəli xəsarətlər alıb, 200-dən artıq mənzil talan edilib. Dövlətə o zamankı qiymətlərlə 7 milyon rubl məbləğində maddi ziyan dəyib.
Həmin dövrdə Sumqayıtda yaşayan ermənilərin böyük bir hissəsinin Dağlıq Qarabağda, o vaxtkı Stepanakert şəhərində fəaliyyət göstərən “Krunk” cəmiyyətinə pul vəsaiti köçürdüyü müəyyən edilib. Burada hədəfə alınan ermənilərin əksəriyyəti isə məhz separatçı cəmiyyətinə könüllü maddi vəsait köçürməkdən imtina edənlər olub. Belə ki, cinayətkar dəstə bir binaya, bloka daxil olaraq, tutaq ki, 1-ci mərtəbələrdə yerləşən erməni sakinlərin evlərindən yan keçərək, yuxarı mərtəbələrdə yaşayan ermənilərin mənzillərinə hücum ediblər. Deməli, hücumçular kor-koranə deyil, siyahı əsasında hərəkət ediblər. “Krunk”a pul köçürən ermənilərə toxunulmayıb.
Bu da var ki, videoçəkilişə xüsusi nəzarət və senzura tətbiq olunmasına baxmayaraq, hadisələrin əvvəlcədən quraşdırılmış vasitələrlə lentə alınıb və dərhal SSRİ ərazisindən çıxarılaraq erməni lobbi təşkilatları vasitəsilə anti-Azərbaycan kampaniyasının tərkib hissəsi kimi Avropaya yayılıb.
Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu il noyabrın 21-də Sumqayıt şəhərinin 70 illik yubiley gecəsindəki nitqində qeyd edib ki, Sumqayıt hadisələrini törədən erməni millətçiləridir və erməni dəstələridir: “Biz hamımız yaxşı bilirik ki, on nəfərə yaxın ermənini öldürən milliyyətcə erməni Qriqoryan və onun quldur dəstəsi idi. Sonra nə baş verdi? İstintaqı Moskvadan gəlmiş qrup aparırdı, yəni tam ədalətli aparırdı. Verilmiş bütün ifadələr, şahidlərin ifadələri, üzləşmələr sübut etmişdi ki, həmin o, Qriqoryan erməni xalqının nümayəndələrini qətlə yetirmişdir. O, həbs edilir, bütün sübutlar təsdiq olunur. Ondan sonra o, cəza çəkmək üçün Ermənistana göndərilir və ancaq orada sərbəst buraxılır. Bax, sual yaranır. On nəfərə yaxın ermənini öldürən bir qatili Ermənistan niyə sərbəst buraxır? Ona görə buraxır ki, o, onların tapşırıqlarını icra edirdi. Sumqayıt hadisələrindən istifadə edib Azərbaycana qarşı qarayaxma kampaniyası daha geniş vüsət almışdır və nəticə etibarilə Dağlıq Qarabağda münaqişə baş vermişdir”.
Təəssüf ki, əsas cinayətkar Qriqoryan ağalarının sayəsində azadlığa qovuşa bilsə də (o, indi də sağdır və Moskva ətrafında dəbdəbəli həyat sürür), SSRİ Ali Məhkəməsi tərəfindən hadisələrdə sıravi iştirakçı olmuş Əhməd Əhmədova güllələnmə cəzası verilib və hökm icra olunub. Halbuki, onun ailəsi qonşuluqda yaşayan erməni qadınını 3 gün evlərində gizlədib ki, təxri bata düşməsin. Hadisələrin digər qurbanı – Taleh İsmayılov isə Sumqayıt mitinqlərində fəallığına və təxribata uyduğuna görə həbs edilərək, 15 il müddətinə azadlıqdan məhrum edilib və 1 il sonra cəzaçəkmə müəssisəsində dünyasını dəyişib (!?). mumiyyətlə, 3 minə yaxın şəhər sakini günahlı-günahsız həbs olunaraq zindanlara doldurulub və olmazın əziyyətlər çəkib. Bundan başqa, istintaq dövrü heç bir günahının olmaması sonradan məhkəmə tərəfindən sübuta yetirilmiş, insulinlə yaşayan II qrup əlil Elçin Gəncəliyev Bayıl türməsində müəmmalı şəkildə öldürülüb.
Məhkəmənin qərarı ilə daha 92 nəfər sumqayıtlı uzunmüddətli həbs cəzasına məhkum edilib.
Üstündən illər ötsə də, Azərbaycan dövləti Sumqayıt hadisələrinin obyektiv araşdırılması və bu təxribatın əsl mahiyyətinin ortaya çıxarılması üçün ciddi addımlar atır. Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunda Sumqayıt təxribatı ilə bağlı başlanmış cinayət işinin istintaqı yenidən aparılır və hazırda istintaq davam edir.
Ə.DOSTƏLİ
XQ

