Ankaraya növbəti səfərimdə köhnə dostumuz – Türkiyənin keçmiş mədəniyyət naziri Namiq Kamal Zeybəkə baş çəkməyi özümə borc bildim. Məni ofisinə dəvət etdi. Adətim üzrə əliboş getmədim. Özümlə onun xoşladığı Şəki halvası, Azərbaycan çayı da apardım. Bundan başqa, 2007-ci ildə Atatürk mərkəzində çap etdirdiyim “Türk olmaq” kitabının şəklini köynəyə həkk etdirmişdim. Və həmin köynəyi onun ömür-gün yoldaşı Alsuman xanıma hədiyyə elədim və birlikdə şəkil çəkdirdik. Namiq Kamal Zeybək isə özünün yenicə çapdan çıxan “Atəşdən adamlar” kitabını mənə bağışladı. Həmin kitab Türk inqilabının öndə gedən savaşçılarına, Atatürkün silah və əqidə dostlarına həsr olunmuşdur. Həmin topludan “Nəriman Nərimanov (qardaş köməyi)” adlı məqaləni kiçik ixtisarla “Xalq qəzeti”nin oxucularına təqdim edirəm.
Süleyman Dəmirəl baş nazir olduğu 1992-ci illərdə mən də Türkiyə Cümhuriyyətinin baş nazirinin baş danışmanı, böyük elçisi idim. İşimlə əlaqədar İstanbulda Osmanlı arxivinin baş idarəsində uzun müddət çalışmalı oldum. Həmin günlərdə arxiv müdiri masasının üzərindəki rəsmi sənədi mənə göstərdi. Sənəd 1914-cü ilə aid idi. Sənəddə belə yazılırdı: “Ədirnədə tikilən yetimlər evi üçün Bakı türklərinin göndərdiyi pul vəsaiti bu cür xərclənmişdir”. Bu, əslində, qardaş köməyi kimi dəyərləndirilən yardım idi.
17 mart 1921-ci ildə Atatürk Azərbaycanda məsul vəzifədə olan Nəriman Nərimanovdan borc istəmişdi. Nəriman Nərimanov isə cavabında qardaş qardaşa borc verməz, yardım edər, – deyə arzu olunan məbləği göndərmişdi.
Sonradan Rusiyadakı türklərlə toplanan yardımlar da həmin qardaş yardımına əlavə olunmuşdu. Məsələni daha yaxşı anlamaq üçün Atatürkün 15-ci ordu komutanı Kazım Qarabəkir paşaya göndərdiyi 3 may 1920-ci il tarixli teleqramdan oxuyuruq:
“15-ci Kolordu komutanı Kazım Qarabəkir Paşa həzrətlərinə. Əlimizdə pul-para olmadığı məlumdur. Hazırda bir mənbə də tapa bilmirik. Digər tərəfdən Azərbaycan hökumətindən müəyyən miqdarda borc almaq imkanını düşünmənizi və təmin edilməsini rica edirəm. Böyük Millət Məclisin rəisi
M. Kamal”.
Daha sonra Atatürk 17 mart 1921-ci il tarixli məktubunda borc istədiyini bildirir.
23 mart 1921-ci ildə N. Nərimanov cavab verir:
“Paşam, türk millətinin bir ənənəsi var. Qardaş qardaşa borc verməz. Qardaş hər durumda qardaşının əlindən tutar, biz qardaşıq, hər zaman əlinizdən tutacağıq. Hər zaman və hər şərtlə bir-birimizin əlimizdən tutmağa davam edəcəyik. Bugün etdiyimiz yardım qardaş köməyindən başqa bir şey deyildir”.
Nərimanov özünün etdiyi köməkdən savayı, Leninə də vəziyyəti izah edir və onu da yardım etməyə inandırır. N. Nərimanov Azərbaycan büdcəsindən 500 kilo qızıl göndərir. Üstəlik, 30 vaqon neft, 2 vaqon benzin, 8 vaqon qazyağı göndərir.
Yenidən 2 may 1921-ci ildə 62 vaqon neft, Bakıdakı Türk nümayəndəliyinə 1 milyon qızıl rubl göndərir, yetimlər üçün yardım toplanır. Nəriman Nərimanovun adından xarici işlər naziri Hüseynov Türkiyəyə belə bir telegram göndərir: “Bundan sonra Azərbaycan hökuməti qardaş türk xalqına müstəqillik uğrunda apardığı mübarizəni qiymətləndirərək, yetim qalmış uşaqlar üçün tikilən yetimxana üçün hər ay 62 vaqon neft, 3 vaqon qazyağı göndərməyi söz verib.”
Eyni zamanda, həmin dövrdə Azərbaycandan könüllü olaraq zabitlər və əsgərlər də türk ordusuna qulluq edir. Onlardan bəziləri hətta müharibədən sonra türk ordusunda mühüm vəzifələri tutur. Azərbaycan hökumətinin Türkiyəyə göndərdiyi ilk səfir İbrahim Əbilov 22 oktyabr 1921-ci ildə Atatürkə yazdığı təşəkkür məktubunda minnətdarlıq əlaməti olaraq övladının adını Atatürk qoyduğunu bildirib.
17 sentyabr 1922-ci ildə Bakıda Qızılay tərəfindən toplanan yardımlar da Türkiyəyə göndərilib. Bununla əlaqədar Nərimanov yazırdı: “Əgər bütün Yer üzərində müharibə olsa belə, Azərbaycan Rusiya ilə birlikdə Türkiyənin yanında yer alacaqdır”. Həmin dövrdə Nərimanovun sözü Leninin yanında keçir və onu davamlı olaraq Türkiyəyə dəstək göstərməyə istiqamətləndirir. Hətta Nərimanovun bununla əlaqədar Stalinə məktub göndərdiyi də məlumdur.
Nərimanov Atatürkə var gücü ilə dəstək olduğunu bildirməklə yanaşı, Türkiyənin Osmanlı dönəmindəki Panislamist siyasətinin yanlış olduğunu söyləyir. “Nikolay taxtdan enənə qədər panislamistlərlə çalışdım. Onda bizim bir məqsədimiz var idi. Nikolayı devirmək... Onlar panislamizmlə bağlı fikirlərini bildirəndə mən gülərdim, onlara bu, baş tutmayacaq deyərdim.”
Nəriman Nərimanov Lenindən sonra Stalinin istəyi ilə Azərbaycandan uzaqlaşdırılıb və Moskvaya çağırılıb. 19 mart 1925-ci ildə isə müəmmalı şəkildə öldürülüb.
Xüsusi vurğulamaq lazımdır ki, Nəriman Nərimanov sosialist düşüncə tərzinə malik olmaqla birlikdə TÜRKÇÜ idi. Azərbaycan Respublikasında dövlət dilinin rəsmi olaraq Azərbaycan türkcəsi olmasında onun zəhməti çoxdur. Hətta bununla əlaqədar bəzi fikirləri demişdir: “Millətin dilini bilməyənlər onun problemlərini həll edə bilməzlər. Qan təmiz olanda ürək yaxşı çalışdığı kimi, dilində qüsur olan adamlar da millətin inkişafında çətinlik yaradar”. Azərbaycan dilinin məktəblərdən çıxarılmasını istəyənlərə qarşı çıxar, analarımızın laylalarını qan yaddaşımızdan silə bilmərik, – deyərdi.
Akif ƏHMƏDGİL