Milli-mənəvi dəyərlərimizin güzgüsü

post-img

105 yaşını qeyd edən gündəlik ictimai-siyasi qəzet kimi tanıdığımız “Xalq qəzeti” mürəkkəb və mübarizələrlə dolu tarixi dövrlərdən keçərək milli mətbuatımızın inkişafında böyük rol oynamışdır.

Azərbaycanın böyük ziyalı­ları və tanınmış xadimləri, təc­rübəli qələm sahibləri, görkəmli fırça ustaları, bir sözlə, yüzlərlə görkəmli şəxsiyyətimiz tele­viziyanın, elektron medianın olmadığı bir dövrdə əsasən bu qəzetin vasitəsilə geniş oxucu auditoriyasında tanınmış və sevilmişlər. Üzeyir Hacıbəyli, Cəfər Cabbarlı, Məmməd Səid Ordubadi, Səməd Vurğun, Mir­zə İbrahimov, Mir Cəlal, Səttar Bəhlulzadə, Mikayıl Abdul­layev, Qara Qarayev, Tofiq Quliyev, Xan Şuşinski, Rəşid Behbudov, Adil İsgən­dərov, Həsən Seyidbəyli, Nəsibə Zeynalova, İsmayıl Şıxlı kimi onlarla görkəmli sənətkar fəaliyyət sahələrində ucalsalar da, “Xalq qəzeti”nin səhifələrində popul­yarlaşmışlar.

Ölkəmizdən kənarda da tanınan qəzet ötən onilliklərdə xalqımızın ictimai-siya­si, mədəni həyatının güzgüsü olmuşdur. Qəzetin daim mədəniyyətimizin müxtəlif problemlərinə geniş yer ayırması, milli incəsənətimizin önəmli bir qolu olan kino yaradıcılığını ardıcıl izləməsi, onun uğur və problemlərini gündəmdə saxlaması kinematoqrafçılarımızda böyük məmnunluq yaradır. İlk filmlərimizin ərsəyə gəl­məsindən “Arşın mal alan” kimi dünya ekranını fəth edən sənət şedevrinin ya­ranmasınadək bu qəzet kinomuzun inkişafına daim ayna tutmuşdur. 1946-cı ildə qəzetdə “Arşın mal alan” filminə görə Üzeyir Hacıbəyliyə, Rza Təhmasibə, Rəşid Behbudova, Leyla Bədirbəyliyə, Ələkbər Hüseynzadəyə, Lütfəli Abdullayevə və Münəvvər Kələntərliyə Dövlət mükafatı verilməsi “Xalq qəzeti”nin səhifələrində qiymətli xronikaya çevrilmişdir. Milli kinomuza belə həssaslıq bugünədək yüksək səviyyədə davam edir.

SSRİ dağıldıqdan sonra müstəqilliyin ilk illərində ölkəmizdə cərəyan edən mürəkkəb hadisələrlə bağlı yaranmış ağır ictimai-siyasi şəraitdə “Xalq qəzeti” öz simasını və mövqeyini qoruyub saxlaya bilmiş, Azərbaycanda demokratik dövlət quruculuğu, cəmiyyət həyatının bütün sahələrini əhatə edən geniş islahatlar pro­sesinin informasiya təminatında fəal rol oynamışdır. İnanırıq ki, 105 ildən bəri xalqımıza özünün yüksək ictimai məzmunlu, işıqlı sözü ilə xidmət göstərən, mil­li-mənəvi dəyərləri uca tutan “Xalq qəzeti” bundan sonra da Azərbaycan dövləti­nin və xalqının taleyüklü məsələlərini yüksək peşəkarlıqla işıqlandıracaq.

“Xalq qəzeti”nin yaradıcı kollektivini fəaliyyətinin ikinci yüzilliyinin ilk yubi­leyi münasibətilə kinematoqrafçılar adından səmimi təbrik edir, redaksiyaya xalqın qəzeti olmaq şərəfindən daim güc almağı arzulayıram!

Rasim BALAYEV,
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti

Sosial həyat