Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı özünün tarixi günlərindən birini yaşayırdı. Əməkdar İncəsənət Xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadənin quruluşunda “İblis və...” tamaşasının premyerası teatrsevərləri bir araya gətirmişdi. Bundan əvvəl tamaşanın qastrol təqdimatı sentyabrın əvvəllərində Sankt-Peterburqda - Aleksandrinski Teatrında keçirilmişdi. Yeri gəlmişkən, bu, Azərbaycan teatr tarixində Aleksandrinski Teatrında premyerası keçirilən ilk tamaşadır.
Hüseyn Cavidin “İblis” faciəsinin motivləri əsasında hazırlanan tamaşanın janrı fəlsəfi dekonsrtruktiv-metadramdır. Qərbdə də, Şərqdə də çox araşdırılan, diqqət çəkən İblis mövzusu Hüseyn Cavid yaradıcılığında Tanrı kоnsepsiyası ilə özünəməхsus çalarda həll edilib. Hüseyn Cavid İnsan, İblis, Tanrı kоnsepsiyasını özünəməхsus formada ortaya qoyur. Onun İnsan, İblis, Tanrı haqqındakı fikirləri yaradıcılığının böyük, daхili qüvvəsi və mahiyyətidir. Bu tamaşa Hüseyn Cavidin “İblis” əsəri əsasında dekonstruksiya da adlana bilər.
Hüseyn Cavid bu əsəri dünyanı təhdid etməkdə olan müharibələr əleyhinə yazıb. İnsanların tarixi faciəsinə ürəkdən acıyan şair bəşəriyyəti qan içində boğan şər qüvvələrə etirazını özünün “İblis” əsərilə bildirir, günahsız axan qanlara səbəb olan müharibələrə birdəfəlik son qoyulmasını istəyib. Buna görədir ki, “İblis” faciəsi öz aktuallığı ilə bu gün də böyük əhəmiyyət kəsb edir.
Mehriban Ələkbərzadənin təfsirində isə biz bir qədər fərqli situasiya ilə tanış oluruq. Səhnədə İblisi və onun varislərini görürük. Ümumiyyətlə, nağıllarımızda, əfsanələrimizdə hadisələrdə iştirak edən divlər, cinlər mövhumi İblisin sələfləridirlər. “İblis” sözünün lüğəti mənasına dair bir sıra mülahizələr mövcuddur. “İblis” sözü öz mənşəyini yunan dilində olan “dia oxos” sözündən alır və bunun da mənası “klevetnik” (iftiraçı, böhtançı) deməkdir. Şərq xalqları ədəbiyyatında iblis, şeytan sözləri Avropa, ocümlədən rus və yunan ədəbiyyatında demon adıyla məşhurdur. Dal, Uşakov, Volin kimi rus lüğətçiləri qədim yunan mifologiyasında kinli ruh, demon olduğunu və xristian mifologiyasına görə “diabolos” (iftiraçı) mənasında işləndiyini qeyd edirlər.
Cavidin yaratdığı İblisin sübut etmək istədiyi fikir budur ki, Allahın yaratdığı insanlar şərin mənbəyidir. Bu fikir “İblis və...” tamaşasında fərqli interpretasiyada təqdim olunur. Tamaşanın başlanğıcında İblis və varisləri tamaşa zalında peyda olurlar və səhnədəki güzgü tamaşaçıları ilğım kimi özündə əks etdirir. Bu, rejissorun uğurlu tapıntısıdır. Cavidin fəlsəfi ideyası bu tamaşada bir az da şaxələnir, İblis əvvəlki məzmunundan daha geniş və dərin mənaya malik surətə çevrilir. O, insanın mənəvi aləminə nüfuz edən, mənfi ehtirasları ifşa edən bir vasitədir. Rejissorun müraciət etdiyi mövzu və onun bədii-estetik realizəsi bir-birini tamamlayır. Ümumiyyətlə, Mehriban xanımın quruluş verdiyi tamaşalar (“Kod adı: VXA”, “Əsrə bərabər gün” və sair) özəl və faciəvi bir zamanın salnaməsi kimi fərqli rakursdan tamaşaçıya təqdim olunur və yaddaşa həkk olunur. Bu, ayrıca bir yazının mövzusudur.
Yeni səhnə əsərinin quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, geyim üzrə rəssamı Vüsal Rəhim, işıq üzrə rəssamı Rafael Həsənov, bəstəkarı Azər Hacıəsgərli, məsləhətçisi Əməkdar mədəniyyət işçisi Azər Turan, rejissor assistentləri Nərmin Həsənova və Ceyran Başarandır.
Tamaşada Əməkdar artistlər Ayşad Məmmədov (İblis), Elnar Qarayev (İblisin varisi-1), Elşən Cəbrayılov (İblisin varisi-2), aktyorlar Murad İsmayıl (Arif), Elsevər Rəhimov (Vasif), Əməkdar artist Vəfa Rzayeva (Rəna), aktyor Elçin Əfəndi (İbn Yəmin), əməkdar artist Elşən Rüstəmov (Elxan), Xalq artisti Kazım Abdullayev (İxtiyar şeyx), aktyorlar Lalə Süleymanova (Xavər), Vüsal Mustafayev (Vasifin dostu), Elçin Nurəliyev (Çavuş, Haydut) və Tural İbrahimov (Kanuni, Haydut) iştirak edirlər.
Ayşad Məmmədov obrazın daxili dramatizmini peşəkarlıqla göstərə bilir, səhnədə İblisə çevrilməyi bacarır. O, Azərbaycan teatr və kinosunda maraqlı obrazlar yaratmış aktyordur və İblis onun potensialının tam açılmasına imkan verir.
Vəfa Rzayevanın Rənası da geniş plastikası, dinamizmi, çılğınlığı ilə tamaşaçıda məmnunluq hissi doğurur. Lalə Süleymanova Xavər obrazının öhdəsindən uğurla gəlir, onun hiss və həyəcanları son dərəcə təbiidir.
Bir az da kəm-kəsirdən danışaq. Murad İsmayılın Arifi bəzi məqamlarda süni təsir bağışlayırdı. Düşünürəm ki, o, bu obrazın üzərində bir qədər də işləsə mükəmməlliyə nail ola bilərdi. Bundan başqa, musiqinin bolluğu, sanki, aktyorların ifasına maneçilik törədirdi. Bu həm də tamaşaçının diqqətini yayındırırdı. Aktyorların səsi zalda çox zəif eşidilirdi. Bu nüansları çıxmaq şərtilə “İblis və...” tamaşası Azərbaycan teatrı üçün əlamətdar bir hadisədir.
Kənan HACI,
yazıçı-publisist