İlin son kitab sərgisi

post-img

Oxucuların yazıçılarla ünsiyyətdə olması, Azərbaycan milli ədəbiyyatı ilə tanış olması baxımından vacib olan daha bir kitab festivalı reallaşıb.

Bakı İdman Sarayında “Azərbaycan Nəşriyyatçılar Assosiasiyası” İctimai Birliyinin (ANAİB) Mədəniyyət Nazirliyi ilə birgə təşkil edilən festivalın açılış mərasimində qeyd olunub ki, ilin sonuna təsadüf edən I Bakı Kitab Festivalının öz ətrafına xeyli mütaliə həvəskarını toplaması təqdirəlayiqdir.

Əsas şüarı “Yeni ilə yeni kitablarla!” olan 4 günlük festivalda ANAİB üzvləri də daxil olmaqla, 30-dan çox nəşriyyat öz stendi ilə təmsil olunub ki, bu da 10 minlərlə kitabın, onlarla Azərbaycan yazıçısının iştirakı deməkdir. Burada yerli qəzet və jurnallar da öz çap məhsullarını nümayiş etdiriblər.

Açılış mərasimində ANAİB-in Şamil Sadiq salamlama nitqi ilə çıxış edərək kitabla ünsiyyətin vacibliyini diqqətə çatdırıb. O, festivala hazırlıq prosesi barədə danışıb və qonaqlara təşəkkürünü bildirib. Xalq şairi Sabir Rüstəmxanlı, Türkiyə Üsküdar Universitetinin rektoru Nazife Güngör, Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədri, Azərbaycan Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, Milli Məclisin deputatı Fazil Mustafa, Mətbuat Şurasının sədri Rəşad Məcid və Azərbaycanın Əməkdar artisti Rafiq Həşimov çıxışlarında kitab və mütaliənin əhəmiyyətini, cəmiyyətin inkişafındakı rolunu vurğulayıblar.

“I Bakı Kitab Festivalı” isə belə adlansa da, assosiasiyanın keçirdiyi sayca 18-ci kitab bayramıdır. Daha öncə analoji festivallar Gəncə, Sumqayıt, Xırdalan, Lənkəran kimi şəhər və rayonlarında uğurla keçib. Sərgidə əsasən Azərbaycan dilində əsərlər çap edən nəşriyyatlar təmsil olunurdu. Məqsəd buraya daha çox üz tutan məktəbli və tələbələrin, eləcə də digər mütaliə həvəskarlarının bədii ədəbiyyatla daha yaxından tanış olmasını təmin etməkdir. Onu da bildirək ki, satış-sərgidə kitablar onlara 90 faizədək endirimli qiymətlərlə təklif olunub.

Festival çərçivəsində tanınmış yazıçıların əsərlərinin təqdimatları keçirildi, avtoqraf sessiyaları, məşhur şəxslərlə görüşlər, poeziya saatları maraqla qarşılandı. MİMTA Yayımlarının çap etdiyi, Əli bəy Hüseynzadənin seçilmiş yazılarının toplandığı “Nicat məhəbbətdədir” kitabının təqdimatı xüsusilə yaddaqalan oldu. Təqdimat MİMTA Yayımlarının direktoru Əsəd Aslanoğlunun moderatorluğu ilə “Füyuzat” jurnalının baş redaktoru Mübariz Yunusun oxucularla söhbəti maraqlı keçdi.

Oxucuların tanınmış şair Nazim Əhmədlinin “Unutduğum göy üzü” və eləcə də xaricdə nəşr olunmuş kitablarını müəllif avtoqrafı ilə alması da sərginin xarakterik cəhətlərindən idi. Festivalın sonuncu günü yazıçı, filosof-şərqşünas Rövşən Abdullaoğlu ilə görüş və imza saatı isə aktual mövzularda söhbətləri ilə diqqət çəkdi.

Həmçinin sərgi salonunda balaca oxucular üçün əyləncəli tədbirlər, intellektual ustad dərsləri, oxu saatları və səhnəciklər təşkil olundu. Uşaqlar üçün ucadan nağıl oxuma dəqiqələri də bir ilk kimi bəyənildi. Söhbət etdiyimiz gənclər Yeni il ərəfəsində belə bir bayramın keçirilməsini yüksək dəyərləndirdilər.

Bakı Dövlət Universitetinin tələbəsi Nicat Bağışov təəssüratlarını belə ifadə etdi:

– Baxın, möhtəşəm idman sarayı necə gözəl bəzədilib! Bu saray özünün genişliyi və alıcı-satıcı rahatlığının tam təmin olunması ilə seçilir. Buraya gəlib-getmək də asandır, kitab müəllifləri ilə birbaşa təmaslar yaratmaq da xoşdur.

Sumqayıtdakı 25 nömrəli məktəbin 10-cu sinif şagirdi Yağmur Əlizadə isə dedi:

– Mən sərgidən əvvəl Mark Tvenin “Şahzadə və dilənçi” əsərini oxumuş və zövq almışdım. Bu gün isə sevinirəm ki, evə Ekzüperinin “Balaca şahzadə” əsəri ilə gedəcəyəm. Burada səslənən nağılları maraqla dinlədim və bir neçə şəkilli nağıl jurnalı da aldım. Artıq evdə özümün şəxsi kitabxanamı yaradıram.

Bəli, ədəbiyyatın və mütaliə mədəniyyətinin təbliği baxımından önəmli sayılan daha bir kitab bayramı, beləcə, könülləri oxşadı və oxucuların şəxsi kitabxanalarını sərfəli qiymətə alınan dəyərli əsərlərlə daha da zənginləşdirdi.

Ə.DOSTƏLİ
XQ

Mədəniyyət