Yusif Ziya Talıbzadə – türkçülük fədaisi

post-img

Abdulla Şaiqin Mənzil-Muzeyində bu ünlü ocağın rəhbərliyi və Azərbaycan Türk Ocağının birgə təşkilatçılığı ilə “Yusif Ziya Talıbzadə – 148, türkçülüyün unudulmayan şəxsiyyəti” adlı toplantı keçirildi. 

Aparıcı Günel Əsədova qonaqları salamlayaraq, mərasimin XX əsrin əvvəllərində həyatını türkçülük idealları uğrunda mücadiləyə həsr etmiş Yusif Ziya Talıbzadənin (görkəmli şair, dramaturq və pedaqoq Abdulla Şaiqin böyük qardaşıdır-müəllif) 148-ci ildönümünə həsr edildiyini vurğuladı. 
Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoru Ülkər Talıbzadə qeyd etdi ki, Yusif Ziyanın adı sovet dövründə uzun onillər boyu qadağan olunmuş adlar siyahısında idi. Bu səbəbdən də Abdulla Şaiq və oğlu, ədəbiyyatşünas alim, akademik Kamal Talıbzadə keçən əsrin əvvəllərində dəfələrlə Dövlət Təhlükəsizliyi Komitəsinə çağırılmış və sorğu-sual edilmişdilər. O, Kamal Talıbzadənin əmisi ilə bağlı apardığı araşdırmalarından və bu sahədəki əzmkarlığından söz açdı. Kamal Talıbzadə ulu öndər Heydər Əliyevlə telefon danışığında Yusif Ziyanın adının ictimaiyyətə tanıdılmasına köməklik göstərilməsini xahiş etmişdi. Nəticədə, Ümummilli liderin tapşırığı ilə Yusif Ziya bəraət aldı və xidmətləri ictimaiyyətə tanıdıldı.
Tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı Türk Ocaqlarının fəaliyyəti barədə danışdı və vurğuladı ki, Yusif Ziya Talıbzadə bu ocaqların əsas qurucularından biri olub. Muzeyin böyük elmi işçisi Elminaz Məmmədli “Yusif Ziya Talıbzadə xatirələrdə” mövzusunda məruzə ilə çıxış edərək professor Zəki Vəlidi Toğanın xatirələrində Yusif Ziyaya geniş yer verildiyini bildirdi. Professor Minaxanım Əsədova Yusif Ziyanın mətbuatdakı fəaliyyətindən söz açaraq qeyd etdi ki, o, “Həyat”, “İrşad”, “İqbal” və “Yeni Füyuzat” kimi nəşrlərdə o dövrün ictimai və siyasi həyatının aktual mövzularına dair məqalələr dərc etdirirdi.
Tarix elmləri doktoru, professor Solmaz Tohidi, DİA-nın tarix kafedrasının müdiri, tarix elmləri doktoru Firdovsiyyə Əhmədova, Milli Azərbaycan Tarixi Muzeyinin  elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru  Fərhad Cabbarov Yusif Ziyanın çoxşaxəli ictimai və siyasi fəaliyyətinin təbliği, zəngin irsinin xalqımıza tanıdılması, qorunması kimi mühüm məsələlər ətrafında fikirlərini bölüşdülər. 
Sonda muzeyin əməkdaşı Fəridə Məmmədova Abdulla Şaiqin 1918-ci ildə qəhrəman türk ordusunun Azərbaycana gəlişinə həsr etdiyi “Neçin böylə gecikdin” adlı şeirini səsləndirdi.

M.HACIXANLI 
XQ

Mədəniyyət