“Azərbaycanın mühacir ədəbiyyatı”

post-img

Moskvada Baninin “Qafqaz günləri” avtobioqrafik romanı və Qurban Səidin “Əli və Nino” romanını özündə əks etdirən “Azərbaycanın mühacir ədəbiyyatı” kitabı işıq üzü görüb.

Banin (Um-el Banu) 1905-ci ildə Bakıda zadəgan ailəsində anadan olmuşdur. Onun ata tərəfdən (Şəmsi Əsədullayev) və ana tərəfdən (Musa Nağıyev) babaları məşhur neft sənayeçiləri olublar. Erkən yaşda anasını itirən Banin Avropa dayələrının himayəsində böyüyüb. 19 yaşında ailəsi ilə birlikdə Türkiyəyə, oradan da Fransaya mühacirət edib. Banin erkən yaşlarında ədəbiyyata maraq göstərib və bu, Fransaya mühacirət etdikdən sonra onun əsas fəaliyyətinə çevrilib. “Qafqaz günləri” avtobioqrafik romanı 1945-ci ildə nəşr olunub

Yazıçı “Qafqaz günləri” kitabında 1920-ci illərdə Bakı cəmiyyətinin müxtəlif təbəqələrinin həyatından, varlıların və kasıbların zövq və vərdişlərindən, sadə insanların durumundan bəhs edir. Romanda yazıçının ailəsinin şəxsi dramı və ötən əsrin əvvəllərində böyük sarsıntılar dövründə Azərbaycan xalqının həyatında baş verən faciəvi hadisələr öz əksini tapıb.

***

“Əli və Nino” bestselleri isə ilk dəfə 1937-ci ildə Vyanada alman dilində, sonra dünyanın 33 dilində 100 dəfədən çox nəşr edilmişdir. Qurban Səidin romanı azərbaycanlı müsəlman Əli Xan Şirvanşir ilə gürcü xristian Nino Kipiani arasındakı məhəbbətdən bəhs edir. Kitabı İslam və Xristianlığı, Şərqlə Qərbi anlamaq yollarının axtarışı kimi təqdim etmək olar.

Romanda Birinci Dünya müharibəsi, inqilablar, vətəndaş müharibəsi və 1918-ci ilin mart hadisələri, ingilislərin Bakıya gəlişi, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, Sovet qoşunlarının Bakını zəbt etməsi, XX əsrin əvvəllərində Bakı və bakılıların həyatından ətraflı bəhs edilir.

“Azərbaycanın mühacirət ədəbiyyatı” kitabının təşəbbüskarı, tərtibçisi və müqəddiməsinin müəllifi tibb elmləri doktoru, professor, Tacikistan Tibb Elmləri Akademiyasının xarici üzvü Mehman Məmmədovdur. Son illərdə alim Moskvada Azərbaycanın mədəniyyətinə və tarixinə dair silsilə kitablar çap etdirib.

Ə.ƏLİYEV
XQ

Mədəniyyət