Sən nə rahatsan, a yol!

post-img

Söhbət ölkənin ilk ödənişli avtomobil magistralından gedir

Son illər ölkəmizdə respublika və yerli əhəmiyyətli avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması, eləcə də yeni körpülərin və yol ötürücülərinin əhalinin istifadəsinə verilməsi regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla icrasının parlaq ifadəsidir. Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən, Bakı – Quba – Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomagistralının inşasının yekunlaşdırılması da yol infrastrukturunun müasir səviyyəyə çatdırılması istiqamətində reallaşdırılan layihələrin ən mükəmməl nümunəsidir.

Xatırladaq ki, bu avtomagistralın Yaşma qəsəbəsindən başlayaraq Xaçmaz rayonu ərazisinədək uzanan, təxminən, 100 kilometrlik hissəsinin ödənişli əsaslarla istismara verilməsi nəqliyyat infrastrukturu idarəçiliyində əsaslı yenilənmənin bariz göstəricisidir. Qlobal təcrübədə geniş tətbiq olunan bu modelin əsas məqsədi kommersiya mənfəəti deyil, yolun uzunmüddətli dayanıqlılığının, təhlükəsizliyinin və keyfiyyətinin gerçəkləşdirilməsidir.

Rahat, sürətli və təhlükəsiz... 

Köhnə alternativ magistraldan 13 kilometr qısa olan, üzərində 40 yol ötürücüsü və körpü salınan ödənişli yol infrastrukturu sürücülərə adi və dayanmadan keçid zolaqlarından yararlanmaq imkanı verir. Adi zolağa daxil olan sürücü ödəniş məntəqələrində keçid kartı əldə edərək ödənişli yoldan istifadə hüququ qazanır. Dayanmadan keçid zolağı isə sürücülərə ödəniş məntəqələrində sürəti azaltmadan və dayanmadan keçmək imkanı yaradır. Bunun üçün sürücüdə əvvəlcədən əldə edilən xüsusi çip kart olması kifayətdir. Bu zolaqlarda xüsusi nömrə oxuma və təhlükəsizlik kameraları, məntəqələrdə isə çəkiyə nəzarət, eləcə də yolun dayanıqlığını gerçəkləşdirmək məqsədilə elektron tərəzi sistemi mövcuddur. 

Ödənişli avtomobil yolu yüksək sürətli (I texniki dərəcəli) magistral olduğundan, təhlükəsizlik məqsədilə kənardan, qeyri-müəyyən yerlərdən giriş və piyadaların hərəkəti qadağan edilib. Giriş-çıxışların yalnız xüsusi ödəniş məntəqələri vasitəsilə həyata keçirilməsi reallaşdırılıb və yola maneələrin çıxmasının qarşısı alınıb.

Bakı – Quba – Rusiya sərhədi istiqaməti regional yol olmaqla bərabər, eyni zamanda, beynəlxalq tranzit arteriyasıdır. Bu marşrut Şimal – Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində mühüm həlqə rolunu oynayır. Dəhliz Hind okeanı hövzəsindən yüklərin İran və Azərbaycan üzərindən Rusiya və Avropaya daşınmasını nəzərdə tutur. Keyfiyyətli və təhlükəsiz magistral kimi qiymətləndirilən bu yol tranzit vaxtını azaldır, logistika xərclərini aşağı salır, Azərbaycanın etibarlı nəqliyyat qovşağı ölkəsi kimi mövqeyini möhkəmləndirir. 

Yükdaşımaların artdığı şəraitdə yolun aşınma səviyyəsi də yüksəlir. dəniş mexanizmi isə bu yükün maliyyə baxımından kompensasiyasını təmin edir. Ekspertlərin fikrincə, xüsusilə ağır tonnajlı yük maşınlarının yol örtüyünə təsiri nəzərə alınaraq magistralda diferensial tarif siyasəti də tətbiq oluna bilər. Onu da deyək ki, ödənişli və yüksək keyfiyyətli magistralın təsiri təkcə nəqliyyat sektoru ilə məhdudlaşmır. Quba, Qusar və Xaçmaz bölgələrinə daha sürətli, eləcə də təhlükəsiz çıxış turist axınını artırır. Bu rayonlardan kənd təsərrüfatı məhsullarının bazarlara daha operativ və təhlükəsiz çatdırılmasını gerçəkləşdirir. 

Yuxarıda sadalananlarla yanaşı, sözügedən avtomagistral yolboyu xidmət infrastrukturunun (yanacaqdoldurma, servis, istirahət zonaları) inkişaf etməsini, regional məşğulluğun sürətlənməsini, yeni xidmət sahələrinin yaranmasını şərtləndirir. Bu baxımdan, ödənişli yol həm də regional inkişaf mexanizmi, şəffaflıq və ictimai etimad göstəricisidir. Çünki magistralın istifadəsindən toplanan vəsaitin yolun saxlanmasına, təhlükəsizlik sistemlərinin qurulmasına, rəqəmsal monitorinq və nəzarət texnologiyalarının inkişafına yönəldilməsi açıq şəkildə göstərildikdə sosial etimad artır. 

Beləliklə, Bakı – Quba – Rusiya sərhədi istiqamətində ödənişli magistral seqmenti respublikanın nəqliyyat siyasətində bazar əsaslı və dayanıqlı maliyyələşmə modelinə keçidin parlaq ifadəsidir. Qlobal təcrübə, məsələn, istər Fransa, istər Türkiyə, istərsə də Amerika Birləşmiş Ştatları nümunəsi göstərir ki, düzgün qurulmuş ödəniş mexanizmi yüksək keyfiyyət, maliyyə dayanıqlığı və tranzit rəqabətliyini təmin edir. Azərbaycan üçün isə bu model yol infrastrukturu məsələsi olmaqla bərabər, həm də geoiqtisadi mövqeyin gücləndirilməsi, tranzit potensialının artırılması və regional inkişafın sürətləndirilməsi deməkdir.

Gör-götür dünyası 

“Avtomobil yolları haqqında” qanuna əsasən, ödənişsiz magistrallara alternativ rahat, təhlükəsiz, standartlara uyğun ödənişli yollar da salınmalıdır. Dünya təcrübəsinə görə, müəyyən istiqamətlərdə əsas işgüzar mərkəzlərini birləşdirən bu yollar çox zaman yaşayış məntəqələrindən yan keçir, buna görə də sürət həddi yüksək olur.             

Hüquqşünas Ərşad Hüseynovun sözlərinə görə, avtomagistrallardan daxil olan vəsait yolların yüksək səviyyədə saxlanılması üçün istifadə edilir. Başqa sözlə, bu vəsait texniki vasitələr köhnələndə, yaxud müəyyən səbəblər üzündən sıradan çıxanda onları əvəzləmək, asfaltda, eləcə də yolun digər örtüyündə aşınma nəzərə çarpdıqda həmin hissəni bərpa etmək məqsədilə xərclənir. mumiyyətlə, dünyanın heç bir ölkəsində ödənişli yol gəlir mənbəyi kimi istifadə olunmur. Buna görə də sözügedən infrastrukturdan istifadə edənlər, o cümlədən, beynəlxalq daşımaların sürətlənməsi üçün aşağı tariflərə üstünlük verilir.

Ə.Hüseynov qeyd edir ki, qonşu dövlətlər – Rusiya, Türkiyə, İran, Gürcüstan və bir çox ölkələrdə ödənişli yollar var. Əsas hədəf isə uzaq yerlərə gedən nəqliyyat axınlarını tənzimləmək, digər yolların çox yüklənməsinin qarşısını almaqdır. Fransa magistrallarının böyük hissəsi isə uzunmüddətli konsessiya müqavilələri əsasında idarə olunur. Başqa sözlə, belə müqavilələr dövlət orqanı ilə özəl investor arasında bağlanır, dövlət mülkiyyətindəki obyektlərin (infrastruktur, bina və s.) investorun vəsaiti hesabına yenidən qurulması, idarə olunması və gəlir əldə edilməsi şərtlərini müəyyənləşdirən uzunmüddətli hüquqi sənəd kimi dəyərləndirilir. 

Beləliklə, bu müqavilə əsasında investor xidməti göstərilir və mənfəət əldə edilir, dövlət isə büdcə xərci çəkmədən müasir infrastruktura malik olur. Bu modelin tətbiqi ilə dövlət büdcəsinə ilkin yük azalır, eyni zamanda, xidmət keyfiyyətinə dair ciddi öhdəliklər müəyyənləşdirilir. 

Qardaş Türkiyə də son illər iri magistral, körpü və tunel layihələrinin icrasında mühüm uğurlara nail olub. Layihələrin reallaşdırılması zamanı “istifadə zəmanəti” və ya “gəlir zəmanəti” kimi mexanizmlərin tətbiqi ilə investor üçün risklər minimuma endirilib. Amerika Birləşmiş Ştatlarında isə elektron ödəniş sistemlərinin tətbiqi ilə nəqliyyat axınının optimallaşdırılması diqqətdə saxlanılıb. Bununla da ölkədə sürücünün dayanacaq etmədən keçidi reallaşdırılıb, nəticədə isə həm vaxt, həm də yanacaq qənaətinin yaradılmasına nail olunub.

Ölkəmiz son illər coğrafi baxımdan tranzit dəhliz rolunu oynayır. Məsələn, Ələt-Astara yolu şimal-cənub istiqamətində əsas daşımaların tərkib hissəsidir. Rusiya sərhədindən İrana qədər bu yoldan istifadə etmək mümkündür. Buna görə də adıçəkilən magistrala xüsusi diqqət yetirilir. Eyni zamanda, alternativ yolun da yüksək səviyyədə bərpa olunub istismara verilməsi zəruri hesab edilir. mumiyyətlə, hər hansı bir yolun ödənişli olması təbii ki, xərcin artması deməkdir. Hər bir halda ödənişli yoldan istifadə səfər müddətini qısaldır, ödənişsiz yoldan istifadə isə bu müddəti artırır. 

Qeyd edildiyi kimi, ödənişli yoldan istifadə səfər müddətini qısaldır. Azərbaycan qanunvericiliyində də öz ifadəsini tapan bu məsələ daim diqqət mərkəzində saxlanılır. Milli Məclisin bugünlərdə keçirilən iclasında müzakirəyə çıxarılan “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişiklikdə də bu, nəzərdə tutulur. Belə ki, layihəyə əsasən, ödənişli avtomagistrallarda sürət həddinin ayrıca tənzimlənməsi məqsədilə yaşayış məntəqələrindən kənarda minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri üçün sürət həddinin saatda 130 kilometrdən, digər avtobuslar, yedəyində qoşqu aparan minik avtomobilləri, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq yük avtomobilləri üçün isə saatda 90 kilometrdən çox olmayan həddə müəyyənləşdirilməsi təklif edilir. 

Nazirlər Kabinetinin avtomagistraldan ödənişli yol kimi istifadə qaydasında edilən dəyişiklikdə isə ödəniş məntəqələrindən keçmədən kənar yollardan istifadə etmək, habelə ödənişsiz gediş hüququna malik istifadəçilər üçün müəyyənləşdirilmiş xidməti keçid zolağından belə hüququ olmayan istifadəçilər tərəfindən ödənişli avtomagistrallara daxil olmaq və ya oradan çıxmaq məsuliyyət yaradır.

Bəs paytaxtın yolları?

Prezident İlham Əliyevin ötən il imzaladığı “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərman ilə paytaxtımızda da ödənişli yolların istismara veriləcəyi qərara alınıb. Sənəddə nəqliyyat vasitələrinin Bakı şəhərinin inzibati ərazisində müəyyənləşdirilən ödənişli hərəkət zonalarından istifadəsinə görə ödənilən haqq isə “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondun maliyyələşmə mənbələrindən biri olacağı nəzərdə tutulub. 

Ekspertlər bildirirlər ki, dövlət başçısının adıçəkilən fərmanına əsasən, dövlət büdcəsinin tərkibində “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondunun yaradılması, ilk növbədə, avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınmalarının dayanıqlığının və davamlığının, sərnişinlərə göstərilən xidmətlərin keyfiyyətinin və təhlükəsizliyinin təmin olunması, qabaqcıl beynəlxalq tələblər və təcrübə nəzərə alınmaqla bu sahədə fəaliyyət göstərən daşıyıcıların işinin səmərəliyinin təşkil edilməsi məqsədi daşıyır. Fondun vəsaitlərindən Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərinin və Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarının inzibati ərazilərində nağdsız ödəniş sisteminə keçirilmiş nəqliyyat vasitələri ilə müntəzəm sərnişin daşınmalarını həyata keçirən hüquqi şəxslərə və ya fərdi sahibkarlara subsidiya ödənilməsi üçün istifadə edilməsi nəzərdə tutulur. Bu vəsaitlər hesabına müəyyənləşdirilən ictimai nəqliyyat növlərinə subsidiyaların verilməsi onların sıxılmış qazla və elektriklə işlənən avtomobillərlə əvəz olunması prosesinin sürətlənməsinə xidmət edəcəyi də gözlənilir. 

Ödənişli sahələr yaranandan sonra həmin ərazilərə daxil olan avtomobillərin sayının kifayət qədər azalacağı bildirilir. Fərmanda Bakı şəhəri ərazisində ödənişli hərəkət zonaları yaradılmasının 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcəyi vurğulanır. Eyni zamanda, bu qərarın Bakı şəhərinin mərkəzində gündən-günə dərinləşən tıxac probleminin müəyyən qədər həll olunmasına töhfə verəcəyi də qeyd edilir. dənişli sahələr yaranandan sonra həmin ərazilərə daxil olan avtomobillərin sayının kifayət qədər azalacağı və insanların ictimai nəqliyyat vasitəsilə daha rahat hərəkət etmələrinə üstünlük verəcəkləri proqnozlaşdırılır.

Vaqif BAYRAMOV

XQ

Ekspert rəyi 

Elməddin MURADLI, nəqliyyat ekspert

Ölkəmizdə bir müddətdir ki, ənənəvi yolla yanaşı, ödənişli yollar da sürücülərin istifadəsinə verilib. Bu cür avtomagistralların istismarında əsas məqsəd nəqliyyat axınını sürətləndirmək, alternativ marşrutlar yaratmaqdır. Hazırda bu yoldan kifayət qədər istifadə edən var. Qiymətlərdə də bahalıq nəzərə çarpmır. Gələcəkdə əgər zərurət yaranarsa, bu məsələyə bir daha baxmaq mümkündür. Amma indiki şəraitdə, fikrimcə, müəyyən qaydaların tətbiqi zəruridir. Bu isə  sürətli və təhlükəsiz hərəkətin diqqətdə saxlanılması ilə bağlı məsələdir. Bu barədə bir qədər ətraflı bəhs etmək yerinə düşər.

Azərbaycanda ödənişli avtomagistrallarda hərəkət edən nəqliyyat vasitələri üçün yeni sürət hədləri qərara alınıb. “Yol hərəkəti haqqında” və “Avtomobil yolları haqqında” qanunlara təklif olunan dəyişikliklər Milli Məclis tərəfindən III oxunuşda qəbul edilib və yeni qaydalara əsasən minik avtomobilləri üçün ödənişli yollarda maksimal sürət 130 km/saat, bəzi digər nəqliyyat vasitələri üçün isə 90 km/saat olaraq müəyyənləşdirilib.

Qeyd edim ki, ödənişli yollarda sürət həddinin 130 km/saata çatdırılması təsadüfi olmayıb. Belə ki, indiyədək mövcud avtomagistrallarda icazə verilən maksimal sürət həddi 110 km/saat idi. Hazırda isə ödənişli yolların keyfiyyəti və rahatlığı daha yüksək olduğuna görə burada sürət həddinin artırılması zərurəti yarandı və aparılan müzakirələr nəticəsində ödənişli yollarda maksimum sürət həddinin 130 km/saata qaldırılması qərara alındı. 

Lakin burada mühüm bir məqamı xatırlatmaq yerinə düşər. Belə ki, yol şəraiti imkan verirsə, bu sürətlə hərəkət etmək mümkündür. Lakin bəzi sürücülər tərəfindən bundan sui-istifadə edilir, hətta 150 km/ saatdan artıq sürət həddi seçilərək görüntülər sosial şəbəkələrdə paylaşılır.  Şübhəsiz ki, polis belə hallarla bağlı tədbirlər görür və maarifləndirici iş aparır. Lakin buna baxmayaraq, bəzi sürücülərin sürətə meyilli olduqları açıq-aşkar nəzərə çarpır. Ona görə də ödənişli yollarda radarlar tətbiq edilməsə, daha təhlükəli sürət hərəkətinə yol verilər.

Sürətin nə qədər təhlükəli olması unudulmamalıdır. Çünki yol-nəqliyyat hadisələrinin ağırlıq dərəcəsinin əsas səbəblərindən biri məhz sürət rejiminin pozulmasıdır. Bu baxımdan məsələyə çox ciddi yanaşmaq lazımdır. Radarların mövcudluğu isə problem deyil, çünki bu, beynəlxalq təcrübədə də daim diqqətdə saxlanılan bir yanaşmadır. Başqa sözlə, hər hansı ərazidə yüksək sürət rejimi tətbiq olunursa, orada mütləq şəkildə nəzarət mexanizmləri də qurulmalıdır. Əks təqdirdə bəzi sürücülər tərəfindən müəyyənləşdirilən 130 km/saat sürət həddi ağır qəzalarla nəticələnə bilər. 



İqtisadiyyat