Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib.
Tədbirdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, Azərbaycandan gəlmiş qonaqlar, diasporumuzun fəalları, ziyalılar, ictimaiyyət nümayəndələri, jurnalistlər iştirak ediblər.
Mərasimin əvvəlində iştirakçılar foyedə Xocalı faciəsini özündə əks etdirən foto və kitab sərgisinə baxıblar.
Mərkəzin Heydər Əliyev Muzeyində keçirilən mərasimdə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, faciə haqqında sənədli film nümayiş etdirilib.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev çıxışında 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni işğalçı qüvvələrinin blokada şəraitində olan köməksiz bir şəhərə - Xocalıya ağır texnika, tank və iriçaplı silahlarla hücuma keçdiklərini bildirib. Səfir faciə zamanı həlak olanlarla bağlı konkret faktları göstərib, Xocalı soyqırımının yalnız Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ağır cinayət olduğunu xatırladıb. H.Quliyev deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin səriştəsi, uzaqgörən siyasəti sayəsində nəhayət ki, torpaqlarımız işğaldan azad edilib, işğalçılar layiqli cəzalarını alıblar.
Səfir bildirib ki, 2008-ci ildən başlayaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması məqsədilə “Xocalıya ədalət” adlı beynəlxalq kampaniya keçirilir. Heydər Əliyev Fondu Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın bir sıra ölkələrində Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirib və bu istiqamətdə fəaliyyət davam edir.
“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov Xocalıda dinc əhalinin qəddarlıqla qətlə yetirilməsini pisləyib, qardaş Azərbaycan xalqına qarşı törədilən cinayətin təşkilatçılarının məsuliyyətə cəlb olunmasının vacibliyini qeyd edib.
Daşkənd şəhər şurasının deputatı Cəmilə Şermuxammedova, Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin professoru Adxambek Alimbekov, şair və tərcüməçi Şəhla Qasımova, özbək şairi Kərim Bəhriyev və başqaları bildirib ki, həmin dəhşətli gecə azyaşlı uşaqlar, ahıllar da daxil olmaqla yüzlərlə mülki insan xüsusi qəddarlıqla qətlə yetirilib, minlərlə insan yaralanıb, əsir götürülüb və ya itkin düşüb.
Sonra şair İradə Əlilinin Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə özbək dilinə tərcümə olunan “Xocalı: Şahidlər danışır” kitabının təqdimatı olub. İradə Əlili Xocalı faciəsini əsrin ən böyük soyqırımlarından biri kimi xarakterizə edib, kitabın yaranması zəruriliyindən danışıb.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd