Osmanlı şairinin “Divan”ı

post-img

Bu yaxınlarda “Mustafa Naili - Divan” kitabı “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb. Kitabı tərtib edib nəşrə hazırlayan, ön söz, lüğət, qeyd və izahların müəllifi AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Türkdilli Əlyazmaların tədqiqi şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Lamiyə Rəhimovadır.

Kitabda müəllif XVII əsrin birinci yarısında yaşayıb yaradan Türk-Osmanlı şairi Mustafa Nailinin həyatı və yaradıcılığı haqqında məlumat verir. Şair “Səbki-Hindi” üslubunun əsas nümayəndələrindən biri olduğuna görə, həmin üslubun təhlilinə də yer ayrılmışdır. Səbki-Hindi üslubu dərin fəlsəfi düşüncə, mürəkkəb məcazlar və təsəvvüfi məzmunla seçilir. Üslub Azərbaycan klassik poeziyasına da təsir göstərmiş, dövrün şairləri öz əsərlərində bu üslubun xüsusiyyətlərini nəzərə almışlar.

“Divan”ın üçü şəxsi kitabxanalarda olmaqla, 32 əlyazma nüsxəsi mövcuddur. AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda M-21 şifri altında bir əlyazma nüsxəsi saxlanılır. Bu nüsxə digər nüsxələr arasında ən qədimlərindən hesab edilir. “Divan”ın institutda mühafizə edilən nüsxəsində şairin 376 qəzəli, 4 müsəddəsi, 2 tərkibbəndi, 1 tərcibəndi, 7 rübaisi, 12 qitəsi, 1 təxmisi, 10 şərqisi, 1 müstəzadı, 6 maddeyi-tarixi, 2 ilahisi, 5 müfrədi toplanmışdır.

Lamiyə Rəhimova tədqiqata cəlb olunmayan “Divan”ın bu nüsxəsini nəfis paleoqrafik təqdimatını vermiş, Mustafa Nailinin Haluk İpəktən tərəfindən hazırlanmış elmi-tənqidi mətni ilə də müqayisə etmişdir. Müəllif “Divan”ı transfoneliterasiya edərək nəşrə hazırlamışdır.

Kitabın çapı XVII əsrdə Azərbaycan – Türkiyə ədəbiyyatının qarşılıqlı təsirinin tədqiqi baxımından da əhəmiyyətlidir.

Şəhla XƏLİLLİ,
AMEA Əlyazmalar İnstitutunun əməkdaşı, fəlsəfə doktoru

Mədəniyyət