Məmməd Aslan – 85
Unudulmaz şairimiz, Əməkdar mədəniyyət işçisi Məmməd Aslanın 1997-ci ildə Ankarada çıxmış kitabı belə adlanır. Onun nur üzlü Məhəmməd Peyğəmbərimizin vəsfinə yazdığı eyni adlı şeiri düz 30 il əvvəl İstanbulda keçirilən Nət müsabiqəsində qalib olmuşdu. Məmməd əmi Mövlana aşiqi idi, hər söhbətində ondan bir neçə misal gətirərdi. İndi haqq dünyasında olan şairin özünə “Nur içində yat!” deyirik.
Məmməd Aslan 1939-cu il dekabrın 24-də Kəlbəcər rayonunun Laçın kəndində ziyalı ailəsində anadan olub. Klassik ədəbiyyata dərin bələd olan atasının gözəl şeir qoşmağı olsa da, onları heç vaxt çapa verməyib. Amma oğlunda şeirə-sənətə tükənməz həvəs oyadıb. Elə bu həvəs də gənc Məmmədi pedaqoji institutun filologiya fakültəsinə gətirib, Azərbaycan poeziyası adlanan böyük nəhrin ustad “qəvvas”ına çevirib.
Məmməd Aslanın rəssamlıq bacarığı da olub. Şairin alim dostu və eloğlusu Şahlar Əsgərov görüşlərin birində bu barədə deyirdi ki, Məmməd yeniyetmə vaxtı rəssam olmaq istəyi ilə Bakıya rəssamlıq texnikumuna oxumağa da gəlibmiş. Amma orada yataqxana şəraiti olmadığı üçün Kəlbəcərə qayıdıb və orta təhsilini davam etdirib, sonra isə filoloq-şair olub. Yəni biz onun timsalında istedadlı bir rəssamı itirsək də, əvəzində qələmi ilə gözəl təbiət təsvirləri yaradan, insan duyğularının minbir rəngini ustalıqla vərəqlərə köçürən, ecazkar söz tabloları yaradan bir şair qazanmışıq!
O da var ki, Məmməd əmi kitablarının tərtibatı zamanı müəyyən mənada rəssamlıq etməyi xoşlayırdı. Dəfələrlə şahidi olmuşam ki, əsərlərini, eləcə də baş redaktoru olduğu “Ekran-Efir” qəzetinin səhifələrinə çxardığı bədii nümunələri gözəl naxışlarla haşiyələndirir, sonra çapa verirdi.
Əmək fəaliyyətinə Kəlbəcər rayonundakı Yanşaq, İstisu kənd məktəblərində müəllim kimi başlamışdır. O, Kəlbəcər qəsəbəsində bir müddət müəllimlik etdikdən sonra rayonda nəşr olunan çoxtirajlı “Yenilik” qəzeti redaksiyasında məsul katib işləmişdir. 1970-ci ilin axırlarında Bakıya köçmüş, burada “Ulduz”, “Azərbaycan təbiəti” jurnallarında, “Azərbaycan gəncləri”, “Ədabiyyat və incəsənət” qəzeti redaksiyalarında çalışmış, “Yazıçı” nəşriyyatında böyük redaktor olmuşdur. Azərbaycan Dövlət Teleşirkətinin “Ekran-Efir” qəzetini araya-ərsəyə gətirib, eyni zamanda maraqlı, zövq aşılayan, yaddaqalan verilişlərin aparıcısı olub.
Həmişə qürur duymuşam ki, qismətimə Məmməd Aslanla illərcə sıx ünsiyyətdə olmaq düşüb. Neçə-neçə kitabını avtoqrafla mənə təqdim eləyib. Hər birində də bir özəl cümlə yazırdı. Hər ikimiz Sumqayıtda yaşadığımız üçün AzTV-yə işə birlikdə gedib-gəlir, yolboyu qafiyələr deyirdik. Ömrünü söz uğrunda girov qoymuş şairin özünün poetik etirafı idi: “Səpib göyərdərəm sözü-kəlməni, Ayrı sənətim yox, ayrı işim yox...”
Yaşadığı binanın yaxınlığındakı çayxanaya gedən kimi onu görənlər başına toplaşar, duzlu-məzəli söhbətlərinə qulaq asar, birgə şəkil çəkdirərdilər.
Sözlər közərdimi, qəlbim yanacaq,
İsidər ruhumu bu od, bu ocaq.
Mənim ov silahım dilimdir ancaq,
Ayrı sapandım yox, ayrı daşım yox!
Şəxsi kitabxanamda müasirlərimizdən ən çox əsəri olan müəllif məhz Məmməd Aslandır. Onun “Dağ ürəyi”, “Səsimə səs ver”, “Ürək möhlət verəydi”, “Durnalar lələk salır”, “Dəvə niyə gövşəyir”, “Ərzurumun gədiyinə varanda”, “Ömrün yarı yaşında”, “Allahın rəsulu”, “Bir sultan yaşardı Sultantəpədə” adlı kitabları, “Varlıqla yoxluq arasında” ikicildliyi, həmçinin türkcədən “Yunus İmrə, Aşıq Veysəl – iki zirvə” adlı uyğunlaşdırma toplusunu dönə-dönə və heyranlıqla oxumuşam. Şeirsevərlər bu gün də Məmməd Aslanın yaradıcılıq örnəklərini axtarıb tapanda sevinir, bal kimi şeirlərini dadmaqdan həzz alırlar.
Saz ilə, söz ilə qəlbini ovut,
Arıya sirdaş ol bal deyə-deyə.
Ar-namusdan özgə hər şeyi unut;
Dağlarda iz axtar, el deyə-deyə.
Türk dünyasının tanınmış ziyalısı ömrü boyu imzasının şərəfini layiqincə qoruyub, istər poeziyası, istərsə də publisistikası ilə örnək olub. Hansı mövzuda şeirini oxusan, kamil bir qələmin məhsulu olduğunu görürsən. O, dilimizin saflığını, şirinliyini qoruyan, dərin qatlarına varan, ədəbiyyatımıza əvəzsiz incilər bəxş eləyən, bədii publisistikamıza yeni ruh gətirən, telejurnalistikada öz cığırını açaraq seyrçilərinin sevimlisinə çevrilən söz adamı olub. “Sərt qayalı söz dağını misra-misra çapan”, Kərəmdən sonra Ərzurumun gədiyinə varan və bizi oğuz-türk şeirinin izlərinə aparan şairin şeirləri sosial şəbəkə səhifələrindən düşmür. Yeni nəsillər də onun söz xəzinəsinə üz tuturlar.
Xalq şairi Sabir Rüstəmxanlı onu tələbəlik illərindən tanıdığını və uzun illər dostluq etdiklərini söyləyir. “Kəlbəcərin bütün təbiət gözəllikləri onun şeirlərində əks olunmuşdu. Kəlbəcərdə Aşıq Şəmşirin, Məmməd Aslanın şeirlərini dinləmişik, oradan Göyçəyə keçib getdiyimizi, Aşıq Ələsgərin yurdunu gəzdiyimizi xatırlayıram. Şeir bayramlarımız olmuşdu. Sonra Kəlbəcər düşmən işğalında qaldı. Biz ondan sonra Yardımlıya bərabər getdik. Məmməd Aslan Kəlbəcər dağlarında itirdiklərini Yardımlı dağlarında tapırdı”.
Gedib-gedib ta zirvələrə çatmışdım,
Dağ başında bəxtə kəmənd atmışdım,
Kəlbəcərdə gül-çiçəyə batmışdım,
Ayıldım ki, Yardımlıdı gördüyüm.
Heyf ki, Məmməd əmi Kəlbəcərin öz əzəli sahiblərinə qaytarılmasını görmədi. Amma yəqindir ki, bu, ona əyan olub və ruhu şaddır. Böyük şairin qəlbi həm də bütün türk ellərinə, o cümlədən, qardaş Türkiyəyə hədsiz sevgilə döyünürdü. İstanbulu, Ankaranı, Ərzurumu, Qarsı, Bolunu, Ədirnəni, Sivası, Adabazarını doyunca gəzib və dillər əzbəri olan şeirlərini yaradıb. Həmin silsilədən “Adalarda bir gün”, “Saz və qılınc”, “Ağrı dağı ilə görüş”, “Sultan Əhməd camesi”, “Adalardan bir qız gəlir bizlərə”, “Azər-Baycan”, “Təbrizə çatmağa nə yol qaldı ki...” və sair şeirləri qənimət nümunələrdir.
Ulu sözü şahlıq büsatına çıxaran Məmməd Aslanın adı artıq klassiklərimizin sırasında çəkilməyə başlayıb. Onun haqq dünyasına qovuşandan sonra da kitabları nəşr olunur. Biri elə “Sözün özü” adlanır. Səhifələrində şairin eyni adlı telesilsilədə çıxışları, ana dilimizlə, “həzrəti-söz”ün təbiəti ilə bağlı düşüncələri, illərcə dahilərdən topladığı örnək kəlamların, yaddaşlarda yurd salmış ibrətamiz məsəllərin və şeirlərin də əlvan gül dəstəsi təqdim olunub. Məmməd Aslan bu kitabı yazanda məndən də söz haqqında bir şeir istəmişdi. Yazıb vermişdim. Fəxr edirəm ki, sağlığında özünün görmədiyi o topluda mənim yazdığım şeir də yer alıb. “Sözün özü” ilə şair əsl söz tədqiqatçısı kimi gözümüzdə bir daha ucalır.
Məmməd Aslan 2015-ci ilin sentyabrında haqq dünyasına qovuşub. Şairin haqqında yazdığım xatirə qeydlərimi elə onun özünün misraları ilə bitirirəm:
Sən getdin, arxanca açıla qaldı,
Bir də qapanmadı qollar beləcə.
Mənimlə dumana, çənə büründü,
Hönkürdü yamaclar, yallar beləcə.
Əli NƏCƏFXANLI
XQ