Beynəlxalq konfransda türkiyəli həmkarlarımız təltif edildilər

post-img

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Mərasim yüz il əvvəl I Türkoloji Qurultayın keçirildiyi tarixi məkanda – İsmailiyyə Sarayında baş tutub.

Beynəlxalq elmi konfransda Azərbaycandan başqa, Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyəti və başqa ölkələrdən gəlmiş tanınmış elm adamlarının məruzələri dinlənilib. 

Konfrans çərçivəsində xüsusi təltifetmə mərasimi də keçirilib. Azərbaycan mətbuatının Türkiyədə tanınmış tədqiqatçıları – Egey Universitetinin professoru Yavuz Akpınar və həmin universitetin Türk ləhcələri və ədəbiyyatları kafedrasının müdiri Yılmaz Özkayaya Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə təsis olunmuş yubiley medalı təqdim olunub. 

Türkiyənin İzmir şəhərində nəşr olunan Yeni Gün qəzeti isə Birinci Türkoloji Qurultayın 100 illiyinə və türk dünyasını birləşdirən yeni layihələrə həsr olunmuş məqalələr silsiləsinə görə Azərbaycan Mətbuat Şurasının fəxri diplomu ilə mükafatlandırılıb.

Təltifləri Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid təqdim edib.

Qeyd edək ki, İzmirdə nəşr edilən Yeni Gün qəzeti 2005-ci ildən nəşr edilir  və regional mətbuatın formalaşmasında mühüm yer tutur. Nəşr fəaliyyəti ilə regional mətbuatın  inkişafına və cəmiyyətin dezinformasiyadan uzaq, etibarlı informasiya ilə təmin olunmasına xidmət edən mühüm media platformasıdır. 

Qəzet gündəlik olaraq Manisa, Aydın, Balıkesir, Muğla, Dənizli və Uşak vilayətlərində oxuculara çatdırılır və Egey bölgəsinin geniş oxucu auditoriyasına malik regional qəzetləri sırasında yer alır. Paralel olaraq rəqəmsal platformalar vasitəsilə də fəaliyyət göstərərək xəbərlərin daha geniş coğrafiyada yayımını təmin edir.

Məzmun baxımından qəzet regional ictimai-siyasi proseslər, iqtisadiyyat, mədəniyyət və idman sahələrini əhatə edən geniş tematik spektr təqdim edir. Nəşr yalnız operativ xəbər ötürən media orqanı kimi deyil, eyni zamanda cəmiyyətdə baş verən prosesləri analitik müstəvidə şərh edən, ictimai rəyin formalaşmasına töhfə verən platformadır. Redaksiya siyasətində peşə etikası, obyektivlik və faktlara əsaslanan xəbər anlayışı əsas prinsip kimi qorunur.

 “Yeni Gün” qəzeti eyni zamanda Türk dünyasına həsr olunmuş silsilə yazılarla seçilir, xüsusilə Azərbaycanın Türk dünyasına verdiyi elmi, mədəni və ictimai töhfələrin təbliğinə xüsusi yer ayırır.  Qəzetin imtiyaz sahibi İzmirin tanınmış iş adamı Məsud Şimşəkdir.

Türkiyəli həmkarlarımızı təbrik edirik.

XQ

 

 

 

 

 

 

 

Sosial həyat