Əliağa Vahid – 130
Təqdirəlayiq haldır ki, Rusiyada işıq üzü görən “Literaturnaya qazeta”nın onlayn versiyasının 17 fevral sayında Azərbaycanın böyük qəzəlxanı, mərhum şairimiz Əliağa Vahidin həyat və yaradıcılığı barədə məqalə yayımlanıb. Rusiya Federasiyası Dövlət Tibbi Profilaktika Elmi-Tədqiqat Mərkəzinin elmi laboratoriyasının rəhbəri, Tacikistan Tibb Elmləri Akademiyasının xarici üzvü, həkim-kardioloq, tibb elmləri doktoru, professor Mehman Məmmədovun qələmə aldığı, böyük sənətkarın 130 illiyinə həsr olunan məqalənin sərlövhəsi belədir: “Dahi Füzulinin ardıcılı” («Наследник великого Физули»). Oxuculara “Sergey Yeseninin bakılı dostu” girişi ilə təqdim olunan həmin məqalənin tərcüməsini “XQ” oxucularının ixtiyarına veririk.
2025-ci il fevralın 17-də müasir qəzəl ənənəsini yaradan şair Əliağa Vahidin anadan olmasının 130 illiyi tamam oldu. Qəzəl Şərq poeziyasının klassik janrıdır, mənaca bir qədər Avropa sonetlərinə bənzəyir.
Vahid “Böyük Füzulimizin yadigarı mən özüməm...” yazırdı. O, bədii üslubun yeni vəzn və çalarlarından, qafiyələrindən istifadə edərək yaradıcılığında sözün ifadə dolğunluğuna nail olmuşdu. Qəzəlləri xalq arasında o qədər məşhur idi ki, ona “qəzəl ustadı” mənasını verən “Qəzəlxan” ləqəbi verilmiş, “Vahid” təxəllüsünü isə özü seçmişdi.
Əliağada anadangəlmə şeir yazmaq, bədahətən qafiyə qoşmaq qabiliyyəti var idi. Ona görə də yaradıcılığının ilk illərində tez-tez meyxana yarışlarına qatılırdı. O, haqlı olaraq Azərbaycanda meyxananın banisi sayılır.
Vahid nomenklatur şair olmağa can atmadığına, sosialist realizmi üslubuna riayət etmədiyinə görə hakimiyyət ona xüsusi diqqət yetirmirdi. Sərbəst yaradıcılığa üstünlük verən şair, əsasən, lirik şeirlər qələmə alırdı.
Əminliklə deyə bilərik ki, Vahid hələ sovet dövründə, ədəbiyyatın bir qədər asudəlik qazandığı “Xruşşov yumşalması”ndan çox-çox əvvəl alternativ poeziya nümunələri yaradan sənətkardır. Yəqin yaradıcılığındakı azadlıqsevərliyi onu görkəmli rus şairi Sergey Yeseninə yaxınlaşdıran əsas amil olub.
Əliağa Məmmədqulu oğlu İsgəndərov 1895-ci il fevralın 17-də Bakı qəzasının Masazır kəndində dülgər ailəsində anadan olub. Mədrəsədə cəmi iki il oxumuş, kasıblıq ucbatından ailəsinə kömək üçün təhsilini tərk etmək məcburiyyətində qalmış Əliağa erkən yaşında fəhləliyə başlayır. Onun əla yaddaşı var idi. Klassik poeziya nümunələrini, xüsusən əruz vəznində yazılmış qəzəlləri asanlıqla əzbərləyir, üstəlik, onları ifa etməyin qaydalarını mənimsəyirdi.
Gənclik illərində Əliağa “Məcməüş-şüəra” ədəbi dərnəyinə daxil olur, burada o dövrün tanınmış şairləri Müniri, Azər İmaməliyev və digərləri ilə tanış olur. Məhz onların yaradıcılığının təsiri altında ilk lirik şeirlərini yazır.
1914-cü ildən etibarən şeirləri dövrün aparıcı jurnallarında – “İqbal”, “Zəhmət”, “Bayrağı-ədalət”, “Bəsirət”, “Tuti”, “Məzəli”də dərc olunurdu. Gənc Vahid böyük şairimiz Sabirin yaradıcılığının təsiri ilə satirik şeir janrına da üz tutur. Onun satirik şeirlərinin toplandığı “Xəsisliyin süqutu” adlı ilk kitabı 1916-cı ildə nəşr olunub.
Yaradıcılığının ilkin dövrlərinə aid satirik əsərlərində Əliağa cəmiyyətdə gördüyü naqislikləri, sosial ədalətsizliyi, dini fanatizmi və xurafatı tənqid edirdi. Sonralar Məhəmməd Füzuli və Seyid Əzim Şirvani yaradıcılığı ilə yaxından tanış olan şair qəzəl janrına üz tutur. Onun qəzəlləri poetik dilinin sadəliyi, xalqın danışıq üslubuna yaxınlığı və ahəngdarlığı ilə seçilirdi.
1919–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti ordusunda sıravi əsgər kimi xidmət edən Əliağa burada da qələmi yerə qoymur. Həmin illərdə dövri mətbuatda onun “Əsgər” və ya “Əsgər Əliağa Vahid” imzaları ilə şeirləri dərc olunurdu. Qeyd edək ki, ona “Vahid” (bir dənə, tək, yeganə - tərc.) ədəbi təxəllüsünü götürməyi yaradıcılığının gənclik çağında Bakının tanınmış qəzəl ustası Mirzə Əbdülxaliq Yusifi tövsiyə etmişdi. Oktyabr sosialist inqilabını böyük ruh yüksəkliyi ilə qarşılayan şair onun xalqına xeyir gətirəcəyinə ürəkdən inanırdı. “Yoldaşlarıma – fəhlə və əsgərlərə”, “Məktəb nə deməkdir”, “Qalx, mələyim...” və başqa şeirləri ilə sovet hakimiyyətinin təbliğatında fəal iştirak edirdi.
Azərbaycanda sovet quruluşu bərqərar olandan sonra Əliağa Vahid “Kommunist” qəzeti və “Molla Nəsrəddin” satirik jurnalı ilə əməkdaşlığa başlayır. O, “Kupletlər” (1924) və “Mollahan” (1938) toplularında yeni quruluşun əleyhdarlarını satirik şeirləri ilə tənqid edirdi.
Amma Vahid bəzi həmkarlarından fərqli olaraq, gənc sovet respublikasında hökumətdən heç nə ummayıb, heç vaxt şöhrət dalınca qaçmayıb, daim xalqın arasında olub. Bəlkə də irtica illərində onun həyatını xilas edən məhz bu cəhətləri idi.
Ə.Vahid 1935-ci ildə “Kommunist” qəzeti redaksiyasında ədəbi işçi, eyni zamanda, Azərbaycan Dövlət Nəşriyyatında korrektor kimi fəaliyyət göstərib.
1938-ci ilin oktyabrında Dövlət Kolxoz və Sovxoz Teatrına ədəbi rəhbər təyin edilən Ə.Vahid 1941-ci ildə müvəqqəti olaraq Lənkəran Dövlət Teatrına bədii qiraətçi kimi işləməyə göndərilir. Təyinatda məqsəd Azərbaycanın ucqar rayonlarında sosializm ruhunu yüksəltmək üçün keçirilən hərbi-vətənpərvərlik konsertlərində iştirak etməsi olub.
Vahid – Yesenin dostluğu
1924–1925-ci illərdə rus şairi Sergey Yesenin qısa fasilələrlə Bakının Mərdəkan kəndində yaşayıb. Sonralar möhkəm dostluğa çevriləcək iki böyük sənətkarın tanışlığı 1924-cü ildə baş verib. O vaxt S.Yesenin tez-tez yerli çayxanaya gedirdi. Bir gün əlini cibinə salmaq istəyəndə ona deyirlər ki, çayın pulu artıq ödənilib. Buna təəccüblənən şair ödənişi kimin etdiyini soruşur. Bu zaman Yeseninə çayxanada oturmuş Vahidi göstərirlər. Beləliklə, iki böyük sənətkarın dostluğu başlayır. Vahid Yesenini özünün də getdiyi ədəbi məclislərə dəvət edir, orada yeni yazdığı qəzəllərini oxuyurdu. Yesenin heç nə başa düşmədiyini, amma Vahidin qəzəllərinə musiqi kimi qulaq asdığını deyir. O, bir gün Vahiddən soruşur: “Şeirlərin nədən bəhs edir?” Vahid gülümsəyərək cavab verir: “Şair nədən yaza bilər? Həyat–ölüm və nakam sevgi haqqında... Elə sizin kimi”. Bu fakt yazıçı-publisist Hüseyn Nəcəfovun “Balaxanı mayı” sənədli-bədii povestində öz əksini tapıb.
Bənzərsiz poeziya
Özünü Məhəmməd Füzuli ədəbi cərəyanının davamçısı sayan Əliağa Vahid sovet ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsinə çevrilir. Milli poeziyanın qədim ənənələrini yüksək ustalıqla davam etdirən şair XX əsrdə qəzəl janrının mükəmməl nümunələrini yaratmışdır.
Onun dərin fəlsəfi lirikası ilə seçilən zəngin bədii irsi təkcə Azərbaycanda deyil, ümumən, Şərq ədəbiyyatı tarixində orijinal və təkrarolunmaz hadisədir. Azərbaycan dili üzrə mütəxəssislər təsdiq edirlər ki, Vahidin şeirləri son dərəcə melodikdir. Ancaq sənətkarın rus dilinə tərcümə olunan qəzəllərinin sayı çox deyil. Onun şeirləri, əsasən, söz oyunu, özünəməxsus, orijinal assosiasiyalar və alleqoriyalar üzərində qurulub. Vahidin qəzəllərinin əksəriyyətini mənasını itirmədən rus dilinə tərcümə etmək mümkün deyil. Bu xüsusda Vladimir Portnovun bir neçə uğurlu tərcüməsini qeyd etmək lazımdır. Onlardan birini oxucuların nəzərinə çatdırırıq:
Помнишь, как зашли мы к вам однажды,
Как потом остались там однажды?
До утра болтали и шутили,
Ссорились - какой был гам однажды!
Помнишь наши ласки, наше счастье, -
Как бродили по лугам однажды...
Долго мы среди цветов плутали,
Баловались - стыд и срам! - однажды.
Нас в одно спаяла страсть и нежность, -
Кто ж разбил нас пополам однажды?
Оба мы остыли, охладели, -
Как ни горько, буду прям однажды.
Прошлое, Вахид, не возвратится,
Выйдешь к утренним лучам однажды.
Vahid, eyni zamanda, Şərq klassik poeziyasını dərindən bilən gözəl mütəxəssis olub. O, Nizami, Xaqani, Fələki, Hafiz, Nəvai və başqa klassiklərin ölməz əsərlərindən bəzilərini farscadan Azərbaycan dilinə tərcümə edib.
Şairin həyatının son illəri
Əliağa Vahidin qəzəlləri ayrı-ayrı məcmuələr halında, amma təəssüf ki, az tirajla çap olunub. Şairin sağlığında nəşr olunmuş sonuncu əsərlər toplusuna (“Azərnəşr” nəşriyyatı, Bakı, 1964) 354 qəzəli daxil edilib.
Həmin qəzəllərdəki bədii ifadə vasitələri, obrazlar sistemi klassik mövzulardan qaynaqlanır: sevgi, görüşlər və ayrılıqlar, sədaqət və xəyanət, bir də şərab. Yəni taleyin vurduğu məhəbbət yaralarını, peşmançılıqları “sağaldan” ecazkar “balzam”. Əlbəttə ki, bülbüllər, qızılgüllər və aşiq cütlüklər – Adəm və Həvva, Yusif və Züleyxa, Leyli və Məcnun, Fərhad və Şirin motivləri də öz yerində...
Sovet Azərbaycanı hökuməti Əliağa Vahidi bir neçə medalla təltif etmişdir. O, 1959-cu ildən respublika əhəmiyyətli Fəxri pensiyaçı təqaüdünü alırdı. Unudulmaz sənətkar ömrünün son illərini vəfalı həyat yoldaşı Feodosiya Andreyevna İskəndərova ilə yaşadı. Əliağa Vahid 1965-ci il sentyabrın 30-dan oktyabrın 1-nə keçən gecə Bakıda vəfat etmiş, Birinci Fəxri xiyabanda dəfn edilmişdir.
1991-ci ildə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında şairin həyat və yaradıcılığına həsr olunmuş “Qəzəlxan” filmi çəkilmişdir. 1992-ci ildə film Daşkənddə keçirilən Asiya, Afrika və Latın Amerikası ölkələrinin XI Beynəlxalq Kino Festivalında mükafata və diploma layiq görülüb.
Əliağa Vahidin qeyri-adi heykəli hazırda “İçərişəhər” Qala-qoruğunda ən çox ziyarət olunan məkanlardan biridir. XX əsrin 80-ci illərinin sonunda xalqın sevimli şairinin abidəsinin ucaldılması qərara alınır. Bu ideyanı Azərbaycanın ovaxtkı tikinti sənayesi naziri Arif Mansurov və Əməkdar memar Sənan Salamzadə irəli sürüblər.
Oxucuların nəzərinə çatdıraq ki, Əliağa Vahidin heykəli ictimai ianələr hesabına ərsəyə gətirilib. Büst-kompozisiyanın müəllifi və yaradıcısı tanınmış heykəltəraş Raqib Həsənovdur. Abidənin hazırlanmasında, həmçinin Azərbaycanın digər məşhur heykəltəraşı Natiq Əliyev də iştirak edib. Büst-heykəl Sankt-Peterburq şəhərində bürüncdən tökülüb.
Böyük söz ustadının bənzərsiz heykəli 1990-cı ildə Bakıda Filarmoniya bağında qoyulmuş, amma 2009-cu ildə İçərişəhərin Kiçik Qala küçəsinə köçürülmüşdür. Hazırda büstün qərar tutduğu məkan (keçmiş Qubernator bağı – tərc.) “Əliağa Vahid bağı” adlanır.
Uzaqdan tamaşa edəndə adi büst təəssüratı bağışlayır. Amma yaxınlaşanda... İlk baxışda bürünc saçlar, sadəcə, qıvrım görünsə də, lap yaxından onların bir-birinə qarışmış budaqları, insan fiqurlarını əks etdirən, yüksək zövqlə işlənmiş çox incə bir sənət əsəri olduğunu görəcəksiniz. Heykəl-kompozisiyanın ifadə etdiyi məna budur ki, həyatda hər şey bir-birinə bağlıdır və öz axarı ilə gedir. Zənnimizcə, belə bir abidə Vahidin özü kimi dünyada bir dənədir...
P.S. İkinci Dünya müharibəsində qələbənin 80 illiyi ərəfəsində bir faktı da qeyd etmək yerinə düşər. 1943-cü ildə Vətənə sevgi, düşmənə nifrət və qələbəyə inamla dolu “Hərbi qəzəllər” kitabına görə Əliağa Vahid “Azərbaycan SSR-in Əməkdar artisti” fəxri adına layiq görülüb. Bu təvazökar titula sahib olan Vahid ömrünün sonuna qədər, doğrudan da, zəmanənin yetişdirdiyi və xalqın şairi olaraq qaldı. Bu adla onu qəzəllərinin pərəstişkarları olan adi insanlar, bütün yaradıcılığını həsr elədiyi doğma xalqı təltif edib.
“...Bizdə çox vaxt şairə ölümündən sonra qiymət verməyə, hörmət etməyə başlayırıq. Gözəl söz ustadı Əliağa Vahidlə də eyni hadisə baş verdi. Sağlığında rəsmən tanınmasa da, amma, o, xalqın qəlbində həqiqi xalq şairi kimi yaşayırdı. Bildiyimiz kimi, zaman hər şeyi öz yerinə qoyur...” (Azərbaycanın Xalq şairi Nəbi Xəzri).
Bu gün onun yaradıcılığı Azərbaycan, bütövlükdə, Şərq poeziyasında xüsusi yer tutur. Xanəndələrin bir neçə nəsli böyük sənətkarın qəzəlləri üzərində muğamlar ifa ediblər və bu ənənə indi də davam edir. Azərbaycanın dahi şairləri – Nizami, Xaqani, Nəsimi, Şirvani və başqaları da qəzəl janrında yazıblar. Amma fitri istedadına görə müasirləri Vahidi dahi Füzuli ilə müqayisə edib, özünün yazdığı kimi, onun yadigarı hesab ediblər...
Tərcümə etdi:
İmran BƏDİRXANLI
XQ