“Böyük Füzulimizin yadigarı mən özüməm”

post-img

Əlağa Vahid – 130

Mən həmişə əsrimizin Füzulisi sayıla biləcək Əlağa Vahidin əsərlərini oxuyarkən düşünürəm ki, necə də gözəl sevib, necə də dərin düşünüb! Vahidin özünəxas söz dünyası var. Bədahətən şeir deməsi, sanki, bu cılız, arıq insanın daxilindən gələn bir vulkan püskürməsi idi. O, səssiz qala bilmirdi, gördüyünü, duyduğunu, düşündüyünü mütləq bədii sözə, şeirə çevirirdi. Axı o, Vahid idi...

Bilməm, bu nazənin kimin istəkli yarıdır? Ya hansı bəxtiyarların bəxtiyarıdır!

Açdıqca gül cəmalını, ellər fərəhlənir,
Guya, gözəllik aləminin növbaharıdır.

1895-ci ilin 17 fevralında Abşeronun Masazır kəndində dünyaya göz açan Əlağa Məmmədqulu oğlu İsgəndərov mollaxanada təhsil alıb. Ailə vəziyyətinə görə bir müddət sonra yarıkönüllü də olsa, getdiyi mollaxanada artıq təhsil ala bilməyib. Əmisinin himayəsində böyüyüb və erkən fəhləliyə başlayıb.

Həmin illərdə Bakıda “meyxana” xalq şeir növü geniş yayılmışdır. Bakı əhli bu sənət növünə xüsusi maraq göstərirdi. Məhz buna görə yeniyetmə Əlağanın da söz sənətinə sevgisi, ilk növbədə, meyxana ilə əlaqəli olub. Zaman keçib, illər bir-birini əvəz edib və Əlağa şeir, sənət yolçusuna çevrilib. 1915–16-cı illərdə onun şeirləri “Babayi-Əmir”, “Tuti”, “Məzəli”, “Ovraqi-nəfisə” kimi jurnallarda çap olunub. Qəzəlləri isə 30-cu illərdən sonra nəşr edilib. Əlağa Vahid irsinin tədqiqatçısı Məmməd Nuruoğlu “Əsər ki qaldı cahanda” (Bakı 1983) kitabında qəzəlxanın əvvəlki nəşrlərinə də diqqətlə yanaşıb.

“Vahid” təxəllüsünün Əlağaya verilməsi qəzəl şairi Mirzə Əbdül Xalıqlə bağlıdır. O, gənc qəzəlxanın təbini bəyənərək, deyib: “Vahid, gərək də fərqlənəsən sən bu xudnimalar ilə”.

Vahidin həyatı, yaradıcılığı çox keşməkeşli olub. O, hamı kimi deyildi, hər kəs kimi düşünmürdü. Qələmi, sözü, dili xalqın ürəyindən xəbər verirdi. O, sanki, Bakı küləyinin xəzrisi, gilavarı idi. “Böyük Füzulinin yadigarı mən özüməm”, – deyən Vahid Yaxın Şərqin böyük qəzəlxanını özünə ustad hesab edib, onun bədii üslubundan, əruz bəhrlərindən faydalanaraq öz yaradıcılığında bədii dolğunluğa nail olan söz ustadına çevrilib.

Bu fəxrdir mənə, Vahid ki, xalq şairiyəm,
Ucaltdı ömrümü nəşvü nüması ölkəmizin!

– deyən söz ustadı xalqın sevgisini daim hiss edirdi. İkinci Dünya müharibəsi illərində o günün çağırışları ilə bağlı qəzəllər, satiralar yazıb yaradırdı. “Döyüş qəzəlləri”, “Qəzəllər” kitablarında Vahid vətənə məhəbbəti, düşmənə nifrəti təbliğ edib.

Torpaq dolsun çeşminə torpaq satan namərdlərin,
Mərd odur ki, düşmənə can versə, torpaq verməsin...

Onun yaradıcılığı tək bununla bitmirdi. Nizami, Xaqani, Füzuli, Nəvai və digər ədiblərin qəzəllərini Azərbaycan dilinə tərcümə edib. Vahid sevgi şairi idi. O ürəkdən sevirdi, gözəl sevirdi. Əks təqdirdə məhəbbətini belə gözəl vəsf edə bilməzdi:

Gözəlim, gözlərinin söhbəti hər yanda olur,
Bu məlahətli baxışlar üzü ceyranda olur.
Bir əlac et mənə istəkli təbibim sənsən,
Aşiqin çarəsi öz sevdiyi cananda olur.

Deyilənlərə görə, Vahid ağ ciyərlərindən çox əziyyət çəkirdi. Və beləliklə, Vahid M.Bağırovun “repressiya” siyahısından çıxarılsa da, əcəl onu 70 yaşında haqlayıb. Əlağa Vahid 1 oktyabr 1965-ci ildə vəfat edib. Xalq onu, sözün əsl mənasında, əlləri üstündə “Fəxri Xiyaban”a apararaq, son mənzilə yola salıb. Ölümündən sonra onun xatirəsinə Filarmoniya bağında heykəli qoyulub. Həmin abidə sonra İçərişəhərə köçürülüb. Abidənin mövzusu “Böyük Füzulimizin yadigarı mən özüməm” misrasından qaynaqlanır.

Vahid haqqında “Azərbaycanfilm” Kinostudiyasında aktyor, ssenarist, rejissor, Xalq artisti Şahmar Ələkbərovun son işi hesab olunan “Qəzəlxan” bədii filmi də çəkilib və Vahidin sağlığında lentə alınmış səsindən istifadə olunub.

Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli qərarı ilə Əlağa Vahidin əsərləri dövlət varidatı elan edilib. Biz bir xalq, millət olaraq Vahidi hər zaman böyük məhəbbətlə sevir, adını hörmətlə anır və dəyərləndiririk.

Könül ABSƏTTAR QIZI



Mədəniyyət