Azərbaycan Diaspor Gəncləri (ADG) Təşkilatı və onun Fransa Koordinatorluğunun təşkilatçılığı ilə Parisdə Xocalı soyqırımı haqqında məlumatlandırıcı aksiya təşkil olunub.
XQ xəbər verir ki, aksiya çərçivəsində şəhərin tarixi məkanlarından biri olan Notr-Dam Kilsəsi və onun ətrafında yerləşən Latın Məhəlləsində, eləcə də paytaxtın müxtəlif istiqamətlərini birləşdirən ictimai nəqliyyat vasitələrində Xocalı faciəsinə dair məlumatlandırıcı QR kodlar paylanıb.
Aksiyanın əsas məqsədi yerli sakinlərə və çoxsaylı turistlərə Xocalı soyqırımı haqqında obyektiv və dolğun məlumat çatdırmaq olub.
Maraqlanan şəxslər QR kodlarla Xocalı faciəsi ilə bağlı tarixi faktlar, foto və videomateriallar, eləcə də fransız dilində hazırlanan məlumat resurslarına birbaşa çıxış əldə ediblər. Bu yanaşma məlumatın daha əlçatan və operativ şəkildə geniş auditoriyaya çatdırılmasına imkan yaradıb.
Aksiyanın xüsusilə turistlərin sıx toplaşdığı ərazilərdə keçirilməsi təşəbbüsün təsir dairəsini daha da genişləndirib və müxtəlif millətlərdən olan insanları Xocalı həqiqətləri ilə tanış edib.
Məlumat üçün bildirək ki, bu fəaliyyət Azərbaycan diasporunun xaricdə apardığı ardıcıl və məqsədyönlü maarifləndirmə işlərinin tərkib hissəsidir. Bu cür təşəbbüslər həqiqətlərin beynəlxalq ictimaiyyətə sistemli şəkildə çatdırılmasına və informasiya mühitində obyektiv mövqenin gücləndirilməsinə xidmət edir.


