Xalqın qəzeti olmaq səlahiyyəti

post-img

Bugünlərdə 105 illik yubileyini xalq hesabat formatı və keçilmiş şərəfli yoldan qaynaqlanan öyünc hissi ilə qeyd edən “Xalq qəzeti” kollektivinin yaşadığı duyğu-düşüncələr Azərbaycan cəmiyyəti üçün də önəmlidir.

Ötən 105 ildə xalqa sözlə xidmət etmək, milli maraqla­rın ifadəçisi olmaq məfkurə­sinə sadiq qalan “Xalq qəzeti” Azərbaycanın ictimai-siyasi, elmi-mədəni həyatına misil­siz töhfələr vermişdir. 70 illik kommunist rejimi şəraitində xalqımızın köklü maraqları­na sadiqlik, iqtisadi inkişafa, mədəni tərəqqiyə xidmət bu qəzetə müstəqillik şəraitində də fəaliyyətini davam etdirmək səlahiyyəti qazandırmışdır.

Həyatımızın müxtəlif sahələrində qazanılan uğur­lardan, ölkəmizin mədəni in­kişafından, istedadlı soydaşlarımızın yaradıcılığından bəhs edən yazılar oxuculara Azərbaycanımızı sevdirmiş, xüsusilə gənc nəslə milli ruh, vətənpərvərlik hissi aşılamışdır. Sovet dövründə kosmopolit sferalarda milli varlığımıza, ana dilimizə etinasız, məsuliyyətsiz münasibət hökm sürsə də, “Xalq qəzeti” milli-mənəvi dəyərlərimizi uca tutmuş, xalqı müstəqillik epoxasına hazırlamışdır

Qəzet bu ənənəsinə sadiq qalaraq bu gün də milli kimliyimizi yad tə­sirlərdən qoruyur, yurd sevgisinə çıraq tutur. “Xalq qəzeti”ni digər mətbu orqanlardan fərqləndirən bir cəhət də səhifələrində ədəbi dil normalarına düzgün riayət etməsidir.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Pezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilən müstəqilliyin möhkəm­ləndirilməsi və hərtərəfli inkişaf siyasətinin Azərbaycana qazandırdığı tarixi nailiyyətlərə göstərdiyi geniş informasiya dəstəyi “Xalq qəzeti”nin avanqard nəşr olmaq missiyasını mötəbər səviyyəyə qaldırmışdır. Kollek­tiv bu məramla ölkəmizin tarixi uğurlarına ardıcıl və sistemli şəkildə ayna tutmuşdur. Regionun lider dövlətinə çevrilmiş ölkəmizin nailiyyətləri qə­zetin səhifələrində əzəmətli salnaməyə çevrilir.

Bakı Slavyan Universitetinin professor-müəllim heyəti və tələbələri də sevimli qəzetimizin 105 illik yubileyini milli mediamızın tarixində önəmli bir hadisə kimi qeyd edir. Əsr yarımlıq mətbuat tariximizdə 105 il davamlı fəaliyyət yalnız “Xalq qəzeti”nə nəsib olub. Bu şanlı hadisə münasibətilə qəzetin kollektivini təbrik edir, redaksiyaya yeni yaradıcılıq uğurları arzu edirik.

Anar NAĞIYEV,
Bakı Slavyan Universitetinin rektoru

Sosial həyat