Adil Babayev – 100
Bu sərlövhəni Xalq şairi Səməd Vurğunun Adil Babayevə həsr etdiyi “Mənim arzum” şeirindən götürmüşük. Onda hələ Adilin 20 yaşı vardı. ”Çinar” şeiri bizim o vaxtlar “Kommunist” adlanan qəzetimizdə dərc olunmuşdu.
Daddımsa aləmin hər nemətini,
Dilbər guşələrdə ötdüsə ömrüm,
Dünyanın ən böyük səadətini
Bu boylu çinarın altında gördüm.
El-obasından uzaq düşən, illərini qürbətdə keçirməli olan bir qocanın Vətənə qayıtdıqdan sonrakı düşüncələrinin bədii dillə təsvir edildiyi bu şeir əksəriyyət tərəfindən bəyənilib. Həmin vaxt Səməd Vurğun xəstəxanada yatırmış. Şeiri oxuyub və onun da çox xoşuna gəlib. Qəzetin baş redaktoru, görkəmli yazıçı Əli Vəliyevə zəng vuraraq tərifləyib və müəllifə şeir həsr edəcəyini deyib. Bir həftədən sonra Səməd Vurğunun Adil Babayevə həsr etdiyi “Mənim arzum” şeiri çap olunub.
Şair, nə incədir rübabın sənin!
Uçurdu qəlbimi çaldığın bu saz!
Vətən torpağında bitən gülşənin
Yarpağı saralıb, çiçəyi solmaz...
1925-ci il yanvarın 28-də Naxçıvan şəhərində anadan olan Adil çox çətin uşaqlıq və yeniyetməlik dövrü yaşayıb. Atası Qafar Babayev xalq düşməni kimi həbs olunaraq Nargin adasında güllələnəndə o, 6 aylıq olub. Anası ilə təkbaşına qalan Adil olmazın əziyyətlər çəkib. Məktəb yaşına çatanda ondan atasının adından imtina etməsi tələb olunub. Əks təqdirdə digər şagirdlər kimi oktyabryat, pioner, komsomol kimi mərhələləri keçməyəcəyini deyiblər. Ancaq Adil heç vaxt nə atasından, nə də onun adından imtina etməyib.
Yaradıcılığa “qələm fəhləsi” kimi başlayıb. “Şərq qapısı” qəzeti redaksiyasında əvvəl korrektor, sonra ədəbiyyat və incəsənət şöbəsinin müdiri olub. Gənc jurnalist 1943-cü ildən Tbilisidə A. S. Puşkin adına İkiillik Müəllimlər İnstitutunun ədəbiyyat fakültəsində oxuya-oxuya “Sovet Gürcüstanı” qəzetinin ədəbiyyat şöbəsinə rəhbərlik edib. Elə ilk şeirləri də “Sovet Gürcüstanı”nda və Tbilisidə çıxan “Yeni qüvvə” məcmuəsində dərc olunub. O, sonra Bakıda “Kommunist” qəzetində ədəbi işçi, tərcüməçi, “İnqilab və mədəniyyət” jurnalında poeziya şöbəsinin müdiri vəzifələrində çalışıb. Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini bitirib, sonra bir müddət Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat şöbəsinin redaktoru işləyib. Ardınca Elmlər Akademiyasının İncəsənət və Layihə İnstitutunun aspiranturasında təhsil alıb. Teatrşünas kimi “M. Əzizbəyov adına teatr” (Moskva, 1959), “Şərəfli yol” (1974) monoqrafiyalarını yazıb, ədəbiyyatşünaslıq, dramaturgiya və kino sənəti problemlərinə dair çoxlu məqalələr qələmə almaqla milli teatrın inkişafına kömək edib. Eyni zamanda, M. Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrının ədəbi hissə müdiri, “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında tənqid şöbəsinin müdiri, məsul katib və baş redaktorun müavini vəzifələrində işləyəndə də birmənalı olaraq sözə, sənətə xidmət edib.
Bilmirəm dövranda bu gərdiş nədir,
Adilə gah sevinc, gah qəm bəxş edir.
Günlərim, aylarım köç edib gedir,
Dünyaya yadigar məhəbbətimdir.
Səməd Vurğunla Adil Babayev Yazıçılar Birliyində tanış olublar. Böyük şair onun həyat hekayətini dinləyib. Təklikdə qalanda isə deyib “Bakıda xəzri, gilavar küləyindən əlavə, başqa küləklər də əsir. Özünü o küləklərdən qoru”. Həmin küləklər ta Səməd Vurğunun dünyadan köçdüyü 1956-cı ilə qədər davam edib. Gənc şair Adil Babayev “Xalq düşməninin oğlu” kimi çox əziyyət və məhrumiyyətlər çəkib. Həmin vaxt atasının tam günahsız olduğu sübuta yetirildiyi üçün zillətkeş anasına təqaüd və müəyyən imtiyazlar ayrılsa da, o, bunların hamısından imtina edərək deyib: “Mən ərimin qan pulunu almaram”.
Həyatın dərsləri hər şeyə həssaslıqla yanaşan Adili şair edib. Yaşadığı çətin günlərin ağrısı şeirlərindən qırmızı xətt kimi keçib. Aclıq illərində anasının bir çuval buğdaya dəyişdiyi nişan üzüyü haqda onun yazdığı “Anamın üzüyü” şeirində də həmin qara günlərin kölgəsi təsvir olunur. Adil Babayev kitablarından birini əbəs yerə “Ana ürəyi” adlandırmayıb. “Ata sorağında” kitabında isə atasızlığın acıları barədə kövrək, həzin duyğulu hekayələr var.
Adil Babayev gözəl şeirlər, poemalar, dram əsərlərinin müəllifi kimi çağdaş ədəbiyyatımızda layiqli yerini tutub. Onun sonetləri isə ayrıca bir söhbətin mövzusudur.
İnsan gəlir dünyaya, yaşayır, bir gün köçür,
Sağ ikən ölən də var, ölüb sağ qalan da var,
Günlərin əllərindən gah şirin şərbət içib,
Gah acı zəhər içir dünyada yaşayanlar.
Şairin “İkinci simfoniya”, “Ürək nəğməsi”, “İlk addımlar”, “Xəzər sahillərində”, “Döyüş yollarında”, “Unudulmuş”, “Qılınclar arasında” kitabları ədəbi cameədə təqdir olunub. Əsərləri xarici dillərə tərcümə edilib. Şairin dramaturgiyası da çoxcəhətlidir: “Dağlar qızı”, “Yarımçıq portret”, “Mənim məhəbbətim”, “Qız görüşə tələsir” pyesləri teatr səhnələrində tamaşaya qoyulub,
Onun yaradıcılığında tərcümə də xüsusi yer tutur. Dünya və qardaş xalqlar ədəbiyyatından (V. Şekspir, V. Vişhevski, N. Dumbadze və s.) çoxlu tərcümələr edib. Onun çevirməsində V. Vinnikov və Y. Osnosun “Ağ şanaküllə”, Sao-Yuyyanın “Tufan”, Ş. Miloravanın “Tbilisi haqqında mahnı”, N. Dumbadzenin “Darıxma, ana”, M. Petrieskunun “Ölümü görmüş insan” pyesləri tamaşaya qoyulub. Təsadüfi deyli ki, Adil Babayev 1971-ci ildən ömrünün sonunadək Azərbaycan Yazıçılar İttifaqında bədii tərcümə üzrə məsləhətçi olub.
Şairin oğlu – Əməkdar jurnalist, pedaqoq Etibar Babayev atası ilə bağlı müsahibələrin birində deyir: “Altı yaşım vardı, ev telefonumuz zəng çaldı. Atam artıq dəstəyi məndən əvvəl götürmüşdü. Mən isə sakitcə dayanıb ona sığınmışdım. Zəng vuran onun yaxın dostu, həmyerlisi, prokurorluqda yüksək vəzifəli adam idi. O, atama atasının tam bəraət aldığını, bu barədə sənədlərin artıq Moskvaya göndərildiyini xəbər verdi. Ani bir sükut yarandı. Birdən gördüm ki, əlimin üstünə su damcıları düşür. Başımı qaldırıb baxanda atamın ağladığını gördüm. Həmin zəng sonralar Adil müəllimin xoşbəxt olmasına kömək etdi desəm, yalan olar. Bəzən adama elə yaralar vururlar ki, sonradan baş verənlərin onun üçün əhəmiyyəti olmur. Atam ona qədər də xoşbəxt idi. O, artıq öz həyatını, yaşam tərzini, hətta yaralarını da olduğu kimi qəbul etmişdi. İçindəki işıq ona 52 il yaşamağa bəs etmişdi. Ən xəstə vaxtında belə, atam o işığı sönməyə qoymadı”.
Adil Babayev 1977-ci ildə Bakıda vəfat edib. Yarımçıq qalan əsərlərindən biri “Səhnə işıqları” povestidir. Ömrü kimi yazıları da yarımçıq qalıb, amma xatirə işığı daim ürəklərdə yanır. “Təzədən doğulur şair ölən gün” – deyən Adil Babayev bunu öz nümunəsi ilə təsdiq edib.
Əli NƏCƏFXANLI
XQ