Goranboy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində YAP rayon şöbəsi ilə birgə şəhərin R. Mustafayev küçəsində ağacəkmə aksiyası keçirilmişdir. Aksiyada icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun bir sıra məsul şəxsləri, qazilər və YAP fəalları iştirak etmişlər.
Qeyd edək ki, COP29 ərəfəsində Goranboy rayonunda minlərlə ağac əkilib. Hətta ayrı-ayrı ticarət obyektlərinin qarşısı, yol kənarları, boş qalmış sahələr yaşıllığa qərq olunub. Təqdirəlayiq məqam budur ki, yeni salınan yaşıllıqların qorunub saxlanmasına icra hakimiyyəti xüsusi nəzarət edir. Rayon icra hakimiyyəti başçısının birinci müavini Seymur Nazarovla bu mövzuda söhbət edərkən dedi:
Rayon icra hakimiyyətinin başçısı az qala hər gün bununla bağlı əlaqədar şəxslərin hesabatını dinləyir, soruşur, tapşırıq verir. Deyir “əkmək asandır, vacib olanı onu qoruyub saxlamaqdır”. İnanırıq ki, Goranboy Azərbaycanda ən yaşıl rayonlarından biri olacaq.
Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri, Goranboy.