Kitab mədəniyyətimizin beynəlxalq təqdimatı

post-img

Ölkəmizin fəxri qonaq qismində qoşulduğu 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisində əsl Azərbaycan nəşrləri əhatəli sərgilənir, böyük maraqla qarşılanır. Təntənəli açılış mərasimində, ölkəmizə aid stendin təqdimatında və digər tədbirlərdə təmsilçilərimiz geniş heyətdə iştirak ediblər.

Belə nüfuzlu kitab bayramında “fəxri qonaq ölkə”si kimi ehtimla qarşılanan Azərbaycan nümayəndə heyəti, o cümlədən şair və yazıçılarımız sərginin müxtəlif mövzulu panel müzakirələrində moderator və qonaq kimi yaxından iştirakları ilə seçilirlər. Burada ölkəmizin 25 nəşriyyatının kitabları, ümumilikdə 2 mindən çox nəşr nümunəsi sərgilənir.

Azərbaycan stendində Heydər Əliyev Fondunun mədəniyyətimizlə bağlı nəşrləri, bədii ədəbiyyat nümunələri ön sırada təqdim edilib. Eyni zamanda, yazarlarımızın türk və digər qardaş xalqların dillərində nəşr olunmuş əsərləri maraq doğurur. Türk Mədəniyyəti və İrsi Fondunun nəşrlərinə də Azərbaycan stendində ayrıca guşə ayrılıb. Onu da qeyd edək ki, sərgi çərçivəsində elə bu fondun və TÜRKSOY-un xəttilə ərsəyə gətirilən nəşrlər layiqincə təqdim olunub.

Türkiyə türkcəsində ərsəyə gətirilən “Aşıq Mikayıl Azaflı” şeirlər kitabının təqdimatı hər kəsə unudulmaz təsir bağışlayıb. Bildiyimiz kimi, bu ilin yazında XX əsr Azərbaycan saz və söz sənətinin görkəmli nümayəndəsi Mikayıl Azaflının 100 yaşı tamam olub. Elə həmin yubiley münasibətilə hazırlanan topluda ustadın dillər əzbəri olan şeirləri və sözlərinə yazılan aşıq mahnıları yer alıb. El şairinin bəzi şeirlərinin əlyazmaları və el sənətkarına aid fotoşəkillər də nəşrdə təqdim edilib.

Təqdimat mərasimində çıxış edənlər aşığın həyat və yaradıcılığından danışıb, onun Azərbaycanın saz sənətinin tanınması və inkişafındakı əvəzsiz xidmətlərindən bəhs ediblər. TÜRKSOY-un Baş katibi Sultan Raev bildirib ki, ortaq mədəni irsimizdən biri olan aşıq sənəti bütün dövrlərdə güclü əbədi əsərlər ortaya qoyan böyük şəxsiyyətlər yetişdirib. Bu böyük şəxsiyyətlərdən biri də Azərbaycan türklərinin tanınmış aşığı, Türk dünyasının böyük söz ustadı Aşıq Mikayıl Azaflıdır. TÜRKSOY Aşıq Mikayıl Azaflı sənətini Türkiyədəki sənətsevərlərə tanıtmaq üçün onun seçilmiş şeirlərini Türkiyə türkcəsinə tərcümə edərək yayımlamağı qərara alıb və belə bir möhtəşəm kitab hazırlayıb.

Nəşrdə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının “Sazın-sözün qoca qartalı” başlıqlı məqaləsi və “Ön söz”ün müəllifi - “Azaflı” Sosial Yardım və Mədəniyyət Dərnəyinin sədri Arzuman Azaflının fikirləri yer alıb. Kitabın elmi redaktoru Azərbaycanın TÜRKSOY-dakı daimi nümayəndəsi Elçin Qafarlı, tərtibatçısı Ezgi Orludur. Nəşrdə yer alan şeirləri Türkiyə türkcəsinə Zehra Işık çevirib.

Milli stendimizdə keçirilən yaddaqalan görüşlərdən biri də Türk Mədəniyyəti və İrsi fondun hazırladığı “Səninləyik, Türkiyə” antologiyasının təqdimatı olub. Kitabın tərtibçisi və tərcüməçisi Azərbaycan Yazıçılar Birliyinin katibi, şair Səlim Babullaoğlu çıxışında bildirib ki, ötən il fevralın 6-da Türkiyədə baş vermiş dağıdıcı zəlzələyə həsr olunan antologiya qələm adamlarının öz qardaşları ilə həmdərdlik və həmrəylik nümunəsidir. Bu nəşr layihəsində zəlzələ qurbanları haqqında Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Cümhuriyyətindən olan şairlərin, eləcə də başqırd, çuvaş, uyğur, tatar, qaqauz xalqlarını təmsil edən söz sənətkarlarının poetik əsərləri yer alıb.

Təqdimatda Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovanın mərasim iştirakçılarına ünvanladığı məktubu oxunub. O, şeirlərin müəlliflərinə təşəkkürünü bildirib və Uca Yaradanın bir daha Türk dünyasına bu cür faciələr yaşatmamasını arzulayıb. “Türk Mədəniyyəti və İrsi Fondu olaraq biz də öz növbəmizdə bir daha həmin şüara uyğun olaraq bəyan edirik ki, səninləyik, Türk dünyası!”

Fondun aparat rəhbəri Fəxri Hacıyev bu layihənin əhəmiyyəti barədə geniş məruzə ilə çıxış edərək ərsəyə gətirilən işin tarixi-mənəvi əhəmiyyətindən danışıb. “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan Tarixdə baş verən bənzər fəlakətlər barədə fikirlərini bölüşüb, Əli Bəy Hüseynzadənin 1939-cu ildə Ərzincanda baş verən zəlzələ haqqında yazdığı “Zəlzələ dolayısı” şeirini misal çəkib. Çıxışını belə yekunlaşdırıb ki, azərbaycanlı fikir adamları heç vaxt Türkiyənin dərdlərinə biganə qalmayıb, daim qardaş xalqın kədərini öz kədəri, sevincini öz sevinci kimi hiss ediblər.

Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Fərid Hüseyn zəlzələdə atasını itirən 12 yaşlı Cəmilə adlı qıza həsr etdiyi “Dünyanın ən uzun otuz saatı” adlı şeirinin yaranma tarixçəsindən söz açıb. Şair Qismət Rüstəmov isə “Ədəbiyyat və faciə” mövzusunda məruzə ilə çıxış edib. Bədii qiraətçilər Hüseynağa Aslanov və Jalə Novruz kitabda yer alan şeirlərdən parçalar səsləndiriblər. Sonda Türk Mədəniyyəti və İrsi Fondu adından türkiyəli oxuculara “Səninləyik, Türkiyə” kitabının nüsxələri hədiyyə olunub.

Sərgi çərçivəsində növbəti görüş azərbaycanlı naşir və ədib Şəmil Sadiqlə keçirilib. Görüşdə “Hədəf” nəşriyyatının direktoru, filologiya üzrə fəlsəfə doktoru, Şəmil Sadiqin “OdƏrlər” tarixi-fəlsəfi romanının türkcə nəşrinin təqdimatı reallaşdırılıb. Natiqlər vətənpərvərlik mövzusunda yazılan əsərin bədii məziyyətlərindən danışıblar. Müəllif əsərin yazılma tarixçəsindən danışaraq qeyd edib ki, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun və “İgidliyə görə” medalı ilə təltif edilmiş şəhid baş leytenant Fərid Əhmədovun əziz xatirəsinə ithaf olunan “OdƏrlər” romanı postmodern üslubda yazılan və eyni zamanda, Qarabağ münaqişəsinə həsr olunan ilk irihəcmli nəsr nümunələrindəndir.

Əsəri türk dilinə Ruslan Rəhimov uyğunlaşdırıb.

Həmin gün sərgi çərçivəsində unudulmaz Xalq şairi Vaqif Səmədoğlunun türk dilində çap olunan “Mən burdayam, İlahi” kitabının da təqdimatı təşkil edilib. Tədbirin moderatoru şair Fərid Hüseyn Vaqif Səmədoğlunun yaradıcılığı haqqında söz açaraq onun poeziyasının Azərbaycan müasir şeirinin ən dəyərli nümunələrindən olduğunu deyib. Bildirilib ki, Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə nəşr olunan kitabdakı şeirləri tanınmış şair və ədəbiyyatşünas mərhum Arif Acalov türk dilinə uyğunlaşdırıb. Təqdimatda şairin həyat yoldaşı, nəşrin layihə rəhbəri Nüşabə Babayeva-Vəkilova söz alaraq, kitabın tərcüməsi və nəşrində zəhməti olan hər kəsə təşəkkürünü bildirib.

Azərbaycan stendində yazıçı, Əməkdar jurnalist Yunis Orucovun türk dilində çap olunan “Boraltan” və “Nargin - türkün məzarı” kitablarının imza mərasimi keçirilib.

Kitab bayramının əsas ünvanı olan TÜYAP Sərgi Kompleksində Türkiyə Nəşriyyatları Birliyinin təşkilatçılığı ilə Azərbaycan naşirləri ilə görüş də işgüzar xarakter daşıyıb. Orada iki ölkənin nəşriyyatları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub. Beynəlxalq platformalarda ədəbiyyatlarımızın, kitab sənayelərimizin geniş tanıdılması ilə bağlı sahəsində işbirliyi qurulmasının önəmi vurğulanıb.

Əli ƏLİYEV
XQ

Mədəniyyət