Ermənistan əl çəkdi, İsveçrə əl çəkmir

post-img

Haylar İsveçrə parlamentini də satın alıblar?

Artıq neçə aydır  ki, Ermənistanın baş naziri, prezidenti, parlament sədri, baş diplomatı – son 5 ilin faktlarının ağıllandırdığı istənilən hay siyasətçisi Azərbaycana qarşı ərazi iddialarından əl çəkmək barədə bəyanatları az qala həftədə 5 dəfə təkrar edirlər. Etiraf edirlər ki, biz “Böyük Ermənistan” xülyasından əl çəkərək real Ermənistan həqiqətinə qayıtmalıyıq. Bunu təkcə İrəvan etiraf etmir, Vaşinqton da müharibənin və münaqişənin bitdiyini bəyan edir. Yəni ABŞ rəhbərliyi bu məsələdə birmənalı olaraq Azərbaycanın mövqelərini dəstəkləyir. 

Bundan başqa, bu il fevralın 4-də  Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində Azərbaycan və Ermənistanın liderlərinə verilən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın münsiflər heyətinin üzvü, uzun illər boyu Ermənistana himayədarlıq etmiş Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişel Azərbaycan Prezidentinə xitabən demişdi ki, Sizin Ermənistanla birgə icra etdiyiniz sülh razılaşması dünya ölkələri üçün çox güclü bir siqnaldır:  “Yəni çətinliklərə, keçmiş və indiki iztirablara baxmayaraq, gələcəyə kiçik də olsa, nikbinliklə və ümidlə baxmaq üçün ortaq iradə var”. Üstəlik, rəsmi Paris də, Brüssel də cənab Trampın təşəbbüsü ilə əldə olunmuş razılaşmaları birmənalı şəkildə dəstəkləyirlər.

Belə olan halda, İsveçrə parlamentinin və bu ölkədəki bəzi qeyri-hökumət təşkilatlarının növbəti anti-Azərbaycan sərsəmləmələrinə nə ad vermək olar? Göz qabağındadır ki, Ermənistan rəhbərliyi Azərbaycanın 2020-ci ilin payızından sonra yaratdığı yeni regional reallıqları bəyənir və həmin reallıqlardan bəhrələnməyə səy göstərir. İsveçrədəki “papadan çox katolik olmağa” çalışan bəzi parlamentarilər isə Ermənistanın yeni reallıqlardan bəhrələnmək arzusunu gözündə qoyurlar.

Bu Avropa ölkəsinin parlamentindəki bədnam ünsürlər utanmadan bəyan edirlər ki, münaqişə hələ bitməyib. Hətta onların təşəbbüsü ilə vahid və koordinasiya olunmuş anti-Azərbaycan narrativi formalaşdırmışdır. Bu narrativlər erməni revanşizminin  dəstəklənməsinə xidmət edir. Özü də həmin tendensiya təkcə indi  deyil,  3-4 ildir ki, davam edir.

Məsələn, kütləvi informasiya vasitələri yazırlar ki hələ 2024-cü ilin dekabrında İsveçrə parlamenti tarixin zibilliyinə atılmış Qarabağ məsələsi üzrə qətnamə qəbul etmişdir. Onlar nə istəyirlər? Bu sualı ona görə veririk ki, qəbul etdikləri qətnamə birmənalı şəkildə absurddur. Yazırlar: “Azərbaycan və Qarabağ erməniləri “Beynəlxalq Sülh forumuna” dəvət edilməlidir”. Bu isə erməni separatizmini xortlatmaqdan başqa heç nə deyil. Çünki qətnamə müəllifləri həmin arqumentlə  Qarabağdan könüllü olaraq köçüb getmiş  erməniləri münaqişə tərəfi kimi təqdim etməyə çalışıb. Hansı münaqişənin tərəfi? Axı Ermənistan tərəfi münaqişənin cəhənnəmə vasil olduğunu beş ildir ki, etiraf edir.

Bu siyasətçilərin  “Beynəlxalq Sülh forumu” ifadəsindən istifadə etməsi də absurddur.  Çünki Ermənistanın rəhbərliyi fəxrlə bəyan edir ki, biz artıq yarım ilə yaxındır ki, Azərbaycanla sülh şəraitində yaşayırıq. Yəni İsveçrə parlamentinin qondardığı “Beynəlxalq Sülh Forumu” adlı kağız artıq Gümrüdə və ya Qəbələdə kiminsə ayaqqabısını silmək üçün istifadə oluna bilər.

Bundan başqa, rəsmi Bakı hələ müharibənin davam etdiyi günlərdə dəfələrlə  bəyan etmişdi ki, Azərbaycan vətəndaşlığını qəbul edən,  bizim pasportumuzu alan və separatçılıqdan əl çəkən istənilən erməni Qarabağda qalıb yaşaya bilər. Necə ki, respublikamızın müxtəlif şəhərlərində on minlərlə erməni bizim pasportumuzla yaşayır. Oradakı ermənilər isə köçüb getməyi üstün tutdular. Diqqət yetirin, qovulmadılar. Köçüb getdilər.  Belə bir vaxtda isveçrəli parlamentarilər Qarabağ ermənilərinin “təhlükəsiz qayıdışı”nı tələb etməyə çalışırlar. Amma əsrlərdən bəri indiki Ermənistan deyilən qədim Azərbaycan torpaqlarından deportasiya edilmiş və bütün əmlakı əlindən alınaraq qovulmuş  Azərbaycan məcburi köçkünlərinin hüquqlarını “unudurlar”.

Mətbuat yazır ki, İsveçrə parlamentində erməni əliylə “əkilib-becərilmiş” “İsveçrə Sülh Təşəbbüsü”nün aparıcı simalarından olan Erix Fontobel  açıq şəkildə bəyan etmişdir ki, İsveçrə Qarabağ məsələsini “bağlanmış” hesab etmir. Belə  məqamda Qulamhüseyn dayı qədim yunan ordusunun zabitlərinin əsəbiləşmiş əsgərlərə dediyi “get tullan!” ifadəsini yada salır. Rəvayətə görə, o vaxtlar komandir əsəbiləşmiş əsgəri sıradan çıxardır və deyirmiş ki, “get aralıda üç dəfə tullan düş”. Əsgər tullanıb düşəndə sıra yoldaşları da gülürmüş, özü də. İndi İsveçrə parlamentində cənab Erix Fontobelə də get tullan deyən lazımdır.

Sonda onu da qeyd edək ki, Beynəlxalq Qırmız Xaç Komitəsi adlı humanitar təşkilat da İsveçrə ərazisindədir. Həmin komitənin nizamnaməsində deyilir ki, biz ancaq müharibə gedən ölkələrdə (yəni zəlzələ, sunami, yanğın olan ölkələrdə yox – İ.M.) fəaliyyət göstəririk. Xub. Bəs Azərbaycan ərazisində müharibə gedərkən bu komitənin ofisi nə üçün Bakıda yox, İrəvanda fəaliyyət göstərirdi? Bu sualın bir cavabı var: Onlar haqq, ədalət, humanizm və mərhəmət prinsiplərinə deyil, beynəlxalq aləmdəki erməni diasporunun vəsaitinə, maliyyəsinə xidmət edirdilər. İndi yenə də həmin komitə İsveçrə parlamentindəki Erix Fontobelin çaldığı ilə oynayır. Gah da ona züy tuturlar.

Bu gün artıq dünyanın hər yerində, hamı etiraf edir ki, Azərbaycan və Ermənistan haqlı olaraq sülh yolu ilə gedir. Vaşinqtonda paraflanmış sülh sazişindən sonra faktiki iki ölkə arasında iqtisadi əməkdaşlıq da başlayıb. Azərbaycan sülh gündəliyinə uyğun olaraq öz üzərindən Ermənistana Gürcüstan vasitəsilə malların daşınmasına şərait yaradıb, Ermənistana öz benzinini ixrac edir. Bu müsbət iqtisadi gündəliyin genişlənməsi gözlənilir. Bütün bunlar reallıqdır. Odur ki,  sülh karvanı hansısa səsə, küyə baxmadan öz yoluna davam edir və edəcək. 

İttifaq MİRZƏBƏYLİ

Əməkdar jurnalist

Siyasət