Türkiyə Suriyaya dinclik arzulayır

post-img

Türkiyənin xarici işlər naziri Hakan Fidan bazar günü Suriyaya səfər edib. Prezident Rəcəb Tayyib Ərdoğanın da tezliklə Dəməşqə gedəcəyi bildirilir. Politoloqların sözlərinə görə, bununla Türkiyə Suriyada əsas oyunçu olmaq əzmini nümayiş etdirir. Ancaq Ankaranın bu istəyinə qarşı çıxan digər xarici aktorlar var. Onlar da Suriyadakı mövqelərini gücləndirməyə çalışırlar. Buna nail olacaqları isə o qədər də inandırıcı görünmür.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyada hakimiyyət dəyişikliyindən sonra Dəməşqə ilk səfəri zamanı Suriyanın yeni lideri Əhməd əl-Şara ilə görüşüb. Dəməşqdə keçirilən görüşdə Türkiyə xarici işlər nazirinin müavini Nuh Yılmaz, Türkiyənin Dəməşqdəki müvəqqəti işlər vəkili Burhan Koroğlu və Suriya Xarici İşlər Nazirliyinin yeni rəhbəri Əsəd Həsən əl-Şibani də iştirak edib. Görüşün əsas mövzusunun Suriyadakı terror ünsürlərinin olduğu bildirilir. Hər iki tərəf həm PKK-nı, həm də İŞİD-i bölgədən tamamilə təmizləməkdə qərarlıdır. Həm Hakan Fidan, həm də əl-Şara terror təşkilatı PKK/YPG-nin varlığına son qoyulmalı olduğunu vurğulayıblar. “Biz ölkədəki bütün silahlara nəzarəti ələ keçirmək istəyirik”, – deyə əl-Şara bildirib. Nazir Fidan da İŞİD-in Suriyaya buraxılmayacağını vurğulayıb. Onun sözlərinə görə, Türkiyə regional sülhə töhfə verəcək təhlükəsiz, azad, firavan Suriyanın yaradılmasına dəstək verəcək.

Xatırladaq ki, ötən həftə nazir Hakan Fidan “France 24” telekanalına müsahibəsində Suriyaya getmək niyyətini açıqlamışdı. O, Ankaranın mərkəzi rolunu saxlamaqla Suriya dövlətinin yenidən qurulması məsələlərini yeni hakimiyyətlə koordinasiya etmək niyyətində olduğunu bildirmişdi. Bundan başqa, Hakan Fidan müsahibəsində Ankaranın Suriyanın şimalında yerləşən kürd hərbi qruplaşmalarına qarşı əməliyyat keçiriləcəyini istisna etməmişdi. “Lazım olan hər şey ediləcək. Suriya Demokratik Qüvvələri (SDQ) Türkiyə, İraq, Suriya və bəziləri Avropadan olan insanların süni şəkildə yaratdığı terror təşkilatıdır. Hesab edirəm ki, dərhal ləğv edilməlidir. İndi Suriyada yeni administrasiya var və ümid edirəm ki, bu məsələni həll edəcəklər. Bu, üstünlük verilən üsuldur, lakin bu baş verməsə, təbii ki, biz öz təhlükəsizliyimizi qorumalı olacağıq”, – deyə türkiyəli nazir xəbərdarlıq etmişdi. Rusiyanın Suriyadakı mövcudluğunu saxlamaq perspektivlərinə gəlincə, Türkiyə XİN rəhbərinin sözlərinə görə, “bu, Suriya xalqının sualıdır və qərar vermək onların öz ixtiyarındadır”.

Nazir Hakan Fidanın səfəri ərəfəsində Suriya Xarici İşlər Nazirliyinin yeni rəhbəri vəzifəsinə 2024-cü ilə qədər Türkiyədə yaşayan Zayed əl-Attar kimi tanınan Əsəd Həsən əl-Şibani təyin edilib. Suriya diplomatik departamentinin rəhbərliyinin Ankaraya yaxın siyasətçiyə təhvil verilməsi Türkiyənin Dəməşqdəki mövqelərini gücləndirmək yolunda daha bir addım olduğu bildirilir. Xatırladaq ki, ötən həftənin sonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya ilə bağlı bir sıra siyasi bəyanatlar vermişdi. Cənab Fidandan qısa müddət sonra Dəməşqə səfər edəcəyinə söz verməklə Türkiyə lideri rəsmi Ankaranın Dəməşqin strateji müttəfiqi və hamisi olduğunu açıq şəkildə ifadə etmişdi. Misir səfərindən sonra vətənə qayıdan qardaş ölkə prezidenti bildirmişdi ki, təcili vəzifə Suriyaya qarşı sanksiyaların ləğvi və onun tezliklə dünya ictimaiyyətinə qaytarılması olmalıdır: “Suriyadakı daxili münaqişələr və illərlə davam edən müharibə şəhərlərin və dövlətin infrastrukturunu məhv edib. Suriya iqtisadiyyatı da çöküb. Əsəd rejiminə görə Suriyaya qoyulan embarqonun və məhdudiyyətlərin aradan qaldırılması ölkənin yenidən qurulması üçün faydalı addım olacaq”. Bundan başqa, Prezident Ərdoğan vurğulamışdı ki, Suriyada fəaliyyət göstərən terror təşkilatlarını zərərsizləşdirməyin vaxtı çatıb.

Lakin Ankaranın Suriyadakı terrorun kökünü kəsmək istəyi ABŞ-də birmənalı qarşılanmır. Ötən həftənin sonunda amerikalı senatorlar Vaşinqtonun yardım etdiyi kürd silahlı qruplaşmalarına qarşı hərbi əməliyyatlara görə Ankaraya qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini təqdim ediblər. ABŞ Konqresinin yuxarı palatasının üzvü Kris Van Hollen Ankaraya təzyiq etmək niyyətində olduğunu açıqlayıb. Konqresmen X sosial şəbəkəsində yazıb: “Türkiyənin dəstəklədiyi qüvvələrin partnyorlarımız olan suriyalı kürdlərə qarşı hücumları regional təhlükəsizliyə və İŞİD-in bərpasının qarşısını almaq səylərinə zərbə vurur. Bununla bağlı amerikalı qanunvericilər öz qanun layihələrində qeyd ediblər ki, Ankara öz səylərini ABŞ ilə əlaqələndirməyə məcbur olacaq”.

Ancaq amerikalı qanunvericilərin təhdidlərinə baxmayaraq, Suriyada hakimiyyət dəyişikliyindən sonra Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu birlikləri Mənbic və Ayn əl-Ərəbdə yerləşən silahlı qruplaşmaların mövqelərinə qarşı hücuma keçib. Öz növbəsində “The Wall Street Journal” qəzetinin yazdığına görə, Türkiyə Suriya ilə sərhəddə qüvvələr toplayır ki, bu da genişmiqyaslı işğala hazırlığın göstəricisi ola bilər. “The Washington Post” qəzeti də iddia edir ki, Əsəd hökumətinin devrilməsindən sonra Türkiyəyönlü qüvvələrlə kürd qüvvələr arasında vətəndaş müharibəsi başlaya bilər. Ancaq Türkiyədə bu ittihamları əsassız hesab edirlər və Ankara Suriyada heç bir terror təşkilatının qalmasına razı olmayacağını diqqətə çatdırır. Bir də ki, ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın komandasında Suriyada amerikalı hərbçilərin qalmasına etiraz edənlərin sayı çoxdur. Məslən, cənab Trampın milli təhlükəsizlik müşaviri Mayk Vals jurnalist Ben Şapiroya müsahibəsində bildirib ki, Amerika qoşunları Suriyada olmamalıdır: “Biz Amerika hərbçilərinin heç bir formada Suriya ətrafında dolaşmasını istəmirik”.

S.ELAY
XQ

Siyasət