“Bir uşağın haqqının qorunması gələcəyin ədalətli və insanpərvər olmasına verəcəyimiz töhfədir”. Bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva “Yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış (bullinq)” mövzusunda təlimin açılış mərasimində deyib.
Aynur Sofiyeva bildirib ki, bullinq bu gün bütün dünyada təkcə bir fərdi və ailəni deyil, bütün cəmiyyəti narahat edən problem, xüsusən, uşaqların hüquqlarını pozan gözəgörünməz, amma gerçək təhdiddir. O, uşaq hüquqlarının qorunmasının, təminatının, eləcə də inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib. Sədr müavini ölkəmizdə bu istiqamətdə həyata keçirilən işlərin daim gücləndirildiyini və uğurlu nəticələr əldə edildiyini vurğulayıb.
“Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nda dövlətin uşaq məsələləri ilə bağlı hədəflərinin müəyyənləşdirildiyini bildirən Aynur Sofiyeva qeyd edib ki, komitə bununla əlaqədar bir neçə vacib sənəd layihəsi hazırlayıb və qəbul olunub. O, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun müasir çağırışlara uyğun olaraq yenidən təkmilləşdirildiyini söyləyib.
Dövlət Komitəsinin fəaliyyətinin gələcək xəritəsinin müəyyənləşdirilməsində həyata keçirilən təhlil və araşdırmaların əhəmiyyətini vurğulayan sədr müavini, Azərbaycanda məktəblərdə bullinqlə bağlı sorğular keçirilərək “Yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış: bullinqin aşkarlanması üzrə analitik hesabat” adlı tədqiqat hazırlandığını bildirib.
Təlim Türkiyənin Sakarya Universitetinin müəllimi professor Mehmet Zafer Danışın yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış, uşaqların bullinqə məruz qalması, bullinqin növləri və s. haqqında geniş açıqlaması ilə davam edib. Müzakirələrdə Bakı və Abşeron–Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin psixoloqları, Penitensiar Xidmətin və Sosial Xidmətlər Agentliyinin əməkdaşları iştirak ediblər.
Zərifə BƏŞİRQIZI
XQ