105 ilin misilsiz söz saxlancı

post-img

Bu gün ölkənin aparıcı mətbu nəşrlərindən olan “Xalq qəzeti”nin 105 yaşı tamam olur. Bu tarixin 72 ilini “Kommunist” adı ilə çıxmış rəsmi-ideoloji qəzet uzun illər ölkə həyatının, xüsusən milli mədəniyyətin də güzgüsü olub. 

Bir əsrdən uzun müddətdə ümummilli söz tribunası rolu oynayan bu qəzetin 105 yaşının tamam olması təkcə bir re­daksiya kollektivinin, milli mətbuatımızın deyil, bütövlükdə, xalqımızın həyatında, ictimai fikir və mədəni tərəqqi tariximiz­də əlamətdar hadisədir. Sovet dövrünün yeganə gündəlik ana­dilli nəşri dövlət müstəqilliyimizin astanasında xalqa xidmət məramını üstün mövqeyə qaldıraraq, sonrakı 33 ildə fəaliyyə­tini “Xalq qəzeti” adı altında uğurla davam etdirməkdədir. 

Ötən əsrin sonlarında xalq hərəkatı baş qaldıranda qəzet “Topxana harayı” yazısı və “Meydan epopeyası” günlərində sərgilədiyi cəsarətli mövqeyi ilə xalqın tərəfində dayandığını göstərdi. Həmin dövrdən “Kommunist” qəzeti sürətlə “Xalq qəzeti”nə çevrilməyə başladı. İndiki ümumxalq sevgisi və ümumdövlət etimadı “Xalq qəzeti”nin qazandığı ən böyük dəyər və fəaliyyətinə verilən ən böyük qiymətdir. 

Bütun bu qeyd edilənlər bir daha sübut edir ki, “Xalq qə­zeti” xalqımızın taleyində və yaddaşında dərin, silinməz izlər qoymuş, zamanın sınağından üzüağ çıxmış milli mətbuat va­sitəsi, ötən 105 ilin sistemli söz saxlancıdır. Bu dərin və sağ­lam əsaslar qəzeti növbəti əsrin onilliklərinə inamla aparacaq. “Xalq qəzeti” bu gün Azərbaycan şəraitində öz funksiyasını yerinə yetirən ən yaxşı və informativ qəzetlərdən biridir.

Yubiley münasibətilə redaktor Əflatun Amaşov başda ol­maqla qəzetin kollektivini təbrik edir, oradakı vicdanlı qələm sahiblərinə uğurlar arzulayıram!

Qulu MƏHƏRRƏMLİ,
BDU-nun professoru

Sosial həyat