Türk kinematoqrafçıları mütəfəkkir şair Nizami Gəncəviyə həsr olunmuş “Nizami: daxili aləm” adlı sənədli film çəkiblər. Beynəlxalq Muğam Mərkəzində yeni ekran əsərinin təqdimatı olub.
Məlumat verilib ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) sifarişi ilə istehsal olunmuş filmin çəkilişlərinə 2 ildən çox vaxt sərf edilib və kadrlar 10-dan çox ölkədə canlandırılıb.
Sənədli ekran əsərinin rejissor və icraçı prodüseri Atakan Kerküklüdür. O deyib ki, başlıca məqsəd Prezident İlham Əliyevin 2021-ci ildə imzaladığı sərəncama əsasən Nizami Gəncəvi irsinin beynəlxalq səviyyədə geniş təbliği olub. Ssenari müəllifi Kristina Lin Morelli, prodüserləri Atakan Kerküklü, Abdulkadir Karakelle, operatorları Miya Lusia Keyhli Padcet və Ceremi Stefan Fut, montaj redaktoru Bahəddin Dastan olan yaradıcı heyət böyük şairin fəlsəfi baxışlarını, düşüncə dərinliyini və nadir intellektual zəngin irsini tamaşaçılara çatdırmağı hədəfləyir.
Sonra ekran əsəri nümayiş etdirilib. Filmdə dünyanın müxtəlif qitələrində yaşayan alimlər və Şərq musiqisi ifaçıları Nizami dühasına heyranlıqlarından danışıblar. Əlvan təsvir vasitələri şairin parlaq obrazının yaradıldığı filmi daha da baxımlı edib.
Ekran əsərini tamaşaçılar maraqla qarşılayıblar.
XQ