Mədəniyyət Nazirliyinin dəstəyi ilə, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı və Bülbül Vokal Məktəbinin təqdimatında 4-cü dəfə Azərbaycan Vokalçıları Festivalı təşkil olunub.
Festival Azərbaycan klassik vokal musiqisinin inkişafı və təbliği, gənc nəsildə yüksək musiqi zövqünün formalaşdırılması məqsədilə keçirilir.
Festivalda Azərbaycan Milli Konservatoriyası tələbələrinin iştirakı ilə “Bülbül irsi” adlı konsert proqramı, “Azərbaycan milli vokalı” adlı elmi seminar keçirilib. Seminarda sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Konservatoriyasının professoru, elmi işlər üzrə prorektor Lalə Hüseynova, Aleksandriya Sultan von Brüseldorff və Əməkdar artist Ramil Qasımov çıxış ediblər.
Həmçinin Bülbül Fondunda Bülbül Vokal Məktəbinin tələbələrindən ibarət konsert proqramı olub. Konsertdə dünya və Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib. Layihə çərçivəsində bir sıra digər tədbirlər – seminarlar, Xalq artisti Şahlar Quliyevin xatirəsinə həsr olunmuş konsert, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Xalq artisti Sevinc İbrahimovanın solo konserti, Kamera musiqisi axşamı, rus bəstəkarlarının ariya və romanslarından ibarət gecə yaddaqalan olub.
Qeyd edək ki, festivalın təntənəli bağlanış mərasimi bu gün Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında olacaq. Tədbir Azərbaycan vokal sənətinin parlaq simalarını bir araya gətirəcək.
XQ