Avrasiyanın önəmli bölgələrindən biri kimi geosiyasi dinamikası artan Cənubi Qafqazda yeni strateji era başlanıb. Ərazi bütövlüyünə və mütləq suverenliyinə nail olan Azərbaycanın sülh diplomatiyası regional sabitlik, təhlükəsizlik və işbirliyinə istiqamətlənməklə yanaşı, aktual çağırışlar, xüsusilə də beynəlxalq təhlükəsizlik məsələləri fonunda olduqca mühüm əhəmiyyət kəsb edir.
Bu gün geosiyasətdə coğrafi cəhətlər şərti xarakter daşıyır - dünyanın Şərqi ilə Qərbi yox, mərkəzi və kənarı mövcuddur.
Mürəkkəb, qlobal kataklizmlərin mövcud olduğu dönəmdə və şəraitdə fərqli maraqlara sahib, hətta bir-biri ilə geosiyasi qarşıdurma vəziyyətindəki müxtəlif güc mərkəzlərinin maraqlarını vahid coğrafi məkanda uzlaşdırmaq siyasi iradə tələb edir. Azərbaycan milli mənafelərə və beynəlxalq hüquq normalarına əsaslanan praqmatik, çoxşaxəli xarici siyasət kursu həyata keçirməklə buna nail olur. Sülh naminə müharibənin çağdaş geosiyasətin zəruri şərti - strateji oyun qaydalarından biri olduğunu təsdiqləyən ölkəmiz bölgədəki geosiyasi mənzərəni ədavətdən ədalətə, yəni hərbi-strateji qarşıdurmadan sülhə doğru dəyişməklə regionda bütün tərəflərin maraqlarının təmin oluna biləcəyi beynəlxalq dialoq və əməkdaşlıq mühiti yaratmış oldu.
Bu günlərdə istər Münxen Təhlükəsizlik Konfransı, istərsə də Vaşinqtonda Sülh Şurasının ilk iclasında uzun müddət müharibə və münaqişə zonası kimi qeyri-müəyyənlik vəziyyətində olan Cənubi Qafqazın parlaq perspektivlərə malik regiona – geosiyasi cazibə mərkəzinə çevrilməsi və qarşıdurmadan inteqrasiyaya keçidinin xüsusi vurğulanması bu reallığın təsdiqidir.
Ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanan Birgə Bəyannamə ölkəmizin növbəti diplomatik nailiyyətini əks etdirməklə bərabər, sülh prosesinin irəliyə aparılması baxımından böyük dəyərə malik olmaqla, postmüharibə dövründə regionda yeni tarixi dönəmin başlanmasını şərtləndirib. lkəmizin regional miqyaslı, qlobal xarakterli təşəbbüsləri beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. İkiqütblü dünya nizamının sıradan çıxmasından sonra, yəni ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəlindən bugünədək Cənubi Qafqazda de-fakto müharibə vəziyyəti hökm sürüb ki, Azərbaycanın ilk dəfə olaraq regionda sülh şəraitini təmin etməsi tarixi önəmə malikdir. Digər tərəfdən, ölkəmiz hazırda müxtəlif münaqişəli tərəflər arasında etibarlı diplomatik körpü rolunda barışdırıcı missiya həyata keçirir.
Bunlar Azərbaycanın yeni dünya düzəninə keçid prosesinin institusional əsaslarından olan mühüm bir platformada - Sülh Şurasında təsisçi dövlət kimi iştirak etməsini şərtləndirən çox mühüm amillər olmaqla bərabər, sülh quruculuğunun beynəlxalq səviyyədə nadir təcrübə və konstruktiv model kimi təqdir edildiyini göstərir.
Nurlan QƏLƏNDƏRLİ
YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri

