Murad Muradov – 140
Azərbaycan milli teatrının formalaşmasında əvəzsiz rolu olan Əməkdar artist Murad Məmmədrza oğlu Muradov 1884-cü ildə Ağdam rayonunun Muradbəyli kəndində dünyaya göz açıb. O, orta məktəbi bitirdikdən sonra təhsilini Realni məktəbdə davam etdirib. Uşaq yaşlarından teatr sənətinə, musiqiyə böyük maraq göstərib və ömrünü bütünlüklə bu sahəyə bağlayıb.
Şuşanın mədəni həyatına sıx daxil olan gənc Murad dram və xor dəstələrinin tərkibində çıxışlar edib, orada təşkil olunan tamaşa, konsert və müsamirələrə qatılıb. İlk dəfə səhnəyə 13 yaşında ikən Şuşadakı Xandəmirov zalında oynanılan “Hacı Qara” (M.F.Axundzadə) komediyasında Bədəl obrazı ilə çıxıb. Aktyorun öz xatirələrindən məlum olur ki, o, həm tamaşalarda həvəskar aktyor kimi rol alır, həm də səhnə həyatına aid bütün işləri can-başla yerinə yetirirdi.
Daha 3 il sonra Murad daha böyük arzuların qanadında Bakıya gələrək 1919-cu ilə qədər “Müsəlman dram artistləri cəmiyyətin”ndə, “Artistlər şirkəti”ndə, H.Sarabskinin “Müsəlman opera artistləri” dəstəsində, “Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyli qardaşlarının müdiriyyəti”ndə, “Nicat” və “Səfa” cəmiyyətlərinin teatr truppalarında aktyorluq edib. Onun səhnədəki bacarığına hələ Şuşadan yaxşı bələd olan Əbdürrəhim bəy Haqverdiyev Muradı əsas rolları oynamağa dəvət edib. Dramaturq onu özünün yenicə yaratdığı “Bakı müsəlman dram truppası”na götürüb.
M.Muradov bu dəstədə Cahangir Zeynalov, Əbülfət Vəli, Məhəmməd bəy Əlvəndi, Səməd Mənsur, Salah bəy Sadıqbəyov, Mehdi bəy Hacınski kimi görkəmli teatr fədailəri və ziyalılarla çiyin-çiyinə çalışıb.
O, Əbdürrəhim bəyin quruluş verdiyi “Müsibəti-Fəxrəddin” (Nəcəf bəy Vəzirov) faciəsində baş rolu böyük məharətlə ifa edib. Hər yeni məsuliyyətli rol ilə gündən-günə peşəkarlığını artıran aktyor 1919-cu ildə indiki Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasına qəbul olunub. Həmçinin 1920–30-cu illərdə müəyyən fasilələrlə Bakı Türk Azad Tənqid və Təbliğ Teatrında, müxtəlif təbliğat və təşviqat briqadalarında işləyib. Sonra yenidən Akademik Milli Dram Teatrına geri qayıdan aktyor bu sənət ocağında Rza Təhmasib, Mustafa Mərdanov, İsmayıl Hidayətzadə, Rza Əfqanlı, İsmayıl Osmanlı, Abbas Mirzə Şərifzadə, Mirzağa Əliyev, Möhsün Sənani və başqa qüdrətli səhnə ustaları ilə tərəf-müqabil olub.
Murad Muradov teatr fəaliyyəti boyunca həm milli, həm də rus və Qərb dramaturgiyasının ən seçmə nümunələrində istər əsas, istərsə də 2-ci dərəcəli müxtəlif xarakterli yaddaqalan obrazlar yaradıb. N.Vəzirovun “Hacı Qəmbər”, N.Nərimanovun “Nadir şah”, M.F.Axundzadənin “Lənkəran xanın vəziri”, “Hacı Qara”, Ə.Haqverdiyevin “Dağılan tifaq”, “Bəxtsiz cavan”, C.Cabbarlının “Dönüş”, “Yaşar”, H.Cavidin “İblis”, C.Məmmədquluzadənin “Ölülər”, S.Vurğunun “Vaqif”, Ş.Saminin “Dəmirçi Gavə”, N.Qoqolun “Müfəttiş”, “Evlənmə”, F.Şillerin “Qaçaqlar”, U.Şeksprin “Otello”, A.Puşkinin “Dubrovski”, N.Hikmətin “Türkiyədə”,
P.Bomarşenin “Fiqaronun toyu” və s. tamaşalarda oynadığı Cəbi, Rzaqulu xan, Hacı Məsud, Xəlil yüzbaşı, Həmzə bəy, Çingiz, Xudayar, Mürsəlqulu, ərəb zabiti, Heydər ağa, Əhməd kişi, Pərviz, Bobçinski, Koçkaryov, Karabkin, Şpigelberq, Kassio, keşiş Anton, həkim, Don Qusman Bridduazon kimi rollar sənətkarın obrazlar qalereyasını daha da dolğunlaşdırıb. O, 1907-ci ildə Ümumrusiya Teatr Cəmiyyətinin üzvü olan ilk azərbaycanlı aktyor kimi teatr tarixinə adını qızıl hərflərlə yazdırmağa nail olub. 1933-cü ildə o dövr üçün SSRİ-nin ən ali mükafatlarından sayılan Əmək Qəhrəmanı adına layiq görülüb. Bundan əlavə, Azərbaycan peşəkar teatrının 75 illik yubileyi ilə əlaqədar 1949-cu ildə ona Əməkdar artist fəxri adı verilib. Yeri gəlmişkən, Murad Muradov özündən 6 yaş kiçik olan və 6 il sonra haqqa qovuşan Əməkdar artist Qaflan Muradovun doğma qardaşı idi. “Elm” nəşriyyatında 1981-ci ildə çapdan buraxılmış “Hüseynbala Ərəblinski” kitabında xalqımızın unudulmaz sənətkarları sırasında Murad və Qaflan Muradov qardaşlarının da adları tez-tez çəkilir.
Ömrünün sonunadək səhnədən ayrılmayan teatr fədaisi Murad Muradov 1964-cü ildə Bakıda vəfat edib.
Ə.ƏLİYEV
XQ