Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzində (AMM) Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin (DDŞU) Azərbaycan dilini öyrənməyə başlayan bir qrup tələbəsinə “Azərbaycanı tanıyaq” mövzusunda açıq dərs keçirilib.
Mərkəz direktorunun müavini Nadir Əlimirzəyev tələbələri salamlayaraq onlara Azərbaycan – Özbəkistan əlaqələrinin inkişafı barədə ətraflı məlumat verib. O, eyni kökə malik olan xalqlarımızın tarixi, mədəniyyəti, ədəbiyyatı, adət-ənənələri haqqında söhbət açıb, əlaqələrimizin qədim dövrlərə gedib çıxdığını və Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan Özbəkistan ilə Azərbaycan arasında əlaqələrin xüsusilə son illərdə durmadan genişləndiyini xüsusi vurğulayıb.
N. Əlimirzəyev həmçinin Azərbaycan ərazisinin 20 faizinin 30 ilə yaxın Ermənistan tərəfindən işğalı, 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz böyük Qələbə haqqında söhbət açıb.
AMM və Azərbaycan Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi (MM) tərəfindən Özbəkistanın Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universiteti (DDPU) və DDŞU-nun arasında 2024-cü ilin mart ayında elan olunmuş “Azərbaycan poeziyasından incilər” adlı qiraət müsabiqəsi barədə də məlumat verilib. Görüşdə iştirak edən MM-nin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Mətanət Xudiyeva qiraət müsabiqəsinin keçirilməsində başlıca məqsədin Azərbaycan – özbək xalqları arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi, həmçinin Azərbaycan dili və ədəbiyyatının beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi işinə töhfə verilməsi olduğunu qeyd edib. O öz çıxışının sonunda iki qardaş xalq arasında dostluq, qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsində gənclərin də xüsusi rolu olacağına əminliyini bildirib.
Müsabiqədə ilk üç yerin qalibləri olmuş Lazizbek Nomozov, Rano Boriboyeva və Feruza Sultanova tədbirin qonağı olub, AMM və MM-nin dəstəyilə Bakıya səfərləri ilə bağlı xoş təəssüratlarını bölüşüblər.
Tələbələr Mədəniyyət Mərkəzində fəaliyyət göstərən Heydər Əliyev Muzeyi, Azərbaycan–Özbəkistan Dostluq Muzeyi, Azərbaycan Dövlətçilik Tarixi Muzeyi , Xalça Muzeyi və sərgi zalını gəzib, orada olan eksponatlarla, hər iki ölkənin tarixi və mədəniyyətini əks etdirən kitablarla, musiqi alətləri, milli geyimlər və s. ilə yaxından tanış olublar. Tələbələrə həmçinin “Azərbaycanı tanıyaq” adlı videoçarx da təqdim edilib.
Xatırladırıq ki, 2023-cü ildən AMM “Azərbaycan dilinin tədrisi və təbliği” layihəsi əsasında DDŞU və DDPU-da Azərbaycan dilinin tədrisinə başlanıb. Bu layihə çərçivəsində hər iki universitetin tələbələri mərkəz tərəfindən təşkil olunan tədbirlərdə iştirak edib, Azərbaycanın tarixi, mədəniyyəti ilə yaxından tanış olublar.
Qulu Kəngərli
XQ-nin xüsusi müxbiri
Daşkənd