Özbəkistanın Cizzak Dövlət Pedaqoji Universitetinin 50 illiyi ilə bağlı “Təhsilin inkişafı strategiyası dəyərlərə əsaslanan tərəqqidır” adlı elmi-praktik konfrans keçirilib.
Konfransda Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, İspaniya, Yeni Zelandiya və bir sıra digər ölkələrin alimləri, Daşkəndin və Özbəkistanın vilayət universitetlərinin professor-müəllim heyəti, bu ali məktəbin alimləri, tələbələr iştirak edib.
Ölkəmizi bu tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova, bu univesitetin Müasir Azərbaycan dili kafedrasının müdiri, dosent Könül Səmədova təmsil ediblər.
Konfransı Cizzak vilayət Dövlət Pedaqoji Universitetinin rektoru, pedaqoji elmlər doktoru, professor Şavkat Şaripov açaraq bu ali məktəbin tarixi haqqında məlumat verib, burada 800-dən artıq professor-müəllim heyətinin çalışdığını bildirib, universitetin ölkədə tanınan elm mərkəzi olduğunu diqqətə çatdırıb, universitetin Özbəkistanın ali məktəbləri arasında layiqli yer tutduğunu vurğulayıb.
Özbəkistan ali təhsil nazirinin birinci müavini Şoxrux Daliyev yubiley münasibəti ilə universitetin kollektivini təbrik edib, ali məktəbin beynəlxalq əlaqələrindən danışıb, yarandığı 50 il ərzində universitetdə on munlərlə tələbənin təhsil aldığını bildirib, onların arasında tanınmış dövlət xadimləri, alimlər, yazıçılar, şairlərin olduğunu diqqətə çatdırıb.
Sonra ABŞ-ın Pensilvaniya Universitetinin professoru Sureş Canaqarajah, Böyük Britaniyanın Oksford Universitetinin professoru Heath Rose, Yeni Zelandiyanın Auklend Universitetinin professoru Gary Barkhuizen və başqaları çıxış edərək univesitetin fəaliyyətinə yüksək qiymət veriblər.
Mahirə Hüseynova çıxışının əvvəlində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qafqazın ən qədim ali pedaqoji kollektivi olduğunu deyib, ADPU-nin rektoru, professor Cəfər Cəfərovun səmimi salamlarını və təbriklərini çatdırıb. Məruzəçi bildirib ki, Cizzax Dövlət Pedaqoji Universiteti fəaliyyətdə olduğu yarıməsrlik müddətdə ancaq Özbəkistanda deyil, onun sərhədlərindən uzaqlarda da şərəfli müəllim adını yüksəldən on minlərlə müəllim yetişdirib.
O, Azərbaycan və özbək xalqlarının dostluğu və qardaşlığından danışaraq deyib:- Mən iki xalqın folklorunda və yazılı ədəbiyyatında mövcud üzvi yaxınlığı yaradan amillərdən bəzi nümunələr göstərmək istərdirm. Hələ orta əsrlərdən bəri böyük Nizami və Əlişir Nəvai, Məhəmməd Füzuli və Zəhirəddin Məhəmməd Babur, Nəsimi və Munis Xarəzmi, həmçinin digərlərinin yaradıcılığında bu yaxınlıq qabarıqdır. Bu qabarıqlıq ancaq mövzu və ideya deyil, həm də janr eynilikləri ilə də diqqəti çəkir.
M.Hüseynova daha sonra vurğulayıb ki, Ermənistan silahlı qüvvələrinin 30 ilə yaxın işğalda saxladığı ərazilərimizdən biri olan Füzuli şəhərinin bərpası zamanı burada ilk ümumtəhsil məktəbi binasının məhz qardaş Özbəkistan dövlətinin tikərək hədiyyə etməsinin böyük rəmzi mənası var.
Bildirilib ki, bu ilin yayında Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı mətbuata bəyanatında qardaş ölkə Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidentini belə təqdim edib: “Böyük məmnuniyyətlə qeyd etmək istəyirəm ki, Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri çoxəsrlik dostluq münasibətlərimizin inkişafında tarixi hadisədir. Bu gün imzalanan Müqavilə dövlətlərarası qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsində yeni fəslin başlanması ilə əlamətdardır. Biz bununla çoxplanlı tərəfdaşlığın hərtərəfli inkişafı kursuna möhkəm sadiqliyimizi təsdiq etdik”.
Həmin mətbuat konfransında Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər kontekst genişliyi ilə diqqətçəkicidir: “Biz bu gün Daşkənddə münasibətlərimizin yeni fəslini deyil, kitabını yazırıq. Əminəm ki, üzərimizdə dolaşan və bununla bağlı bizə xeyir-dua verən əcdadlarımızın ruhları şad olacaq”.
Tədbirdə Cizzaq Dövlət Pedaqoji Universitetinin 50 illiyi ilə əlaqədar Mahirə Hüseynovaya bu ali məktəbin fəxri professoru adı verilməsi ilə bağlı diplom təqdim edilib.
Sonra konfrans bölmələr üzrə davam edib. Bölmə sessiyalarında Könül Səmədova da çıxış edib.
K.Səmədova Azərbaycanda təhsilin inkişafı ilə bağlı Avropa təhsil sisteminin təcrübəsinin öyrənilməsi, onun Azərbaycanın ali təhsil ocaqlarında özümüzə uyğun formada tətbiqi, Türk dünyasının təhsil sistemində öncül təcrübənin öyrənilib yayılması, hər bir türk dövlətinin öz milliliyini saxlamaqla yeni innovativ təcrübələrdən istifadəni önə çəkməsi məsələlərinə aydınlıq gətirib.
Sonra qarşılıqlı olaraq hədiyyələr təqdim edilib.
Qulu Kəngərli
XQ-nin xüsusi müxbiri
Cuzzak