Milli kinomuzun dünənini yaşadan Film Fondu

post-img

“Bu kino ki var, çox qəliz məsələdir. Həm qəlizdir, həm də ki, vacib...” Kinodan danışarkən, hər dəfə gözümün önününə “Bəyin oğurlanması” filmində ölməz sənətkarımız Səməndər Rzayevin yaratdığı bu səhnə gəlir. Azərbaycan kinosu daim inkişafda olub. Cığırları yola çevirən milli kinomuz ötən 126 ildə bir-birindən maraqlı filmlərlə zənginləşib, bir neçə sənətkar nəsli qəlblərdə əbədi məskan qurub. 

Yolumuzu bu dəfə filmlərimizin sax­lanc ünvanı sayılan Dövlət Film Fondun­dan saldıq. Milli kinolarımız burada göz bəbəyi kimi qorunub saxlanır. Fondun 1-ci mərtəbəsində bizi qurumun şöbə müdiri Rəşad Qasımov qarşıladı. Öyrəndik ki, ki­nematoqrafiyamızın “qızl dövrü” sayılan 1970–80-ci illərdə 110 bədii, 500 sənədli və 44 cizgi filmi çəkilib. Onlardan bir qis­mi ara-sıra mavi ekranlarda göstərilsə də, bu sənət incilərinin bir çoxu unudulub. Yaxşı ki, həm sovet dönəmində, həm də müstəqillik illərində ekranlaşdırılan kino­larımız burada etibarlı qorunur. 

Rəşad Qasımov əvvəlcə Dövlət Film Fondunun yaradılması tarixi barədə sualımızı cavablandırdı: 

– Sovet dönəmində Azərbaycanda istehsal olunan filmlər birbaşa Moskva­nın sifarişi ilə çəkilirdi və orada da qəbul edilirdi. O vaxt ölkəmizdə ekranlaşdırılan filmlərin qorunub saxlanılması üçün arxiv təşkilatı yox idi. Dövrün tələblərinə görə buna ehtiyac duyulmurdu. Çünki senzura­dan keçməyən filmlər geri qaytarılmırdı, Rusiya Film Fondunda və dövlət arxivində saxlanılırdı. Azərbaycan müstəqillik əldə edəndən sonra ölkəmizdə filmlərin qoru­nub saxlanılması üçün arxiv təşkilatının yaradılması zərurəti yarandı. Odur ki, bu barədə Azərbaycan Respublikasının Nazir­lər Kabinetinin 22 dekabr 1993-cü il tarixli qərarı verildi və rəsmi olaraq Dövlət Film Fondu yaradıldı. 

Fond ilk dəfə 1994-cü ildən keçmiş “Qələbə” kinoteatrının binasında fəaliy­yətə başlayıb. Azərbaycanda kino proka­tında istifadə olunmuş filmlər bir yerə top­lanılıb, Dövlət Film Fondunun kinoarxiv bazasının əsası təşkil edilib. Sonralar özəl şəxsi arxivlərdə, kinoteatrlarda olan yeni çəkilən filmlər əsasında baza genişlən­dirildi. O vaxtlar mövcud şərait yararsız olduğuna görə, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə müasir tələblərə və standartlara uyğun, texnoloji avadanlıq­larla təchiz edilmiş yeni bina inşa olundu. Fond 2009-cu ildən fəaliyyətini yeni bina­da davam etdirir.

Sonra şöbə müdiri ilə söhbətimizi ki­nolentlərin saxlanıldığı otaqda davam etdirdik. Burada filmlər adları ilə deyil, xüsusi kodlarla qorunur. Kinolentlərin sax­lanıldığına görə otağın temperaturu bir qə­dər soyuq idi. İçəridə bakteriyaları öldürən lampalar quraşdırılıb. Bu otaqda rütubəti götürmək üçün avadanlıq və otaq tempera­turunu tənzimləyən kondisioner var. Bina­nın bütün mərtəbələrində kino istehsalında istifadə edilməyən texnika eksponat kimi sərgilənir. Köhnə kinoproyektorlar, aktyor­ların filmlərdə geyindiyi əlbisələrin asıldı­ğı maketlər məxsusi bir mənzərə yaradır. 

Rəşad Qasımov fondun fəaliyyət istiqamətlərindən də söz açdı:

– Dövlət Film Fondu öz işini 5 is­tiqamətdə qurub. Buraya filmlərin bərpası və qorunması, kino sənətinin təbliği, arxiv materiallarının toplanması, elmi-tədqiqat və araşdırma aparılması, beynəlxalq əlaqələr daxildir. Fondda 70 min saxlan­ma vahidindən artıq kinomaterial qorunur. Burada kinolentdə olan filmlər, ədəbi və rejissor ssenariləri, foto və digər materi­allar saxlanılır. Kinematoqrafçıların şəxsi arxivləri, filmlərin sonradan əldə edilmiş nüsxələri saxlama vahidləridir. Fondun arxivində kino sənətkarlarının əlyazmaları, filmlərin istehsalına aid sənəd və material­lar, montaj vərəqələri, diplom və mükafat­lar da mühafizə olunur.

Burada qorunan ən qədim film 1923-cü ildə çəkilmiş “Qız qalası”dır. Azərbaycan kinosunun tarxi başlanğıcı sayılan 1898-ci ildə çəkilmiş “Balaxanıda neft fontanı” filminin xronikal kadrlarının nüsxələri də qorunan nadir materiallardandır. Bu film Fransa sinematekasından götürülərək, rəqəmsal daşıyıcılarda ölkəmizə gətiri­lib. Köhnə lentlər kimyəvi tərkibinə görə xüsusi şəraitdə qorunur. Çünki kinolent­lər tərkib etibarilə həssas olur. Rütubət və temperatur rejimi xüsusi hazırlanamış bokslar vasitəsilə tənzim olunur. Fondda 18 belə boks var. Mühafizə bazasında sax­lanılan kinolentlər daimi baxışdan keçirilir, tənzimlənmə və bərpa işi aparılır. 

Uzun illərdən bəri burada çalışan mütəxəssis Sevda Ələkbərova işin bəzi incəliklərini açıqladı:

– Kinolentlərə bəzən kadrlar düz ya­pışdırılmır. Biz həmin kadrları bərpa edi­rik. Lentlərin “diş”ləri qırıq olur, onları da əvvəlki vəziyyətinə qaytarırıq. Filmi yox­ladıqdan sonra, onun qüsur kağızına met­rajları yazırıq. Elə filmlər də var ki, lentin­də yağ ləkələri olur. O da xüsusi maşınla yuyulur və əvvəlki vəziyyətinə qayıdır. 

Fondun baş mütəxəssisi Nailə Bünya­tova isə montaj masasında filmlərin səslə­rini yoxlayır. O dedi ki, masanın üzərində olan müasir texnika vasitəsilə filmlərin həm səsini yoxlayır, həm də rənginə diqqət yetirirlər. Filmlərin tarixi də daxil olmaqla, hansı kinostudiyada çəkilməsinə qədər hər bir incəlik yoxlanır. Digər baş mütəxəssis Nəsir Ağayev lentin zədələnmiş hissələrini bərpa edir. O da gördüyü iş barədə bizə həvəslə bilgi verdi. Öyrəndik ki, otaqda filmlərin rəng çalarlarını daha da yaxşılaş­dırmaq üçün hər cür avadanlıq var. Köhnə filmlərin əksəriyyəti bir vaxtlar yaxşı şəra­itdə saxlanılmadığı üçün rəng solğunluğu yaranıb. O filmlərin hər birinə bu otaqda yeni həyat verilir. 

Kinomexanik Mikayıl İsmayılov isə köhnə filmlərin bərpası ilə məşğul olur:

– Çəkiliş tarixi 70-ci illərə aid olan lentlərlə işləmək həddən artıq diqqət tələb edir. Kinolentlər həssas olduğu üçün bəzən əldə qırılır. Təcrübəmdə belə hallarla bir neçə dəfə qarşılaşmışam. Yeni filmlər bir az möhkəm olur. Köhnə filmlər 350–400, yeniləri isə 1000 seansa qədər davamlıdır.

Fondun muzeyinə də baş çəkdik. Şöbə müdiri buradakı eksponatları təq­dim etdi:

– Bunlar hələ fonda verilənlərin bir qismidir. Sərgiləyirik ki, gələn qonaqlara da göstərək. Burada şüşə lövhələrin arxa­sında gördüyünüz “Sehrli xalat” filmində istifadə edilmiş xalatdır. Azərbaycanın ilk səssiz filmlərini çəkən 1910-cu ilə aid “Debri” kamerası, Leyla Bədirbəylinin, Xan Babayevin, Qəmər Salamzadənin ev­lərindən götürülmüş əşyalar da muzeydə yer alıb. İlk cizgi filmində istifadə olunan kuklalar da buradadır. Saxlanan ən maraqlı eksponat isə tardır. Rejissor Səməd Mərda­novun çəkdiyi Azərbaycanın ilk səsli filmi “Mavi dənizin sahilində”nin yadigarıdır. Muzeydə bir neçə filmimizə verilmiş mü­kafatlar da sərgilənir. Bir başqa eksponat isə “Dia filmdir”. Cihazdan sovet dönə­mində orta məktəblərdə uşaqlara müxtəlif şəkilləri izah etmək üçün istifadə olunub. O, indiki proyektorlardan fərqli olaraq vi­deo deyil, foto göstərir. Bir otaq da var ki, burada müxtəlif dövrlərdə çəkilmiş kinola­rın orijinal afişasını görmək mümkündür. 

Sonda onu da öyrəndik ki, kino təbliği də Dövlət Film Fondunun əsas fəaliyyət istiqamətlərindəndir. Burada bir çox kino xadimlərinin yaradıclıq gecələri və yubiley­ləri təşkil olunur. Hər il dövlət sifarişi ilə ekranlaşdırılan filmlər fonda təhvil verilir... 

Dövlət Film Fondu ilə tanışlıq göstər­di ki, bu xəzinə kinomuzla bağlı nə varsa, hamsının saxlancıdır. 

Ceyhun ALIŞLI
XQ









Mədəniyyət