Düzü düz, əyrini əyri yazan qələm

post-img

Xeyrəddin Qoca – 75


Qarşıdan Azərbaycan mətbuatının yaranmasının 150 illiyi gəlir. Əsasını Həsən bəy Zərdabinin qoyduğu “Əkinçi” qəzeti nəşrə başlayandan bu yana çətin və şərəfli yol keçən milli mətbuatımızın çoxsaylı azman nümayəndələri olub və biz bu barədə ayrıca rubrika ilə silsilə yazılar verməyi nəzərdə tutmuşuq. Bugünkü qonağımız isə həm də özünün 75 illik yubileyi olan publisist, yazıçı, dramaturq, tənqidçi, siyasi və dövlət xadimi Xeyrəddin Qocadır. 

Bəlli imza sahibi Xeyrəddin Qoca Azərbaycan Dövlət Pedaqoji Universitetini və Jurnalist Sənətkarlığı İnstitutunu bitirib. Uzun müddət qəzet-jurnal redaksiyalarında, televiziya və radioda müxtəlif vəzifələrdə işləyib. Bu sıraya  “Mədəniyyət”,  “Açıq söz”, ilk baş redaktor kimi “Yeni Azərbaycan” qəzeti, hətta Moskvada çıxan “Trud” qəzeti və s. daxildir. Onun bir-birindən maraqlı yazıları 100-dən çox müxtəlif adda qəzet və jurnalda  çap  edilib. Yazıçı-satirik “Filankəslər” (1995), “Hərə öz payını götürsün” (1998), “Marallar” (2000), Türkiyədə nəşr olunmuş “Bu dünyadan məktublar” (2002), “Gərək yazam…” (2003), “Hərənin öz payı” (iki hissəli satirik komediya) (2003), “Pyeslər” (2004), “Bu da belə həyatdır…” (2008), “Biz bizə bənzərik…” (2010) və “Yazdıqlarım… Yazılanlar…” (2018) adlı kitabların müəllifidir.

Dramaturq Xeyrəddin Qocanın Akademik Milli Dram Teatrında “Hərənin öz payı…” adlı iki hissəli satirik komediyası tamaşaya qoyulub, “Qonşulaşma, qohumlaşma, kirvələşmə”  komediyası Dövlət Televiziyasında ekran həyatı tapıb. “Düzü – düz, əyrini– əyri”, “Bu bizim zamanədir”, “Toy olacaq…” adlı pyesləri Azərbaycan radiosunun tamaşaları kimi efirdə səsləndirilib. Bu gün də Xeyrəddin Qoca gənclik ruhu ilə yazıb-yaradır,  qənimət qələm sahibi kimi gənclərə nümunə göstərir. Ondan “XalqTV” üçün aldığımız müsahibənin bəzi məqamlarını oxuculara təqdim edirik. 

– Xeyrəddin müəllim, xoş gəlmisiniz! Azərbaycan mətbuatının 150 illiyi ərəfəsində 75 yaşınız tamam olur. Təbrik edirik! Azərbaycan mətbuatı və bugünümüz barədə nə düşünürsünüz?  

– Qısaca deyə bilərəm ki, mətbuatımız mübarizələrlə dolu bir yol keçib. 150 ilin son 50 ilində mən də mətbuatın içində olanlardanam. Zəhmətkeş, fədakar həmkarlarımızı elə indidən təbrik edirəm, hamısına iti qələm arzulayıram! Bu gün mətbuatımızın uğurları ilə bərabər, çatışmazlıqları da var, Əsas odur ki, ənənələr yaşadılıb və bugünə qədər gəlib çıxıb. Yəqin ki, bundan sonra da hər şey yaxşı olar. 

– Yaradıcılığınızın dadı-duzu danılmazdır. Siz Həsən bəy Zərdabinin, Cəlil Məmmədquluzadənin, Mirzə Ələkbər Sabirin, Əbdürrəhim bəy Haqverdiyevin layiqli xələflərindən, varislərindən birisiniz. Böyük türk satiriki Əziz Nesinin bir sıra əsərlərini dilimizə çevirmisiniz. Bu məktəblər sizi iti qələm sahibi kimi püxtələşdirib. AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bir məqaləsində sizi müstəqillik dövründə Azərbaycan satirik nəsrinin görkəmli yaradıcısı və təmsilçisi kimi xarakterizə edərək yazıb: “Yığcamlıq, hazırcavablıq, konkret hədəf seçmək, sərrastlıq yazıçının satirik nəsrinin ana xətləridir. Xeyrəddin Qoca Azərbaycan ədəbiyyatında Əbdürrəhim bəy Haqverdiyevdən sonra müasir həyatın “maral”larının bədii obrazını yaratmağa müvəffəq olub. Onun yaratdığı personajlar Molla Nəsrəddinin marallarının davamçıları, xələfləridir. Bütövlükdə, Xeyrəddin Qocanın çoxcəhətli yaradıcılığı yeniləşməyə, mənəvi kamilliyə, əqidə bütövlüyünə, sabit ictimai mövqeyə xidmətə ünvanlanıb”. Klassik satira ustalarımızın ədəbi tərzi ilə doğmalığınız bütün ciddiyyəti ilə etiraf olunur. 

– Bəlkə də bir az qabardılır. Mən tərif sevən deyiləm, amma, görünür, xoş sözlər hamının xoşuna gəlir. Möhtərəm İsa müəllim elmi üslubda çox gözəl məqalə yazıb, əsərlərimə yüksək qiymət verib. Ondan qabaq Pənah Xəlilov da yazıb, elə sizin qəzetdə 3 məqaləsi çıxıb, kitablarda da var. Bilirsiniz, yuxarıda adı çəkilən klassiklər çox böyük insanlar  olublar. Biz onların yalnız şagirdləri, çağlar sənət bulaqlarından su içən adamlar ola bilərik. 

– Siz həmişə düzü düz, əyrini əyri yazan müəllifsiniz. Bu adda radio-pyesiniz də var. Yumora, satirik yönümə meyillilik xarakterinizdə də hiss olunur...

 – Bu, 1-cisi, o dediyiniz dahilərdən gəlmə irsdir, onları  çox oxumuşam. 2-cisi isə, həyatdan gələn nəsnədir. Həyatda, hamı kimi, məni də qane etməyən nələrsə olub. Nə isə çatmır, nə isə nöqsanlıdır, elə olmamalıdır və s. Ta uşaqlıqdan bütün bunları görə-görə gəlmişəm. Odur ki, çox demişəm, ziyalı gərək bu nöqsanlara biganə qalmaya, göz yummaya. Mən millətimizi həmişə gözəl görmək istəmişəm, çünki hər cür şərəfə, yüksəlişə layiqdir və elədir də. Buna görə mən yarım əsrdən artıqdır ki, çatışmazlıqlardan yazıram ki, aradan qaldırılsın. 

Bir şeyə sevinirəm ki, mənim yazdıqlarıma hələ heç kim etiraz etməyib. Qəribədir, axı, tənqid yazıram. Düzdür, mənim satiram öldürücü deyil, çalışıram ki, insanları alçaltmayım, kimisə təhqir etməyim. İnsana insan kimi baxmaq lazımdır. Məqsədim hər kəsi düz yola gətirməkdir, kimisə aşağılamaq deyil. Satiramda səmimi olmağa çalışıram. Bunu böyük  alimlərimiz də belə dəyərləndiriblər və  məndə özümə inam yaradıblar.

– Hər zaman sizin imzanız oxucularda maraq yaradıb. Xeyrəddin Qoca imzasını görən hər kəs maraqlanır ki, görüm, bu dəfə nə yazıb. Çünki siz ictimai həyatda, siyasətdə də passiv olmamısınız. Oxucular üçün xatırladaq ki, Yeni Azərbaycan Partiyasının yaradılmasında iştirak etmisiniz, məşhur “91-lər”dənsiniz. “Vətənə xidmətə görə” və “Şöhrət” ordenləri ilə təltif edilmisiniz. Prezidentin fərdi təqaüdçüsüsünüz. Milli Məclisin I çağırış deputatı, Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Azərbaycan Respublikasının Baş konsulu olmusunuz. Eyni zamanda, qələmi bir gün də yerə qoymamısınız. Maraqlıdır, İstanbulun mədəni-ədəbi mühiti ilə  ünsiyyətiniz necə olub?

– Çox güclü. Demək olar ki, hər gün birlikdə olmuşuq, televiziyalarda çıxışlar etmişik, ədəbi toplantılara qatılmışıq. Başda hörmətli Anar müəllim olmaqla, yazıçılarımız da tez-tez gəlirdilər. Birlikdə həmkarlarımızla, qələmdaşlarımızla  görüşlərimiz olub, Nazim Hikmətin evinə getmişik. Amma, deyim ki, bizdə olan bu mədəni-ədəbi aləm təmtərağı orada elə də yüksək deyil. Əlbəttə, danılmazdır ki, qardaş Türkiyənin çox böyük sənətçiləri – musiqiçiləri, ədibləri, rəssamları var, amma, sanki, bizim xalqımız  mədəniyyət xadimləri ilə bağlı təntənələrə daha çox həvəslidir. 

Ədalət naminə bunu da deyim ki, Türkiyədə mütaliə mədəniyyəti, vərdişi bizimkindən yüksəkdir. Çox oxuyurlar – gecə-gündüz oxuyurlar, metroda da, avtobusda da hey oxuyurlar, kitablardan yetərli qədər mənəvi qida alırlar, maariflənirlər, bilgilənirlər, dünyagörüşlərini zənginləşdirirlər.  

– Eyni zamanda, etiraf edək ki, müstəqillik dövrümüzdə, xüsusilə də son illər TDT, TÜRKSOY kimi mötəbər qurumların xəttilə daha çox qaynayıb-qarışırıq, tanıtım və ünsiyyət dinamikası daha da artıb. Ünlü qələm sahiblərinin kitablarının nəşr mübadilələri, təqdimat mərasimləri daha da intensivləşib və bu mədəni-ədəbi inteqrasiya da fərəh doğurur. Əvvəllər Nazim Hikmət, Əziz Nesin, Rəşad Nuri Güntəkin və daha bir neçə nəfər türk söz adamını tanıyırdıq. Müasirlərimiz haqqında isə bir növ bilgisiz olmuşuq. Sizin də çalışmalarınız sayəsində artıq əlaqə körpülərimiz xeyli genişlənib...    

– Doğrudur. Əziz Nesinin adı çəkilmişkən, xatırlayıram ki, mən onun evində  olmuşam. Əziz Nesin 80 il yaşayıb və 80 kitabı çıxıb. Mən həmin kitabların 32-ni onun evindən almışam. Əziz Nesin Vəqfi, yəni fondu var. Ora ianələr verilirdi, yazıçının kitablarının qonorarları da ora gəlirdi və böyük yazıçı kasıb uşaqlarını götürüb öz hesabına oxudub. Onlara ali təhsil verib, hətta bəzilərini evləndirib. Sonra deyib ki, gedib sərbəst yaşaya bilərsiniz. Minlərlə uşağa belə kömək edib, elə azman yazıçılığı ilə bərabər, böyüklüyünün bir səbəbi də bu olub. Millətinin sabahı üçün çalışıb. Xoşbəxtəm ki, Əziz Nesinin bir sıra əsərlərini dilimizə mən uyğunlaşdırmışam. 

– Sizin təxəllüsünüz “Qoca”dır, gənc vaxtlarınızdan bu təqdimatı, bu xitabı eşitmisiniz. Amma bu gün 75 yaşınız olsa da, sizə qoca deməzdik. Bəzən rəhmətlik Fikrət Qoca ilə qohum olduğunuzu  da söyləyirlər...   

– Hər ikimiz Ağdaşdan olsaq da, əsil-nəsilə görə yox, soyadımıza, qaralığımıza, məfkurə, əqidə eyniliyimizə görə qohumuq. Çox sevdiyim şairlərdəndir Fikrət Qoca. Məndən 15 yaş böyük olan mənəvi qardaşım kimi daim xətrini əziz tutmuşam. Təxəllüsün halallığını da almışam ondan. Bir dəfə dedim ki, Fikrət müəllim, görün, “Rza” təxəllüslü nə qədər yazarımız var: Rəsul Rza, Xəlil Rza (və qardaşı Məhəmməd Rza Xəlilbəyli), Şəmşad Rza... Amma Qoca təxəllüsünü daşıyan tək sizsiniz. Olmaz ki, mən də soyadımdan “yev”i silim və Xeyrəddin Qoca olum? Dedi, lap yaxşı, ol. Yəni qəti qısqanmadı. Onun oğlu, rəhmətlik Yalçın da bu təxəllüslə şeirlər yazırdı.   

–  Qeyd etdiyimiz kimi, milli mətbuatımızın 150, sizinsə 75 illiyinizdir. Sizə bundan sonra da elə indiki kimi sağlam ömür, sənət uğurları diləyirik! Xalq şairi Zəlimxan Yaqub demişkən: 

Başa qar yağsa da, bel bükülməyə,

Belə qocalasan qocalanda da!

– Minnətdaram, sağ olun!

– Sonda 150 yaşlı mətbuatımızın indiki nəslinə, gənclərə bir ustad kimi nə arzu edərdiniz?

– Qoy, dilin bütün incəliklərini öyrənsinlər. Oçerk, felyeton yazmağa cəhd eləsinlər. İndi çoxlu saytlar var, publisistik janrlar tamam yaddan çıxıb. Yadıma gəlir, mən sizin bu qəzetə, “Bakı” qəzetinə çoxlu felyetonlar yazmışam. Bir də, jurnalistin orfoqrafik səhvləri olmamalıdır, hər sözün üstündə əsməlidir. Taftologiyaya yol verməməlidir. Məsələn, “məşhur xalq artisti” yazırlar, amma düşünmürlər ki, burada “məşhur” sözü artıqdır, “xalq” sözü elə onu ehtiva edir də. Dili bilmək, qorumaq, ilk növbədə, jurnalistlərin borcudur. Ədəbi dilə vaqif olmaq   lazımdır. Danışıq dilində, şablon formada yazıb cəmiyyətə məqalə təqdim etmək mətbuat nümayəndəsi üçün qüsurdur. Qoy, gənc jurnalistlərimiz zəhmətdən qorxmasınlar, daim öz üzərlərində çalışsınlar, klassikləri tanısınlar. Bir vaxt mən bu redaksiyada təcrübədə olmuşam, ustadlardan çox şey öyrənmişəm. Gənclərimizə də öyrənmək şövqü arzulayıram.   

– Maraqlı müsahibəyə görə çox sağ olun.     

Əli NƏCƏFXANLI 
XQ 

 

Müsahibə