Müasir təhsildə metodistlərin rolu

post-img

Azərbaycan Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzi “Müasir metodist” layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində fəaliyyət göstərən metodistlərlə onlayn görüş təşkil edib. 

Toplantıda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və rayon təhsil idarələrinin tabeliyində olan məktəblərdə fəaliyyət göstərən metodistlər, ARTİ MDM-in idarəetmə heyəti və əməkdaşları iştirak ediblər. 

Təhsil İnstitutundan XQ-yə bildirilib ki, görüşün məqsədi ümumi təhsil müəssisələrində metodistlərə dəstək göstərilməsi, işin təşkili istiqamətində ümumi məsələlərin, qarşıda duran əsas fəaliyyətlərin müzakirə edilməsi olub. Qeyd edilib ki, görüş interaktiv formatda keçib, metodistlərlə müasir metodiki yanaşmalar, innovativ üsullar və aktual problemlərlə bağlı planlaşdırılan fəaliyyətlər müzakirə olunub.

İştirakçılar ümumi təhsil müəssisələrində metodiki işlə bağlı təşkilati işlərin təkmilləşdirilməsi, metodiki dəstək sahəsində qarşılaşdıqları çətinliklər və onların həlli yolları haqqında fikir mübadiləsi aparıblar.

Belə görüşlərin keçirilməsi metodistlərin müəllimlərə göstərdikləri dəstəyin effektivliyini artırmaq və təhsil sahəsində yenilikləri təşviq etmək baxımından böyük əhəmiyyət daşıyır. Təhsil sahəsində innovasiyaların tətbiqinə və əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə yönələn bu kimi tədbirlər gələcəkdə də mütəmadi olaraq həyata keçiriləcək.

Rizvan FİKRƏTOĞLU 
XQ

 

Təhsil